
Bu yaxınlarda “Əbu Ləhəbin İslam Peyğəmbərinə (s.ə.s.) müxalifəti”, “Düşmənlikdə hədd tanımayan insan – Əbu Ləhəb”, və “Kor inadın qurbanı bir qadın – Ümmü Cəmil” başlıqlı yazılar qələmə aldım. Bütün bunlarla yanaşı “Məsəd” surəsinin hidayətinə vəsilə olduğu Qari Millerdən də bəhs etmədən mövzudan ayrılmaq doğru olmazdı. Bu yazıda Əbu Ləhəbdən bəhs olunan “Məsəd” surəsinin müsəlman olmasına səbəb olan əslən kanadalı alim Qari Millerdən, bu vəsilə ilə də son olaraq onun baxış açısı ilə “Məsəd” surəsindən danışacağıq. Görəsən, riyaziyyatçı alim bu surədə hansı məqamları yaxalamışdı ki, bu da onun hidayət yolçuluğunda mühüm addımlardan biri olmuşdu?
Kanadalı riyaziyyatçı alim Qari Miller (İslamı qəbul etməzdən əvvəl) tez-tez müxtəlif xristian təriqətlərindən olan kilsə xadimlərinə məktublar yazır, onlardan İncildəki müəyyən bölmələrin izahı haqqında nə düşündüklərini soruşur və çətin arqumentlər irəli sürürdü. Təxminən 1977-ci ildə Qari Miller ilk dəfə istiqamətini Qurana yönəltdi və eyni şəkildə Quranı da bənzər arqumentlərlə sınamaq istədi. Beləcə o, həyatının bir dövrünü əhatə edən missionerlik illərində müsəlmanları xristianlığa dəvət edərkən istifadə edə biləcəyi səhvləri, məntiqi tutarsızlıqları tapmaq üçün Quranı dərindən oxumağa başladı. Həyatının bir dövründə xristian missioneri olaraq çalışsa da, əsas ixtisas sahəsi riyaziyyat və məntiq olan Qari Miller Quran araşdırmalarında qarşılaşdığı mənzərəyə çox heyrətləndi.
O, Qurani-Kərimi oxuduqca burada axtardığı məntiqi tutarsızlıqları, “bəşər kəlamı” olmaqdan irəli gələn xətaları tapa bilmədi. Əksinə, Nisa (Qadınlar) surəsinin 82-ci ayəsini oxuyanda sanki şoka düşdü. Həmin ayədə insanlar hər nə qədər bu kitabda səhv tapmağa çalışsalar da, heç vaxt bunu əldə edə bilməyəcəkləri xəbər verilir. Ayə belədir: “Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar” (Nisa, 4/82). Qari Miller bu ayə haqqında belə deyir: “Məşhur elmi prinsiplərdən biri nəzəriyyənin doğru olduğu sübuta yetirilənə qədər səhv tapmaq və ya səhv axtarmaq prinsipidir (saxtalaşdırma testi). Dünyada heç bir yazıçının cəsarəti çatmaz ki, kitab yazıb onun xətasız olduğunu desin. Ancaq Quranda burada yazılanların səhvsiz olduğu söylənir və insanların Quranda hər hansı səhv tapa bilməyəcəkləri vurğulanır.
Qari Miller, Quranda Həzrət Xədicənin (r.anha) vəfatı haqqında hekayələr tapacağını zənn etmişdi. Çünki həyat yoldaşının vəfatı ilə əlaqədar Həzrət Peyğəmbərimiz (s.ə.s.) çətin günlər keçirmişdi. Miller o məntiqlə məsələyə baxırdı ki, Quran bir bəşər kitabıdırsa, orada mütləq kitabın “müəllifini” dərin hüznə qərq edən həyat yoldaşının ölümü ilə bağlı nə isə olmalı idi. Anacq o bu barədə heç nə tapmadı. Həmçinin, Həzrət Məhəmmədin (s.ə.s.) oğul və qızlarının ölümü ilə bağlı da Quranda heç nə tapmadı. Qari Milleri daha da heyrətləndirən Quranda “Məryəm” adlı müstəqil bir surənin olması idi. Bununla yanaşı, Qari Miller axtarsa da, Quranda Həzrət Peyğəmbərimizin (s.ə.s.) qızı “Fatimə” və Həzrət Peyğəmbərimizin (s.ə.s.) xanımı “Aişə” adında bir surə tapmadı. Qari Miller bu müşahidələrində onu vurğulayır ki, əgər Quranın müəllifi haşa bir bəşərdirsə, o zaman orada “Fatimə” və ya “Aişə” adlı surələrin olması, ya da birbaşa onlardan ad çəkərək bəhs edilməsi lazım idi. Halbuki Quranda Həzrət Məhəmmədin (s.ə.s.) qızı və xanımı kimi ən yaxınlarından deyil, başqa bir qadından, “Məryəm”dən dəfələrlə bəhs olunurdu. Həmçinin, Qari Milleri heyrətləndirən başqa bir məqam Quranda Həzrət İsanın (ə.s.) adının Quranda 25 dəfə, “Məhəmməd” (s.ə.s.) adının isə cəmi 4 dəfə zikr edilməsi idi.
Qari Millerin Quranla bağlı verdiyi konfransları dinləyəndə şahid oluruq ki, onun bu həssas yanaşması, təkcə “Məsəd” surəsinə (Əbu Ləhəbdən bəhs edən surə) xas deyil. O, bir alim və professor olaraq Quranın bütün ayələrinə elə hidayətinə səbəb olduğu “Məsəd” surəsi kimi həssas yanaşır. Yəqin ki, onun bu obyektiv və qərəzdən uzaq bir üslubla Quran ayələrini araşdırıb təhlillər aparması onun İslama meylini artırmış, nəticə olaraq alim kimliyi ilə yanaşı bir müsəlman olaraq da Quran haqqında konfranslar verməyə başlamışdır. Qızılın həqiqi dəyərini sərraflar bildiyi kimi ilahi kəlam olan Quranın həqiqi dəyərini də alimlər, həyatını, ömrünü Quran elmlərinə həsr edənlər bilə bilər. Qari Milleri də bu kimi alimlər zümrəsinə aid etmək olar.
Qari Miller qeyd edir ki, əgər bir xristian missionerinə, yaxud qeyri-müsəlmana: “Quranın əsl qaynağı nədir, Quran öz mənbəyini haradan alır?” deyə soruşsanız, sizə belə cavab verəcəklər: “Bu, bir dəli adamın (haşa) uydurduğu və öz başından yazdığı bir şeydir”. Ondan soruşsanız: “Qurandakı bu qədər məlumat dəli bir adamın başından çıxıbsa, bu adam bu qədər məlumatı haradan əldə edib?”. Çünki Quranda heç bir ərəbin o günün şərtləri ilə əldə edə bilməyəcəyi məlumatlar var. Bu halda həmin adam ilk dediyini inkar edib belə deyəcək: “Yaxşı, bəlkə də Məhəmməd dəli deyildi. O dövrdə digər mədəniyyətlərdən gələn bəzi insanlar ona Qurandakı məlumatları gətirdilər. O da bu məlumatları özününkü kimi istifadə edib, insanlara yalandan deyirdi ki, mən peyğəmbərəm. Deməli, o, yalançı idi...” Bu zaman dərhal ondan soruşa bilərsiniz: “Əgər Məhəmməd yalançıdırsa (haşa), o, bu qədər özünəinamı haradan alırdı?” Soruşursan niyə? Çünki, daha əvvəl də qeyd edildiyi kimi, Quranda elə məlumatlar var ki, bu məlumatların mənbəyini Allahdan (c.c.) başqasına aid etmək mümkün deyil. Bundan əlavə, ayələrə nəzər salanda görürük ki, olduqca qəti ifadələr var. Hər hansı bir yalançı necə ola bilər ki, bu qədər əminliklə danışsın!”
Qari Miller bu ifadələrindən sonra sözü “Məsəd” surəsinə gətirir… Müsəlman olan keçmiş missioner “Məsəd” surəsindəki möcüzənin onun iman gətirməsinə səbəb olduğunu xüsusi olaraq vurğulayır: “Məsəd” surəsi hələ həyatda yaşayan bir insan haqqında nazil olmuşdur. Bu surə nazil olduqdan sonra Əbu Ləhəb səkkiz il yaşadı. Bu surə Əbu Ləhəbin və həyat yoldaşının cəhənnəmlik olduğunu xəbər verirdi. Yəni, Əbu Ləhəb yalandan belə olsa, iman gətirsəydi, bu surənin ifadə etdiyi mənanın hökmü düşərdi. Ancaq o, haqqında cəhənnəmlik olduğu bildirilən “Məsəd” surəsi nazil olduqdan sonra 8 il yaşadı və İslam əleyhdarlığına xanımı ilə bərabər davam etdi.
Bəli, Əbu Ləhəb iman gətirməklə haqqında nazil olan “Məsəd” surəsindəki bu qeybi xəbərin həqiqəti əks etdirmədiyini “sübut” edə bilərdi. Ancaq Allah (c.c.) bilirdi ki, o iman etməyəcək. Surədə olan möhtəşəm möcüzə buradadır. Bu o deməkdir ki, Allah (c.c.) keçmiş və gələcək haqqında hər şeyi mükəmməl bilir. Quran qeybi ən yaxşı bilən Allahın (c.c.) kəlamıdır və Onun sözüdür. Ona görə də, mən iman etdim və müsəlman oldum”.
Qari Miller yenə bu sualları verir: “Quran necə bir kitabdır ki, qarşı tərəfdə onu inkar edən rəqibinin əlinə çox ciddi fürsətlər verir. Sanki Həzrət Peyğəmbərimiz (s.ə.s.) Əbu Ləhəbə onun səhv olduğunu sübut etməsi üçün fürsət verirdi! Halbuki Əbu Ləhəb kimi o dövrdə Məkkənin dörd ən varlısından biri olan, İslamın və imanın cahili olsa da, dünya işlərindən başı çıxan bu adam bu fürsəti dəyərləndirə bilmir. Ona təqdim edilən bu fürsəti öz məqsədi üçün istifadə etməkdən aciz qalır. Halbuki Əbu Ləhəb Məkkə küçələrində “Mən iman etdim, müsəlman oldum, Məhəmmədə nazil olanı qəbul etdim. Ancaq iman etdiyim halda, mənim yerimin cəhənnəm olacağı, kafir olaraq öləcəyim xəbər verilir” desəydi, sözləri həqiqəti əks etdirməsə də, zahirən İslam adına işi nə qədər çətinə salardı. Hətta bu hərəkəti ilə daha çox zərər də verə bilərdi. Ancaq bunu etmir, ya da edə bilmir. Çünki “Məsəd” surəsindəki hökm və fərman, onun öləcəyi günə qədər hər bir gününün, saatının və saniyəsinin necə keçəcəyini bilən Cənab Allah (c.c.) tərəfindən verilmişdi. Əks halda, hər hansı bir bəşər “soyuq” və ya “isti müharibə” şəraitində rəqibinə əleyhdə istifadə olunacaq belə bir fürsəti verməz. Əbu Ləhəb isə “Məsəd” surəsi nazil olduqdan sonra 8 il daha yaşadı və surədə xəbər verilən şəkildə kafir olaraq öldü”. Bir insanın belə riskli bir sınaqdan keçməsinin, qarşı tərəfə belə bir fürsət verməsinin yalnız bir mənası var: “Bu sözlər bir bəşər sözü deyil, Allahın (c.c.) kəlamıdır.
Sonda "Məsəd" surəsinə gəlin bir də nəzər salaq: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə mal-mülkü, nə də övladları ona bir fayda verdi. O, alovlu bir oda girəcəkdir. Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır” (Məsəd, 111/4).
Nazim Mustafayev