
Xəbər verdiyimiz kimi, “Əl-Şəbab” qruplaşmasının üzvləri Somalidə BMT-nin helikopterinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Garowe” portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hücumda 1 nəfər öldürülüb, 6 nəfər girov götürülüb.
Portalın məlumatına görə, hücum helikopterin təcili eniş etdiyi Qalmuduq əyalətinin Hindire qəsəbəsində baş verib. Müxtəlif mənbələrə görə, təyyarədə səkkiz-doqquz nəfər, o cümlədən somalililər və vətəndaşlığı açıqlanmayan əcnəbilər olub.
“The Wall Street Journal” (WSJ) qəzeti isə Somali hərbçilərinə istinadən “Əl-Şəbab” qruplaşmasının üzvlərinin misirli həkimi öldürdüklərini xəbər verib. Qəzet onu da xəbər verib ki, Somali hökumət qüvvələri artıq Qalmuduq əyalətindəki hadisə yerinə gəliblər. WSJ-nin istinad etdiyi Somali ordusunun məlumatına görə, göyərtədə olan doqquz nəfər arasında iki keniyalı həkim, bir uqandalı əsgər və bir somalili zabit də olub.
Digər tərəfdən, “The Washington Post” qəzeti Moqadişudakı mənbələrə istinadən “Əş-Şəbab” yaraqlılarının helikopteri yandırdığını və naməlum sayda ekipaj üzvünü əsir götürdüyünü bildirib.
BMT hələlik hadisə ilə bağlı şərh verməyib.
Qeyd edək ki, BMT-nin helikopterləri Somalidəki Afrika İttifaqı sülhməramlılarına “Əl-Şəbab”la mübarizədə köməklik göstərir.