"Putin diktaturasının respublikaçıların qələbəsindən mədət umması acizlikdir"


“Gözlənildiyi kimi, respublikaçılar Nümayəndələr Palatasında çoxluq əldə etdilər. Senat isə böyük ehtimalla demokratların nəzarətində qalır. Respublikaçılar (xüsusən trampçı qanad) Senat seçkilərində ümidini Pensilvaniyada türk Mehmet Özün qələbəsinə bağlamışdı, lakin doktor Öz demokrat Fettermana uduzdu”.
Yeniavaz.com
xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ABŞ-da keçirilən Konqres seçkilərini şərh edərkən bildirib.
Ş. Cəfərlinin fikrincə Florida qubernatoru seçkilərində parlaq qələbə qazanan respublikaçı Ron DeSantis Donlad Trampın partiyadaxili prezidentlik yarışında əsas rəqibi ola bilər:
“Respublikaçıların gözlədiyi qələbə bu deyildi: "qırmızı dalğa"nın baş tutmadığını söyləmək olar. Nümayəndələr Palatasındakı üstünlük də kövrək görünür, ehtimal edilir ki, aşağı palatada qüvvələr nisbəti bir-birinə çox yaxın (219 - 216) olacaq.
Konqresə seçkilərin nəticələrinin qarşıdakı prezident seçkiləri kampaniyasına mümkün təsirləri hazırda daha önəmli və aktual mövzudur. Tramp seçkidən bir gün əvvəl elan etdi ki, ayın 15-də çox vacib bəyanatla çıxış edəcək. Gözlənilir ki, o, 2024-cü il prezident seçkilərində namizəd olacağını açıqlayacaq. Güman ki, Tramp Konqres seçkilərində gözlənilən böyük zəfər sonrası təntənəli şəkildə namizədliyini elan edərək rüzgarı arxasına almağı planlamışdı. Amma qeyd etdiyimiz kimi, bu zəfər o qədər də parlaq olmadı.
Florida qubernatoru seçkilərində respublikaçı Ron DeSantisin parlaq qələbəsi isə Trampı məmnun edə bilməz, çünki bu şəxs partiyadaxili prezidentlik yarışında onun əsas rəqibi ola bilər. DeSantisin 20% kimi fantastik fərqlə təkrar qubernator seçilməsi bir tərəfdən onun ambisiyalarını, digər tərəfdən isə partiya içərisində ona diqqəti artıracaq. Respublikaçıların sponsorları da praymerizə qatılacağı halda, qubernatoru həvəslə maliyyələşdirəcəklər.
Əslində demokratlar Trampın namizəd olmasını daha çox istəyər, nəinki DeSantisin. Çünki Tramp təhlükəsi demokratların və onlara meyl edən müstəqil seçicilərin konsolidasiyasına səbəb olur, nəticədə bu kütlələr sırf Tramp seçilməsin deyə demokrat namizədin kimliyinə baxmadan həmin namizədə səs verirlər. (2020 seçkilərində belə oldu.) Konqres seçkilərində respublikaçıların sönük nəticə göstərməsində Trampın açıqlaması (15 noyabrda namizədliyini elan edəcəyi gözləntisi yaratması) da rol oynamış ola bilər.
Nümayəndələr Palatasındakı dəyişiklik daxili siyasətdə administrasiyanın işini bir qədər çətinləşdirəcək, xarici siyasətə isə ciddi təsir etməyəcək. Ukraynaya dəstək davam edəcək, bəzi trampçı populistlər istisna olmaqla, respublikaçıların bu dəstəyi dayandırmaq kimi bir gündəmi yoxdur. Ukrayna ilə bağlı ikipartiyalı konsensus və vahid dövlət siyasəti mövcuddur.
Putin diktaturasının ABŞ-dakı seçkilərə diqqət kəsilib, respublikaçıların qələbəsinə ümid etməsi və bundan mədət umması acizliyin növbəti əlamətidir”.

DİGƏR XƏBƏRLƏR

Top