Əbu Amirin Bizans oyunları və Məscidi-Dirar məsələsi… -2-


Allah Rəsulunun (s.ə.s) Məscidi Dirarda namaz qılmağa dəvət edilməsi…
Mədinədə Kuba məscidinin həmən yaxınlığında inşa edilən və Quranda “Məscidi Dırar” (zərərli iş görmək üçün tikilmiş məscid) olaraq adlandırılan məkanın inşası məhz Əbu Amirin Bizansdan göndərdiyi məktublar və vədlər əsasında İslama qarşı onunla eyni düşmənçiliyi daşıyan Mədinədəki adamları tərəfindən inşa edilmişdi. Onlar Kuba məscidinin yaxınlığında və Kuba məscidinə bənzər inşa etdikləri bu məkanda öz düşmənçilik planlarını həyata keçirəcəkdilər. Bu məkanı inşa edənlər Evs və Həzrəc qəbiləsindən cəmi 12 nəfər olduğu söylənir. Hətta onlar belə bir məkanın müsəlmanlar nəzdində də qanuni və şəri keçərliliyi olsun deyə Peyğəmbərimizdən (s.ə.s) buranın açılışını etməsini, burada namaz qılmasını istəmişdilər.
Həmin dövrdə müsəlmanlar uzun və məşəqqətli Təbuk səfərinə hazırlaşırdılar. Allah Rəsulu (s.ə.s) onların məscidin açılışını etmək təklifinə səfərdən qayıdışda baxa biləcəyini demişdi. Sanki hər şey Əbu Amir və komandasının istədiyi xətt üzrə gedirdi. Plana görə Həzrət Peyğəmbər (s.ə.s) Təbuk səfərindən qayıdışda Kubada müsəlmanların ilk inşa etdiyi məsciddə deyil, Əbu Amir və dostlarının inşa etdiyi məsciddə namaz qılıb bir müddət burada qalacaqdı. Onların inşa etdiyi, əslində İslam aleyhinə fəaliyyətlərin bir mərkəzi olaraq planlanmış zahirən məscidə bənzəyən bu məkanın açılışını Allah Rəsulu (s.ə.s) edəcək olsaydı, daşlar yerli-yerinə oturacaq, onlar Mədinə şəhərində öz fəaliyyətlərini davam etdirmək üçün sanki bir legitimlik qazanmış olacaqdılar. Ancaq Təbuk səfərindən dönüşdən sonra hadisələr heç də Abu Amir və dəstəsinin istədiyi formada cərəyan etmədi.
Həzrət Peyğəmbərimizin (s.ə.s) Təbuk səfəri Bizans kralı Herakla meydan oxuma idi…
Bizans ordusu müsəlmanların qarşısına çıxa bilməmişdi. Nəticədə müsəlmanlar zəfər qazanmış bir mövqedə geri qayıtmışdılar. Nəticədə Təbuk səfəri həm Bizansa, həm də ərəb çöllərindəki Bizansa əlaltılıq edənlərə bir gözdağı mahiyyəti daşıyırdı.
Əvvəla Təbuk səfəri böyük Bizans İmperiyası üzərində müsəlmanların açıq-aşkar qələbəsi hökmündə idi. 30000 nəfərlik müsəlman ordusunun qarşısına Bizans heç bir ordu çıxara bilməmiş, səfər çox məşəqqətli və uzun olsa da, müsəlmanlar texniki qalibiyyət ilə Mədinəyə qayıtmışdılar. Belə bir qalibiyyət Bizansın əlaltıları olan bir sıra ərəb qəbilələri üçün, həmçinin Bizansdan mədət umaraq Mədinədə bir fitnə yuvası tikməyə nail olan Əbu Amir üçün heç də gözlənilən hadisə deyildi. Təbuk səfərinin nəticələri Əbu Amir və dəstəsinin bütün planlarının suya düşməsi demək idi. Həmçinin bu səfərdən dönüşdə Cənab Allah (c.c) Rəsuluna (s.ə.s) Tövbə surəsinin 107-110-cu ayələrində Mədinədə inşa edilən həmin bu məkanın əsl mahiyyətini xəbər vermis, onların əsl niyyət və planları gün üzünə çıxmışdı.
Belə ki, Həzrət Peyğəmbərimiz (s.ə.s) o vaxt Təbuk səfəri üçün hazırlıqla məşğul olduğunu bildirərək, “İnşallah, qayıdandan sonra orada namaz qılacağıq” demişdi. Təbuk səfərindən qayıdarkən münafiqlər eyni tələblə yenidən müraciət etdilər. Allah Rəsulu (s.ə.s) bu məsciddə namaz qılmaq üçün oraya getməyə hazırlaşarkən buranın əslində fitnə və nifaq yuvası olaraq tikildiyi Quran ayəsi nazil olaraq xəbər verilmişdi. Ayədəki xəbərdarlıqdan sonra Həzrət Peyğəmbər (s.ə.s) bu məscidi sökdürdü. Səhəri gün məscidin dağıdıldığını görən münafiqlər Allahın (c.c) onların sirlərini, gizlətdikləri əsl məqsədlərini Peyğəmbərinə (s.ə.s) bildirdiyini anladılar. Elə də uzun müddət fəaliyyət göstərə bilməyən və Quran ayəsində “zərərli iş görmək üçün tikilmiş məscid” mənasında ifadə edilən bu dağıdılmış tikiliyə İslam tarixi ilə bağlı əsərlərdə “Məscidi Dirar” adı verilmişdir.
Məscidi Dirarın əsl mahiyyətini bildirən ayələrin nazil olması…
Buraya qədər anlatmağa çalışdığım məsələlər əslində Tövbə surəsinin 107-110-ci ayələrinin nazil olduğu dövrün arxa fonunu təşkil edir. Yuxarıda anladılan tarixi hadisələr fonunda aşağıdakı ayələr nazil olmuşdu. Gəlin həmin ayələrə nəzər salaq: “Zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və Peyğəmbərinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və: “Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər” (Tövbə, 9/107).
Əbu Amirin başının altından çıxan Məscidi Dirara (zərərli iş görmək üçün tikilmiş məscidə) qarşı Cənab Allah (c.c) Peyğəmbərinə (s.ə.s) bir nümunə olaraq Kuba məscidini göstərmiş, bu fitnə yuvasına gedərək orada namaz qılmamağı söyləmişdi: “Orada əsla namaz qılma! İlk gündən etibarən təqva üzərində qurulmuş məscidin (Kuba məscidinin) içində namaz qılmağın daha doğrudur. Orada (maddi və mənəvi kirlərdən) təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir” (Tövbə, 9/108).
Həmçinin ayədə məscid tikmək kimi nəcib və gözəl bir işdə belə, niyyətin nə qədər böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkilir. Niyyət yanlış olarsa, məqsəd və hədəflər zərər vermək üzrə qurularsa, zahirən nəcib bir iş kimi görünən məscid tikmək əməli Quranda uçurumun kənarında qurulan və çökməyə məhkum bir binaya bənzədilir: “(Məscidin) binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz. Onların ürəkləri parça-parça olana qədər tikdiyi bina qəlblərində bir şübhə olaraq qalacaqdır. Allah hər şeyi biləndir, hikmət sahibidir.” (Tövbə, 9/109-110).
Bir tərəfdə, bir ucu mədinəli fasiq Əbu Amirin əməllərinə, bir ucu Mədinə münafiqlərinə, bir ucu da Bizans İmperatoru Herakla qədər gedib çıxan geniş bir planın tərkib hissəsi olan “Məscidi Dırar” layihəsini həyata keçirməyə çalışanlar insanları görürük. Digər tərəfdə isə bütün bu içi boş, niyyəti yanlış və çürük əməllər qarşısında təqva əsasları üzərində qurulan Kuba məscidi və bu məsciddə maddi və mənəvi kirlərdən təmizlənməyi sevən insanlar, Cənab Allahın (c.c) nümunə göstərdiyi səhabə topluluğu vardır.
İlk gündən etibarən təqva üzərində qurulmuş məscid
Təfsir əsərlərində ayədə xəbər verilən: “İlk gündən etibarən təqva üzərində qurulmuş məscid” ifadəsindən Kuba məscidi qəsd olunduğu qeyd edilir. Kuba məscidi Həzrət Peyğəmbərimizin (s.ə.s) Mədinə şəhəri yaxınlığında “Kuba” adlı məkanda inşa etdirdiyi, içərisində səhabələrlə birgə namaz qıldığı İslamda ilk inşa edilən məsciddir. Allah Rəsulu (s.ə.s) Məkkədən Mədinəyə hicrət zamanı Kuba deyilən bu məkana gəldikdə Gülsüm ibn Hidmin (r.a) evində on gün qalmış, ilk mühacirlərin namaz qıldığı Gülsüm ibn Hidmin (r.a) evinin yaxınlığında Kuba məscidini inşa etmişdir. Bu məscidin inşasında Ammar ibn Yasir (r.a) və digər səhabələr səylə çalışmış, şairliyi ilə tanınan səhabə Abdullah ibn Rəvaha (r.a) həm məscid inşasında çalışmış, həm də səhabələrin yorğunluqlarını aradan qaldırmaq üçün şer söyləmişdir.
Nəticə olaraq…
Məscidlər sadəcə maddi varlıqları ilə deyil, həm də icra etdikləri mənəvi funksiyaları ilə də məscid olmalıdırlar. Məscidi Dirarla (zərərli iş görmək üçün tikilmiş məscid) bağlı hökmləri bu gün biz Quran ayələrində oxuduğumuza görə, deməli bu məsələ olmuş, bitmiş məsələ deyil. İslamın ilk dövrlərində ortaya çıxan və qarşısı alınan bu məsələnin qiyamətə qədər yenə başqa Əbu Amirlər tərəfindən ortaya atılması ehtimal xaricində deyil. Dövrümüzdə də, İslam dünyasının hər hansı yerində Allah Rəsulunun (s.ə.s) dövründə ömrü çox az olan bu “Məscidi Dırar”ın şöbələri hökmündə məkanlar ola bilər. Gəlin çalışaq ki, məscidlərimiz Quranda mədh edilən, İslamın ilk məscidi olan, ilk gündən təqva əsası üzərindən qurulan Kuba məscidinin şöbələri hökmündə olsun. Gəlin biz də Quranın mədh etdiyi Kuba məscidində olan ənsar topluluğu kimi maddi və mənəvi kirlərdən təmizlənməyi sevən kəslərdən olmağa çalışaq…

Qeyd: Yazının əvvəlini buradan oxuya bilərsiniz...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top