"Yağış yağanda qorxuruq ki, binamız uçacaq" - VİDEO


Mingəçevirdə 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş iki mərtəbəli binalar qəzalı vəziyyətdədir. İllər keçdikcə çürüyən, yararsız hala düşən taxta, şalban sakinlər üçün təhlükəli vəziyyət yaradıb. Sözügedən binalar şəhərin Təbriz küçəsi 2/17, Mikayıl Müşviq 3 və 4 ünvanlarında yerləşir. Burada yaşayan sakinlər bildirirlər ki, binalar o dövrdə necə inşa edilibsə elə də qalıb. Mənzillərdə hamam yoxdur, ayaqyolu isə həyətdə ümumi istifadədədir. Binanın kanalizasiya xətti olmadığından sakinlər çirkli suları əlləri ilə daşıyıb həyətə tökməli olurlar. 
Sakin Nabat Həmidova: “Hansı əsrdir, hansı dövrdür, şəhərdə su qızıdırıb, üzr istiyrəm, vannada yuyunuruq. Mən əlimi yumaq üçün  gözləməliyəm ki, uşağım dursun, mənim əlimə su töksün, mən də əl-üzümü yuyum. Sonra da o çirkli suyu aparıb atmalıyıq harasa. Gecə də olanda ümumiyyətlə problemdir. Mənim evimlə ayaqyolu arasında 500 metr məsfə var, işıq da yox, lap olsa da gecə hara getsin camaat?”  
Uzun illərdir adı çəkilən ünvanda yaşayanlar binanın külək, yağışdan sonra hər an çökəcəyindən narahatdırlar. Həmçinin burada həşəratların çoxluğu da sakinləri lap təngə gətirib.

Şəhla Əliyeva (bina sakini): “5 icra başçısı dəyişib Mingəçevirdə, hamısı da bizim problemi bilib. Gəlib vəd verirlər, deyirlər ki, bu evlər təmirə yararsızdır. Biz də oturub gözləyirik ki, bizi nə zaman köçürəcəklər. Gətirdilər su sistemi qoşdular,onu da qoşandan sonra kanalizasiya da olmalıdır, amma yoxdur. Biz suyu aşağıdan gətirib evdə istifadə edirik, sonra də o çirkli suyu aparıb bayıra  tökürük. Hamam məsələsi isə heç deyiləsi deyil. Allaha şükür, indi kənd evlərində hamam var, biz isə hamam həsrəti çəkirik”.
Yavər İbrahimova (bina sakini): “Evdə hər cür həşarat olur, siçovul, ilan, qurbağa, kələz. Allaha and olsun ki, biz gecəni səhərə kimi qorxa-qorxa yatırıq. Səhər açılanda sevinirik ki, nə yaxşı hava işıqlandı. Mən divardan əl-üz yuyan asıb əl-üzümü yuyuram. Evimdə xəstə var, onun bu şəraitdə yaşaması çox acınacaqlıdır”.
Günbəgün təhlükəli vəziyyətə düşən binanın sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini bildirirlər. 7 il öncə Fövqaladə Hallar Naziri də həmin ünvana baxış keçirib.
Nabat Həmidova (bina sakini):  “2014-cü ildə  FHN naziri Kamaləddin Heydərov  özü şəxsən bura gəlib, bu binaya baxış keçirib. Bu binanın qəzalı olması haqda dəfələrlə aktlar tərtib olunub. O cümlədən də həmin vaxt akt tərtib olunub. Bir il müddətinə bizim, yəni bu binaların sakinlərinin köçürülməsi və yeni mənzillərlə təmin edilməsi haqqında bizə söz verilib. O vaxtdan da gözləyirik.”
Binanın 96 yaşlı sakini Şömə Əliyeva deyir ki, bu yaşında ikinci mərtəbədən düşüb həyətə ayaqyoluna gedə bilmir: "Artıq qocalmışam, ömrüm bu şəraitsiz binada keçdi. Nəvələrim də şəraitsiz vəziyyətdə olduğumuza görə evlənə bilmirlər. Xahiş edirəm aidiyyəti qurumlar bizimlə maraqlansınlar. Xəstələnəndə bu binaya həkim də gəlmir,çünki pilləkanları çıxa bilmirlər.Gecə olanda yatmağa qorxuruq. Pars, siçovul, kələz, hətta ilan da olur. Yorğana bürünməsək, yata bilmirik”.
Təbriz küçəsi 2/17 və Mikayıl Müşviq 3 ünvanında yerləşən qəzalı binaların mövcud vəziyyətini və sakinlərin haqlı narazılığını araşdırmaq üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Oradan bildirildi ki, qəzalı binada yaşayan sakinlər üçün 2015-ci ildən şəhər ərazisində 40 mənzilli binanın tikilməsi üçün yer ayrılıb və müvafiq sənədlər aidiyyatı qurumlara göndərilib. 

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top