“Tofiq Yaqublunun vəziyyəti sabitləşir” – Adil Qeybulla


İnzibati qaydada həbs olunan, 7 gündür aclıq aksiyası keçirdiyi bildirilən və yanvarın 11-də Məlikov adına 6 saylı Xəstəxanaya yerləşdirilən Milli Şuranın üzvü Tofiq Yaqublunun vəziyyətinin sabitləşdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinə yanvarın 12-də ona baş çəkən həkim Adil Qeybulla danışıb.
Onun sözlərinə görə, T.Yaqublu aclığa uyğun müəyyən çəki itirib:
“Amma onun yaşı və həbsdən əvvəl edilmiş əməliyyatdan (öd kisəsindən əməliyyat olunub - red.) tam reabilitasiya olunmaması öz təsirini göstərir”.
Həkim bildirib ki, yanvarın 11-də xəstəxanada müalicə tədbirləri görülüb:
“Bunun nəticəsində o, özünü nisbətən yaxşı hiss edir. Amma bununla yanaşı, sadaladığım məsələləri nəzərə alsaq, onun aclıq aksiyasına vaxtında son qoyulsa, yaxşı olardı”.
Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Maya Yaqublu yanvarın 7-də həbsdə olan həyat yoldaşı Tofiq Yaqubluya dəstək məqsədiylə aclıq aksiyasına başladığını bildirib. Yanvarın 10-da axşam saatlarında onun vəziyyəti pisləşib, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, Maya Yaqublu aclığı dayandırmayıb. Ötən gün isə Tibb elmləri doktoru, professor Adil Qeybulla təcridxanada Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb, onu müayinə edib.  Həmçinin, Müsavat Partiyasının üzvü Əziz Məmiyev və 13 AXCP üzvü də Tofiq Yaqubluya dəstək məqsədi ilə başladıqları aclığı davam etdirir. T.Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.

DİGƏR XƏBƏRLƏR

Top