
Xəbər verdiyimiz kimi, Hindistanın Uttar Pradeş ştatıda dini mərasim zamanı yaranan izdiham xeyli sayda insanın ölümünə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, yerli polisin jurnalistlərə verdiyi məlumata əsasən, artıq ölənlərin sayı 121-ə çatıb, 28 nəfər isə yaralanıb.
Qeyd olunur ki, çərşənbə axşamı dini vaiz Bhole Baba ilə görüşə 50 mindən çox insan gəlib. İzdiham Baba mərasimi tərk edərkən başlayıb. Belə ki, insanlar ehtiram əlaməti olaraq ayaqlarına toxunmaq üçün onun arxasınca qaçmağa başlayıblar və bu zaman çoxu yerə yıxılıb. Vaizin mühafizəçiləri onun avtomobili uzaqlaşana qədər hadisə yerindən çıxışı bağlayıblar. Bu müddət ərzində yerə yıxılan insanlar izdiham tərəfindən əzilib.
Bildirilir ki, hadisə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Hadisənin təşkilatçılarına qarşı iş açılıb. Polis fövqəladə vəziyyətdən sonra yoxa çıxan Bhole Babanı axtarır. Artıq ona məxsus xeyriyyə fondunun ofisində və evində axtarış aparılıb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların və yaralananların ailələrinə təzminat ödəniləcəyini açıqlayıb.