"ABŞ Laçındakı vəziyyətdən dərin narahatdır" - Blinken Əliyevə zəng etdi


Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib.
“ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.
Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.
Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib”, - məlumatda deyilir.
Telefon danışığı ilə bağlı ABŞ Dövlət Departamentinin saytında Blinkenin sözçüsü Metyu Millerin adından yayılan məlumatda bildirilir:
“Dövlət katibi Antoni J. Blinken Azərbaycan-Ermənistan sülh müzakirələrinin əhəmiyyətini vurğulamaq üçün bu gün (30 aprel) Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və ABŞ-ın davamlı dəstəyinə söz verib. Katib Blinken sülhün mümkün olduğuna inandığını bölüşüb. O, həmçinin Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından ABŞ-ın dərin narahatlığını ifadə edib və Laçın dəhlizinin tez bir zamanda kommersiya və şəxsi avtomobillər üçün yenidən açılmasının vacibliyini vurğulayıb”.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Artıq sözügedən nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib və bu barədə kadrlar yayıb.

DİGƏR XƏBƏRLƏR

Top