“Hamam yoxdur, ayaqyolu ümumi istifadədədir, çirkli suları həyətə tökürük” – Video


Mingəçevirdə, Təbriz küçəsi 2/17, Mikayıl Müşviq 3 və 4 ünvanlarında yerləşən, 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş iki mərtəbəli binalar qəzalı vəziyyətdədir.
Bu barədə sözügedən binanın sakinləri Yeniavaz.com-a məlumat veriblər.

Sakinlər bildiriblər ki, binalar o dövrdə necə inşa edilibsə, elə də qalıb. Mənzillərdə hamam yoxdur, ayaqyolu isə həyətdə ümumi istifadədədir. Binanın kanalizasiya xətti olmadığından sakinlər çirkli suları əlləri ilə daşıyıb həyətə tökməli olurlar:
“2014-cü ildə şəxsən fövqəladə hallar naziri Kəmaləddin Heydərov özü əraziyə baxış keçirib. Binanın qəzalı olması haqda dəfələrlə aktlar tərtib olunub. O, cümlədən də həmin vaxt akt tərtib olunub. Bir il müddətinə bizim - yəni bu binaların köçürülməsi və bizi yeni mənzillərlə təmin edilməsi haqqında söz verilib. O vaxtdan da biz gözləyirik”.


Sakinlərin sözlərinə görə, sözügedən binaların tikintisinə 15 noyabr 2021-ci ildə başlanılıb. Vəd verilib ki, 2022-ci ilin 15 oktyabrında bina təhvil veriləcək. Lakin bu günə qədər verilən vəd yerinə yetirilməyib. 


Məsələ ilə bağlı şəhər İcra Hakimiyyətindən bildirilib ki, sənədləşdirmə işləri hazır olmadığına görə sakinlərin köçürülməsi ləngiyir.

Xatırladaq ki, həmin sakinlərin eyni məsələ ilə bağlı şikayəti daha əvvəl də saytımızda işıqlandırılıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top