
Bu yazıda Əbu Amirin "Bizans oyunları"ndan, əlaltından görməyə çalışdığı işlərindən, hiyləgərliklərindən, onun başının altından çıxan Məscidi Dirardan bəhs etməyə çalışacağıq. Məkkə və Mədinədə İslamın ilk zühur etdiyi dövrlərdə İslama qarşı düşmənçilik fəaliyyətlərini açıqdan edən şəxslər vardı. Bunlardan Uqbə ibn Əbu Muayt, Ubey ibn Xələf, Amr ibn Hişam (Əbu Cəhl), Əbu Ləhəb kimi şəxslər İslama, müsəlmanlara və Peyğəmbərimizə (s.ə.s) Məkkədə açıq-aşkar düşmənçilik edirdilər. Eyni bu işin davamçılarına Mədinə şəhərində də rast gəlirik. Bunlardan biri Əbu Amir adlı şəxsdir. Bu şəxs keçmiş dostlarından, qohum-əqrəbasından özünə tərəfdar toplaya bilmədiyi üçün Mədinədən Məkkəyə gələrək buradakı İslama düşmənçilik edən şəxslərlə ortaq iş görməyə çalışmışdır.
İslamın Mədinə dövründə Abdullah ibn Ubey ibn Səlul kimi şəxslər (Quran onlara münafiq adını vermişdir) bu şəhəri tərk etmədən, yəni Mədinə şəhərində qalaraq ikiüzlü davranmaqla, cild dəyişdirərək, müsəlmanlar arasında guya müsəlmanmış kimi, öz aralarında isə əsl iç üzlərini ortaya qoyaraq sanki dual (ikili) həyat yaşamağı tərcih etmişdilər. Mədinə dövründə bir də İslama düşmənçiliyi açıq-aşkar davam etdirməyi seçən Əbu Amir kimi tiplər də vardı. Əbu Amir bu açıq-aşkar düşmənçilik fəaliyyətini Mədinədə qalaraq davam etdirə bilməmiş, bunun üçün əvvəla Məkkə müşriklərinin yanına, sonra da Bizans İmperiyasına getmiş, oradan özünə dəstək axtarışına çıxmışdı.
Əbu Amir və onun əməlləri…
Əbu Amir Mədinədə (köhnə adı ilə Yəsribdə) Həzrəc qəbiləsinin sayılıb-seçilən şəxslərindən biri idi. Bu şəxs Peyğəmbərimizin (s.ə.s) və müsəlmanların Mədinəyə hicrətindən əvvəl Xristianlığı seçmiş, hətta özünə Rahib adını almışdı. O, müqəddəs kitabları bildiyinə, həmçinin məşhur alim və dindar bir şəxs olaraq tanındığına görə insanlar tərəfindən hörmət görürdü. Lakin alim olması və zahid bir həyat yaşaması onun həqiqəti tapmasına kömək edəcəyinə, əksinə onun həqiqəti tapmasına daha da mane olurdu. Buna görə də o, İslamı inkar etməklə yanaşı, həm də Allah Rəsulunun (s.ə.s) bütün insanlığa göndərilən mesajına qatı düşmənlik edirdi. O, Həzrət Peyğəmbərimizi (s.ə.s) papazlığın “müqəddəs vəzifəsi”nə rəqib olaraq görürdü.
Əbu Amir ilk dövrlərdə Qureyşin və dolayısı ilə Məkkə müşriklərinin gücünün Peyğəmbəri (s.ə.s) və onun dəvətini məhv etmək üçün kifayət edəcəyi ümidi ilə Həzrət Peyğəmbərə (s.ə.s) əhəmiyyət vermədi. Amma Qureyş ordusunun Bədr döyüşündə tamamilə məğlub olduğunu gördükdə, artıq o İslama etinasız qala bilmədi. Buna görə də İslama qarşı şiddətli bir fitnə-fəsad kampaniyasına başladı. Allah Rəsulu (s.ə.s) bu şəxsin əməllərinə çox yaxşı bələd olduğu üçün onun adındakı “Rahib” ləqəbini “Fasiq” olaraq dəyişdirmişdir. Müsəlmanlar artıq bu şəxsi Əbu Amir Rahib deyil, Əbu Amir Fasiq olaraq tanıyırdılar.
Oğlu İslamla şərəflənsə də Əbu Amirə düşən küfrün qaranlığında qalmaq olmuşdu…
Allah Rəsulunun (s.ə.s) Mədinəyə hicrəti bu kimi şəxslərin mənfəətinə tərs düşürdü. Buna görə də Əbu Amir Allah Rəsulunun (s.ə.s) Mədinəyə gəldiyi ilk gündən etibarən Peyğəmbərimizə (s.ə.s) müxalif davrandı, onun düşmənləri olan məkkəli müşriklərlə ittifaq qurmağa çalışdı. Bu müxalifliyini davam etdirə bilmək üçün bəzi adamları ilə birlikdə Məkkəyə gedərək Bədr savaşında müsəlmanlara qarşı savaşdı. Haşiyəyə çıxaraq onu da qeyd edək ki, Uhud savaşında şəhid olan və İslam tarixində “Gasilul-mələikə”, yəni mələklərin yuduğu şəxs olaraq tanınan səhabə Hənzələ İbn Əbu Amir (r.a) sözü gedən bu şəxsin yəni Əbu Amirin oğludur. Oğlu İslamla şərəflənsə də, hətta Uhud savaşında şəhid olsa da, Əbu Amirin payına düşən bu İslam günəşi qarşısında gözlərini qapamaq, hətta İslama savaş açmaq olmuşdu.
Bədr məğlubiyyətinə müşriklərədn daha çox Əbu Amir üzülmüşdü…
Əbu Amir Bədr məğlubiyyəti qarşısında müşriklərdən daha çox üzüldü və onların intiqam hissini hərəkətə keçirdi. Uhud və Xəndək müharibələrində həmşəhərliləri olan Mədinə xalqını Allah Rəsuluna (s.ə.s) və müsəlmanlara qarşı təhrik etməyə çalışdı. Bu işdə müvəffəq ola bilməyib Məkkəyə yerləşdi. Məkkə şəhəri müsəlmanlar tərəfindən fəth edildikdə, buradan Taifə keçdi. Huneyn döyüşündə Həvazin qəbiləsi məğlub olduqdan sonra da Şama qaçmaq məcburiyyətində qaldı.
Əbu Amir Mədinəyə hücum üçün Heraklı razı salmağa çalışır…
Əbu Amir nəhayət Ərəbistanda İslamın irəliləyişini dayandıra biləcək heç bir qüvvənin qalmadığını anladıqda Ərəbistan yarımadasını tərk etmək məcburiyyətində qalmışdı. O əslində Mədinədən yüksələn “təhlükə” qarşısında Bizans İmperatoru Heraklı xəbərdar etməyə getmişdi. Bizans ordularının Ərəbistana hücuma hazırlaşması xəbərləri və bu xəbərlərin ta Mədinəyə qədər gəlib çatması məhz Əbu Amirin səylərinin nəticəsi idi.
Əbu Amir Həzrət Peyğəmbərə (s.ə.s) qarşı kömək istəmək üçün Bizans kralı Heraklın yanına getmiş, Herakl da Əbu Amirə vəd və ümid vermişdi. O bir müddət Heraklın yanında qalmış, oradan Mədinədəki dostlarına məktub yazaraq Allah Rəsulu (s.ə.s) ilə müharibə edəcək bir ordu ilə birlikdə Mədinəyə gələcəyini, Ona (s.ə.s) qalib gələrək vəziyyəti öz lehlərinə çevirəcəyini bildirmişdi. Rəvayətə görə müsəlmanlar Təbuk səfərinə məhz belə bir xəbər qarşısında ordu hazırlayaraq çıxmışdılar. Beləcə Əbu Amirin məsləhətləri ilə Kuba məscidinin yaxınlığında bir məscid inşa edilməyə başlandı. Əbu Amir Məscidi Dirarın qurulmasını əmr edərkən, əslində öz dostlarına silahlanma əmri vermiş, özünün də gətirəcəyi dəstək qüvvələri gözləmələri üçün buranı sanki bir müşahidə mərkəzi etmələrini istəmişdi.
Əbu Amirin başının altından çıxan fikir - Məscidi Dirar
Əbu Amir bir tərəfdən Bizans ordularının Ərəbistana hücum etməyə razı salmağa çalışır, digər tərəfdən də Mədinədə təhlükəsiz görüş yeri kimi fəaliyyət göstərəcək bir “məscid” tikmək planı hazırlayırdı. Ona görə öz planlarını həyata keçirmək üçün ən ideal məkan məscid ola bilərdi. Zahirən məscidə bənzər bir məkanda fəaliyyət göstərmələri bir mənada gözdən pərdə asmağa çalışmaq cəhdləri idi. Həmçinin belə bir məscid Əbu Amirin Mədinəyə gəlib gedən adamlarının bir səyyah və ya dilənçi kimi görsənərək şübhə doğurmadan qala biləcəyi bir qərargah rolunu oynayacaqdı.
Əbu Amirin Mədinə şəhərində Quranın ifadəsi ilə “Məscidi Dirar”ı (zərərli iş görmək üçün tikilmiş məscid) inşa etdirməsi onun məhz Şama yerləşməsindən sonrakı dövrə aid məsələdir. O Şama yerləşdikdən sonra mədinəli münafiqlərə xəbər göndərərək belə demişdi: “Mümkün qədər hazır olun, Bizans imperatorunun yanına gedib güc gətirəcəyəm, Məhəmmədi və dostlarını Mədinədən qovacağam”.
Mədinədə üçüncü məscidə, Məscidi Dirara ehtiyac var idi?
Əslində, Mədinədə artıq iki məscid var idi. Bunlardan biri ilk hicrət günlərində Kubada inşa edilən Kuba məscidi, digəri də Mədinədə inşa edilən Məscidi Nəbi, yəni Peyğəmbər məscidi idi. Şəhərdə üçüncü məscidə ehtiyac olmadığını münafiqlər özləri də yaxşı bilirdilər. Bu məqsədlə onlar Peyğəmbərin (s.ə.s) hüzuruna gələrək üçüncü məscidin lazım olduğunu göstərmək üçün “səbəblər” uydurmağa başladılar. Münafiqlər, həqiqətdə müsəlmanları bölmək, fitnə-fəsad çıxarmaq üçün özlərinə belə bir məkan təsis etməyə çalışır, buna bəhanə olaraq da, Kuba məscidi və Mədinə məscidindən uzaqda yaşayan qocaların camaata yetişə bilmədiklərini, soyuqda, yağışlı gecələrdə bu iki məscidə, xüsusilə özlərinə daha yaxın olan Kuba məscidinə gələ bilmədiklərini deyirdilər. Beləcə ucu ta Bizansa qədər gedib çıxan bu fitnə-fəsad dəstələri, guya onların xalis niyyətlərindən qaynaqlanan yuxarıda qeyd etdikləri istəkləri nəticəsində yeni məscid tikməyə nail oldular. Bir sözlə müsəlmanlar əldə olan hər şeylərini ortaya qoyaraq Təbuk səfərinə hazırlaşarkən Əbu Amir və onun dəstəsi bir fitnə yuvası inşa etməklə məşğul idi. Onu da qeyd edək ki, tarixi rəvayətlərə görə Bizans ordusunun Mədinəyə hücum edəcəyi xəbərinin yayılması, həmçinin Heraklın belə bir səfərə, ərəb çöllərinə səfərə razı salınması Əbu Amirin İslam aleyhinə nə qədər səylə çalışdığının dəlili idi. Ancaq onun bütün bu səylərinin ciddi bir nəticəsi olmamış və bu şəxs Şamda dünyasını dəyişmişdir.
Qeyd: Yazının davamını buradan oxuya bilərsiniz.
Nazim Mustafayev
Tətbiqimizi yükləyə bilərsiniz