Kor inadın qurbanı bir qadın – Ümmü Cəmil – Araşdırma



Bu yazıda haqqında danışacağımız Ümmü Cəmildən üstüörtülü şəkildə Quran ayəsində bəhs edilir. Əlbəttə, ayədə Ümmü Cəmildən üstün xüsusiyyətlərinə görə, ya da fəzilətli bir qadın olduğu üçün danışılmır. Quran ayələrində fəzilətlərinə görə üstüörtülü, ya da açıq şəkildə haqqında danışılan həyatları bütün insanlara nümunə göstərilən Fironun imana gələn xanımı Həzrət Asiyə və Həzrət Məryəm kimi qadınlar var. Bununla yanaşı, Quran ayələrində ibrət almaq, onun kimi olmayın, onun düşdüyü vəziyyətə düşməyin mesajını vermək, həmçinin onun kimilərinin son aqibətini göstərmək üçün misal çəkilən qadınlar da var. Ümmü Cəmil məhz bu ikinci kateqoriyaya aiddir. Ayə belədir: “Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır.” (Məsəd, 111/4-5). Bəli, o Əbu Ləhəbin xanımı Ümmü Cəmildir.

Ümmü Cəmil təkcə bir ad deyil, həm də İslam əleyhdarlığının bir simvoludur
Nəciblik, var-dövlət, nüfuz, şairlik istedadı və s. kimi xüsusiyyətlərə sahib olmaqla yanaşı, Bəni Ümeyyə kimi Məkkədə və bütün Ərəbistan yarımadasında söz sahibi güclü bir qəbilə və ailəyə mənsub idi. Həmçinin, Əbu Süfyanın bacısı olmaq kimi imtiyazı da öz əlində saxlayırdı. Ümmü Cəmil bütün bu imkanları, güc və istedadı ilə yanaşı, bütün həyatını İslam əleyhdarlığına həsr etmişdi.
Adı Quranda qeyd olunmayan bu qadının Ümmü Cəmil olduğunu siyər tarixinə, klassik Quran təfsirlərinə, ayələrin nüzul səbəblərini araşdıran mənbələrə əsasən bilirik. Hərçənd, bu elə bir məqamdır ki, haqqında ağır ayələr enən, cəhənnəmlik olduğu bildirilən bu qadının adı bir o qədər əhəmiyyət daşımır. Əsas məqam onun əməlləridir. O hansı əməlin sahibi idi ki, hələ həyatda ikən, həmçinin cəmiyyətdə çox varlı və aristokrat bir zümrəyə mənsub olduğu halda Quran ayəsi onu alçaldıcı bir şəkildə zikr edirdi. Adından asılı olmadan bizim üçün mühüm olan haqqında belə ağır ayələr enən qadının (şəxsin) hansı əməlin sahibi olduğunu bilmək, onun duruşunu, xüsusən Allah Rəsuluna (s.ə.s.) və İslama qarşı olan mövqeyini bilmək, ibrət dərsləri ala bilməkdir.

Kor inad və ən yaxında olsalar da, ən uzaqda yer alanlar…
Ümmü Cəmil, Həzrət Peyğəmbərin (s.ə.s.) qapı qonşusu, əmisi Əbu Ləhəbin xanımı, həmçinin, ilk dövrlərdə Həzrət Peyğəbərin (s.ə.s.) iki qızı bu ailənin iki oğluna nişanlandığı üçün Allah Rəsulunun da (s.ə.s.) qudası idi. Bütün bu yaxınlıqlara baxmayaraq, bu ailə (Əbu Ləhəb və Ümmü Cəmil) heç bir haqq, hüquq, insani və əxlaqi ölçüləri qorumadan kor inadla Peyğəmbərə (s.ə.s.) və İslama düşmənçilik edirdilər. Əslində, Ümmü Cəmil olmaq İslam nuruna ən yaxın olsa da, bu nurun ən uzağında qalmaq idi.

“Mələ qrupu” cinsiyyəti deyil, zehniyyəti təmsil edir…
Ayədə onun "odun daşıyıcısı” və ya “odun hambalı” olaraq xatırlanmasında yaşanmış real hadisəyə işarə var. Quranda xəbər verilən “mələ qrupu” ilə bağlı “Əyan əşraf və onların etdikləri” başlıqlı daha əvvəl qələmə aldığım yazını burada yenidən xatırlamaqda fayda var. Çünki haqqında danışdığımız Ümmü Cəmil həmin o “mələ qrupu”na aid idi. Bu baxımdan deyə bilərik ki, bütün peyğəmbərlərin yaşadığı cəmiyyətdə var olan və Peyğəmbərlik missiyasına ən çox qarşı çıxan aristokrat və varlı təbəqədən olan “mələ qrupu” əslində bir cinsiyyəti deyil, daha çox bir zehniyyəti təmsil edən zümrədir. Çünki bu zümrənin içərisində Ütbələr, Şeybələr, Əbu Cəhl və Əbu Ləhəblər olduğu kimi, eyni zamanda Ümmü Cəmillər də var idi.

Etdikləri öz ayağına dolanan qadın...
Bu qadın sahib olduğu hər bir imkanı Peyğəmbərlə (s.ə.s.) insanlar arasında düşmənçilik toxumları səpmək üçün istifadə edir, bunun üçün səylə çalışırdı. O zahirən tikanı, odun parçalarını, kol-kosu gecələri daşıyaraq Allah Rəsulunun (s.ə.s.) oradan keçəcəyini bildiyi yola səpdiyi kimi, eyni zamanda insanlarla Peyğəmbər (s.ə.s.) arasında da fitnə atəşini alovlandıracaq sözlərdən, əməllərdən geri durmurdu. Quranda bu qadını təsvir edən ayələrə diqqətlə nəzər yetirəndə görürük ki, sanki onun mücadiləsi və bütün etdikləri öz ayağına dolanır, onun vəziyyəti öz ayağına güllə atan adamın halına bənzəyir. Yəni, əslində Ümmü Cəmil nə edirdisə, əslində elə özünə edirdi. Sanki o əməlləri ilə özünün asılacağı kəndiri dar ağacına bağlayırdı. Quranda Ümmü Cəmilin özünün və əri Əbu Ləhəbin yanacağı alova odun daşıyacağı, belə bir zillət və alçalmış vəziyyətə düşəcəyi xəbər verilir: “Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır.” (Məsəd, 111/4-5).

Cəzalar işlənmiş əməllərin cinsinə görə verilir
İnsanlar atəşi, odunu elə bu dünyadan aparırlar. Əbu Ləhəb də arvadının daşıdığı odunlarla birlikdə yandırılacaq. Dünyada olarkən boynuna gözəl boyunbağı, mirvari və yaqut taxan Ümmü Cəmil, axirətdə bunların atəşə çevrilmiş halı ilə damğalanacaq. Beləliklə, təfsir alimləri ayədə Ümmü Cəmilin dünyada etdiyi əməllərin cinsinə görə cəzalandırılacağına işarə olduğunu qeyd edirlər.
Ümmü Cəmil yuxarıdakı ayədə yükünü boynuna iplə bağlayan odunçuya bənzədilir. Bu bənzətmə onun düşdüyü zəlil və alçaldıcı vəziyyəti anlatmaq və cəhənnəm atəşindəki yerini izah etmək üçündür. İş o yerə gəlir ki, bu dünyada kürəyinə odun yükləyib Peyğəmbərə (s.ə.s.) işgəncə verməyə çalışan və Məkkədə sözü bıçaq kimi hər şeyi kəsib keçən bu nüfuzlu və varlı qadın cəhənnəmdə kürəyində bir dəstə odun, boynunda da alçaldıcı bir şəkildə kəndir olacağını Quran ayələri bizə xəbər verir.

Peyğəmbər (s.ə.s.) yoluna “daş” qoyanlar...
Rəvayətə görə, bu qadının (Ümmü Cəmilin) bir boyunbağı var idi və o, Allah Rəsulunun (s.ə.s.) dəvətinə mane olmaq və ona zərər vurmaq yolunda xərclərini ödəmək üçün Lat və Uzzanın adını çəkərək qiymətli zinət əşyalarını satacağına and içmişdi. Cənab Allah (c.c.) həmin o boyunbağının yerinə Cəhənnəm odunda boynuna kəndir bağlanacağını ayədə xəbər verir. Bu mənada Ümmü Cəmil və onun timsalında onun zehniyyətini və əməllərini daşıyanların da əsl halı burada, həqiqət aynasında təsvir edilir. Bütün bunlar həm Ümmü Cəmilin, həm də Əbu Ləhəbin həyatları boyu yaxın qohumları, divar qonşuları, soydaşları olan Həzrət Peyğəmbərimizin (s.ə.s.) yoluna sözün həqiqi və məcazi mənasında daş qoymalarının nəticəsi idi.

Doğru məqsədlə istifadə edilməyən hər bir qazanc məhvə məhkumdur
İslam Peyğəmbərinə (s.ə.s.) düşmənçilikdə həddi aşmış Ümmü Cəmil və Əbu Ləhəb burada yalnız ibrət alınacaq bir misaldır. Allah-Təala (c.c.) bununla kafirləri xəbərdar edir və onlardan odun yükü kimi küfr və günah yükünü ölməzdən əvvəl üzərlərindən atmalarını istəyir. Həm Ümmü Cəmilin, həm də Əbu Ləhəbin timsalında görürük ki (Məsəd surəsində xəbər verildiyi kimi), Peyğəmbəri daş-qalaq etməyə, onun nüfuzunu məhv etməyə çalışan əllər quruyub yox olmağa məhkumdur. Allahın verdiyi bütün nemətlər, həmçinin əldə edilən hər bir qazanc doğru məqsədlə istifadə edilmədikcə məhvə məhkumdur və heç bir fayda verə bilməz.

Qürurunu ayaqlar altına atan məğrur qadın – amma nə üçün?!
Ümmü Cəmil Rəsulullaha (s.ə.s.) qarşı düşmənçilikdən az qala sadistcəsinə zövq alırdı. Əslində o, Allah Rəsulunun (s.ə.s.) keçəcəyi yollara tikanlar atmaq üçün çoxlu qulluqçular tuta biləcək, bu işdə ona kömək edəcək adamlar tapa biləcək güc və imkana sahib idi. Ancaq o elə bir kin və küdurət içində idi ki, bu məğrur qadın bütün qürurunu ayağının altına alaraq bütün bu əməlləri şəxsən özü edirdi. Onun maddi imkanları və var-dövləti elə bir həddə idi ki, zinət əşyalarının ən qiymətlilərini əldə edib taxardı. Ancaq dünyada Allah Rəslunun (s.ə.s.) yoluna tökmək üçün daşıdığı odunlar, onun və əri Əbu Ləhəbin cəhənnəmdə yanacağı odunlar halına gəlmişdi. Dünyada bu odunları daşımaq üçün boynuna bağladığı ipin də cəhənnəmdə onun boynuna atəşdən sarılmış bir ip halına gələcəyini ayələrdən oxuyub öyrənirik.

Ümmü Cəmil özünün hicv edildiyini zənn etməsi...
Quranın əvəzsiz bəlağəti ilə haqqında təhdid və alçaldıcı bir tərzdə ayələr enməsini Ümmü Cəmil Həzrət Peyğəmbərimizin (s.ə.s.) onu ədəbi bir üslubda hicv etməsi olaraq anlamışdı. Halbuki burada bir şeirlə kiminsə hicv edilməsi deyil, var-dövləti ilə öyünən lovğa və kindar bir qadının (həmçinin qiyamətə qədər gələcək onun kimilərinin) ilahi bəyanda alçaldılmasından söhbət gedirdi: Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır.” (Məsəd, 111/4-5).
Rəvayətə görə, bu ayələr enəndə Ümmü Cəmil çox güclü vurğularla və alçaldıcı bir şəkildə anılıb “hicv edilməsinə” bərk əsəbləşmişdi. Məkkədə Kəbənin yanında ikən Əbu Bəkrə (r.a.) Peyğəmbərimizi (s.ə.s.) nəzərdə tutaraq: “Dostun haradadır?” deyə soruşmuş, nalayiq ifadələr işlətmişdi. Həzrət Əbu Bəkr də (r.a.): “Kəbənin Rəbbinə (c.c.) and olsun ki, O (s.ə.s.) heç vaxt şeir söyləməz”, - cavabını vermişdi. Əslində, Ümmü Cəmilin yenə yanlışı və xətası var idi. Çünki bu qadını onun fikirləşdiyi kimi heç kim hicv etməmiş, haqqında basılan möhür ədəbi bir üslub deyil, haqq dərgahından gələn ilahi bir fərman idi: “Arvadı da odun daşıyan olaraq (oda girəcəkdir). Arvadının boynunda xurma lifindən ip olacaqdır.” (Məsəd, 111/4-5).

İnsanlar arasında “odun daşımağın” məcazi mənası
Ərəb dilində “filankəs öz qövmü arasında odun daşıyır” ifadəsi “qeybət etməklə insanları bir-birinə qarşı qoyur, fitnə-fəsad salmaqla onların münasibətlərini korlayır; bir növ onların arasına od salır” mənasında işlədilir. Bu mənada dedi-qodu etmək oduna, düşmənçilik və paxıllıq etmək isə atəşə bənzədilmişdir. Odun atəşi alovlandırdığı kimi, kin saxlamaq, düşmənçilik etmək və intiqam duyğusu ilə yaşamaq da dedi-qodu və qeybət alovunu daha da artırır.

Əlmalılı Həmdi Yazır deyir ki…
“Haqq dini Quran dili” adlı Quran təfsirinin müəllifi Əlmalılı Həmdi Yazır qeyd edir ki: “Qohumluq, qonşuluq, dostluq, din və vicdan azadlığı kimi bir çox ümumbəşəri insani və əxlaqi dəyərləri bir kənara qoyaraq, yalnız möminlərə qarşı düşmənçilik üzərində dayananların əsl mahiyyətlərini, iç üzlərini, acınacaqlı hallarını əks etdiricək ən bərraq ayə məhz Məsəd surəsindəki ifadələrdir. Misal üçün ən gözəl boyunbağı qızıldan hazırlanmış boyunbağı olmalı ikən, Ümmü Cəmilin boyunbağı isə etdiyi əməlləri ucbatından daşıdığı odunları bağlamaq üçün istifadə edəcəyi xurma lifindən ip olacaqdır. Bu, dünyada Allah (c.c.) yolunda xərcləmədiyi sərvət və qazancı, şükrünü yerinə yetirmədiyi izzət və nəcibliyi bumeranq kimi Ümmü Cəmilin aleyhinə çevrilmiş, axirətdə izzətlə qarşılaşmaq fürsəti var ikən, o zilləti üstün tutmuşdur”.

Nəticə olaraq…
Ömrünü haqq və həqiqət qarşısında düşmənçiliyə həsr edən Əbu Ləhəblərin acı sonu ilə yenə batilə maddi, mənəvi və psixoloji dəstək verən Ümmü Cəmillərin aqibəti eynidir. Dünyada Əbu Ləhəblərə hamballıq edən, onların əli, dili, qələmi və sözü olan “Ümmü Cəmillər” axirətdə həm özlərinin, həm də tabe olduqlarının atəşinə odun daşımağa davam edəcəklər. İnkar, nifaq və düşmənçiliklərini əllərindən gəldiyi qədər qarşılarındakını əzmək üçün istifadə edənlər və bu zülmləri ilə “cəhənnəm odu” halına gələn Əbu Ləhəblər və Ümmü Cəmilləri sahib olduqları mal-mülk, güc-qüvvət, nəsəb və soyları xilas edə bilməyəcək: “(Qiyamət günü) ona nə mal-dövləti, nə də qazandığı fayda verəcək” (Məsəd, 111/2).
Burada qeyd edilməli olan bir məsələ də var ki, Peyğəmbərin (s.ə.s.) öz əmisi Əbu Ləhəb və onun həyat yoldaşı Ümmü Cəmilin açıq-aydın Quranda təhdid edilməsi, alçaldılması Allah Rəsulunun (s.ə.s.) ancaq ona nazil olanı insanlara çatdırdığını göstərir.

Qeyd: Mövzu ilə əlaqəli digər yazıları buradan oxuya bilərsiniz:
1. “Əyan-əşraf” və onların etdikləri
2. Əbu Ləhəbin İslam Peyğəmbərinə (s.ə.s.) müxalifəti
3. Düşmənlikdə hədd tanımayan insan – Əbu Ləhəb

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top