Kredit kartı alan zaman nələrə diqqət etmək lazımdır?


Son 1 ildə Azərbaycanda istifadə olunan plastik kartların (ödəniş kartı) sayı 2 milyondan çox artıb. Əgər ötən ilin ikinci yarısının sonunda ölkə vətəndaşlarının əlində 10 milyon 51 min ədəd plastik kartı olubsa, artıq bu ilin ilk yarısının sonunda onların sayı 12 milyon 244 min ədədə çatıb.
Döriyyədə olan plastik kartların 87%-ni debet kartları təşkil edir. Debet kartları (sosial, əmək haqqı və digər) kart sahibinə ancaq hesabında olan pul vəsaiti qədər əməliyyat həyata keçirməyə imkan verir. İnsanlar, adətən, əllərində olan debet kartlardan nağd vəsait əldə etmək üçün faydalanırlar.
Debet kartlardan fərqli olaraq kredit kartları hesablaşma zamanı nəğd kredit istifadə imkanını yaradır. Bu kartlarla ödəmələr icazə verilən kredit limiti çərçivəsində həyata keçirilir.
Azərbaycanda kredit kartlarına maraq son illər sürətlə artmaqdadır. Müqayisə üçün qeyd edək ki, son 5 ildə kredit kartlarının sayı 2 dəfədən çox artaraq 623 mindən 1 milyon 551 minə yüksəlib. Kartların sayına paralel olaraq aparılan əməliyyatların və vəsaitlərin də həcmi artıb. Ötən ilin iyun ayında kredit karları ilə 2,9 milyon əməliyyat (2,9 milyard manat) aparıldığı halda, bu ilin iyun ayında 52,9 milyard əməliyyat (5 milyard manat) aparılıb.
Kredit kartlarına marağın artması banklar tərəfindən təqdim olunan kartların da sayını artırır.
Xəbəri rus dilində oxuyun:  На что следует обратить внимание при выборе кредитной карты?

Belə olan halda, insanlar kredit kartı alarkən nələrə diqqət etməlidirlər?
Hansı bankın daha sərfəli şərtlərlə kredit kartı təklif etdiyini başa düşmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır:
- Kartın növü
Hazırda bütün dünyada, o cümlədən də Azərbaycanda əsasən iki kart növündən – “Viza” və “MasterCard”dan istifadə olunur. Əgər siz kredit kartını yalnız Azərbaycanda istifadə edəcəksiniszə, o zaman bu iki kart arasında heç bir fərq yoxdur. Yox, əgər xarici ölkələrə səfər edib və orda kredit kartından istifadə edəcəksinizsə, o zaman hansı kartı seçdiyinizə diqqət etməlisiniz.
Bilmək lazımdır ki, "Visa” – ABŞ-a məxsus ödəniş sistemidir. “MasterCard” isə Avropaya. Belə olan halda “Visa” ödəniş sistemi üçün əsas valyuta ABŞ dolları, “MasterCard” üçün isə həm ABŞ dolları, həm də avro ola bilər.
Aşağıdakı nümunədə hansı ölkədə hansı kartın daha sərfəli olduğunu görəcəksiniz:
Məsələn, siz Fransaya səfər etmisiniz. Burada “Viza” kartla ödəniş edirsiniz. Əgər hesabınız manat hesabıdırsa, onda valyuta konvertasiyası (bir valyuta növünün anlıq məzənnəyə uyğun olaraq digər valyutaya dəyişdirilməsi) zamanı hesabınızdakı vəsait əvvəlcə dollara sonra avroya çevriləcək. Yəni ardıcıllıq belə olacaq – AZN-USD-EUR. Lakin siz Fransada “MasterCard” ilə ödəniş etsəniz, onda cəmi bir konvertasiya  olacaq– AZN-EUR. Belə olan halda məzənnə fərqindən əlavə itkiləriniz olmayacaq.
ABŞ-a səfər etdiyiniz zaman isə yuxarıdakı vəziyyətin tam əksi ilə qarşılaşacaqsınız. Yəni ABŞ-da “Viza” kartlarından istifadə “MasterCard”dan daha sərfəli olacaq.
ABŞ və Avropadan başqa bir ölkəyə səfər etdiyiniz zaman isə ən azı 3 pilləli konvertasiya ilə qarşılaşacaqsınız. Məsələn, Türkiyədə kartla ödəniş etsəniz “Viza” kartda konvertasiya ardıcıllığı – AZN-USD-TRY, “MasterCard” kartında isə - AZN-EUR-TRY şəkilində olacaq.
“Viza” ya da “MasterCard” olmasından asılı olmayaraq banklar əsasən 4 cür – “Klassik”, Qızıl”, “Platin” və “Kobrend” kartları təklif edir. Ən geniş yayılan kart növü “Klassik kartlar” adlanır. Bu kartlarda bankların təqdim etdiyi bütün standart xidmət növləri mövcuddur. Bütün bank müştərilər üçün təqdim edilir.
“Klassik kartlar”dan fərqli olaraq “Qızıl kartlar”da daha yüksək kredit limiti olur.
“Platin kartlar” isə adətən daha imtiyazlı kartlar hesab olunur. Bu cür kartları üçün banklar bir-sıra əlavə xidmətlər təqdim edirlər. Məsələn, “Platin kart”ı olan şəxsə bank mütəxəssisləri 24 saat ərzində xidmət göstərə bilər.
“Kobrend kartlar”ı əsasən bonus proqramları ilə birlikdə istifadəçilərə təqdim olunur. Kartdan xərclədiyiniz məbləğlər sizə bonus xallar qazandırır.

Kreditin rahat ödənilməsi
Kredit kartı aldığınız bankın filiallarının sayı, iş və ya yaşayış yerinə yaxınlığı, “cash in” funksiyası olan bankomat şəbəkəsinin genişliyinə diqqət etmək lazımdır. Bəzən kredit kartı alan zaman buna diqqət edilmir. Əlavə vaxt itirməmək və rahat ödəniş etmək üçün bu sadalananları nəzərə almaq lazımdır.

Güzəşt müddəti
Kredit kartından nağd və ya nağdsız şəkildə istifadə edilmiş vəsaitlərin bank tərəfindən təyin edilmiş müddət intervalında tam faizsiz şəkildə banka geri ödənilməsi üçün təyin edilmiş bir şərtdir. Güzəşt müddətinin çox olması kredit kartının əsas üstünlüyü hesab olunur. Azərbaycanda bankların kredit kartları üçün müəyyən etdiyi güzəşt müddəti 30-45 gün arasında dəyişir. 

Faizlər
Pul köçürmələri və nağd pul çıxarılması üzrə faizlər. Kredit kartı ilə etdiyiniz ödənişləri vaxtında (güzəşt müddəti ərzində) geri ödəmədiyiniz zaman sizdən əlavə faiz tutulur. Bu faziləri kartın sahibi olan banklar müəyyən edir və bir-birindən fərqlənir. Ona görə də kart seçərkən bu faizlərə diqqət etmək lazımdır. Azərbaycanda bankların kredit kartları üçün müəyyən etdiyi faizlər 20-30% arasında dəyişir. Bundan başqa siz kartdakı vəsaiti nağdılaşdıran zaman da əlavə faiz tutula bilir. Bunu da hər bir bank fərdi şəkildə müəyyən edir. Əksər hallarda banklar onlara məxsus bankomatlardan nağdılaşdırma zamanı faiz tutmurlar. Faiz yalnız digər banklara məxsus bankomatlardan nağdılaçdıran zaman tutulur. Bu səbəbdən də kredit kartı aldığınız bankın bankomat şəbəkəsinin genişliyinə xüsusi diqqət etmək lazımdır.

İstifadə rahatlığı və əlavə imkanlar...
Bir çox kredit təşkilatları müştərilərinə kredit kartlarından istifadəni mümkün qədər sadə və rahat edən əlavə xidmətlər (pullu və ya pulsuz) təklif edirlər. Belə xidmətlərə internet bankçılıq, SMS xəbərdarlıqları, 24 saat xidmət göstərən zəng mərkəzi, operator vasitəsilə telefonla əməliyyatlar aparmaq imkanı və s.
Bunlardan başqa bonus proqramlarının mövcudluğuna da diqqət etmək lazımdır.  Kredit kartının məxsus olduğu banklar partnyor şirkətlərlə əməkdaşlıq edərək kart sahibinə endirimlər, balların toplanması, xüsusi imtiyazlar təqdim edə bilir. “Kobrend kartlar” ilə topladığınız xalları hava milinə, benzin litrlərinə, mobil rabitədə danışıq dəqiqələrinə, alış-veriş üçün ödəməyə pul və s. çevirmək mümkündür. “Cash back” funksiyalı kredit kartları ilə müştəri, məsələn, iri pərakəndə satış şəbəkələrində və müxtəlif xidmətlər göstərən şirkətlərdə xərclənən pulu (alış məbləğinin 1-5%-i həcmində) hesaba geri qaytara bilər.

Nağd ödəniş etmədən alış-veriş etməyimizə imkan verən ödəniş kartları ilk dəfə 19-cu əsrin ikinci yarısında Amerika Birləşmiş Ştatlarında (ABŞ) ortaya çıxıb. İlk ödəniş kartı 1854-cü ildə “Hotel Credit Letter Company” adlı şirkət tərəfindən istifadəyə buraxılıb. Təbii ki, o zaman istifadə olunan ödəniş kartları müasir kartlardan fərqli olaraq məhdud imkanlara sahib olub. Məsələn, haqqında bəhs etdiyimiz ilk ödəniş kartının imkanlarından yalnız bir neçə turizm şirkəti faydalana bilirmiş. Müasir ödəniş kartlar isə ötən əsrin ortalarında meydana çıxıb. O zamanlar elektron texnologiya geniş şəkildə tətbiq olunmadığı üçün insanlar nağd ödəniş əvəzinə imzalı kağızlardan istifadə edirdilər. Eyni zamanda o dövrdə ödəniş kartına sahib olmaq hər kəsə nəsib olmurdu. Lakin, ötən əsrin 90-cı illərində İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində baş verən inqilabi yeniliklər ödəniş kartlarından istifadəni də kütləviləşdirdi...

"Fraza" jurnalı, Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top