Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə edib


Tibb elmləri doktoru, professor Adil Qeybulla təcridxanada Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb, onu müayinə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə T.Yaqublunun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

“Atamın vəziyyətinin son dərəcə kritik olduğunu və təzyiqinin 80-60-a düşdüyünü bildirdi. Oturub qalxanda başgicəllənmələri olduğunu, özünü çox halsız hiss etdiyini dedi. Təsəvvür edin, indi o qədər arıqlayıb ki, son aclıqda belə heç bu qədər arıqlamamışdı. Həkim qeyd edir ki, Tofiq Yaqublu dərhal xəstəxanaya köçürülməsə, hər an səhhətində geridönməz hal baş verəbilər”.


N.Həzi əlavə edib ki, təcili bir tədbir görülməsə, T.Yaqublu öləcək.
O qeyd edib ki, həkim A.Qeybulla T.Yaqublunun səhhətiylə bağlı özü açıqlama verəcək.
Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanlanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Bundan əlavə Maya Yaqublu yanvarın 7-də həbsdə olan həyat yoldaşı Tofiq Yaqubluya dəstək məqsədiylə aclıq aksiyasına başladığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top