Azarkeşləri “Putin” şüarları səsləndirən “Fənərbağça”ya nə cəza veriləcək?


Xəbər verdiyimiz kimi, iyulun 27-də Türkiyənin İstanbul şəhərində Ukraynanın “Dinamo Kiyev” komandası ilə qarşılaşan “Fənərbağça” klubunun azarkeşləri Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin “Fənərbağça” - “Dinamo” (Kiyev) matçında türkiyəli futbol azarkeşlərinin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, türkiyəli hüquqşünas Emin Öztürk “Sözcü”yə açıqlamasında UEFA-nın “Fənərbağça”ya verəbiləcəyi mümkün cəzalardan danışıb.
O bildirib ki, azarkeşlərinin bu hərəkətinə görə “Fənərbağça” ağır formada cəzalandırıla bilər:
“Belə hallar UEFA İntizam Sərəncamının 16.2. maddəsi çərçivəsində qiymətləndirilir və bu maddəyə görə, idman yarışlarında uyğun olmayan siyasi, ideoloji, dini və ya təhqiramiz mesajlar bildirən sözlər, əşyalar, bannerlər və oxşar vasitələrdən istifadə etmək qadağandır. Ona görə də hesab edirəm ki, baş verən hadisə bu maddə çərçivəsində dəyərləndirilə bilər.
Bundan əvvəlki belə hallara nəzər saldıqda UEFA-nın üstünlük verdiyi cəza növü pul cəzasıdır. Məsələn, 2022-ci ilin fevralın 17-də keçirilmiş “Marsel” - “Qarabağ” oyununda Marsel tərəfdarlarının “Qarabağ Ermənistandır” yazılı plakatına görə UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Marsel”ə 20 min avro pul cəzası verib. Belə bir praktika olduğu halda UEFA “Fənərbağça”ya çox böyük bir cəza verməməlidir.
Amma burada Avropa ictimaiyyətinin Ukrayna-Rusiya müharibəsinə ümumi yanaşmasını nəzərə alsaq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin özünü təzyiq altında hiss edərək verəcəyi cəzada normal vəziyyətə görə daha sərt yanaşması ola bilər.
Günün şərtləri və hadisəyə görə cəzanın artırıla biləcəyini nəzərə alsaq, “Fənərbağça” tərəfdarlarının etdiyi bu hərəkətə görə klubun digərləri ilə müqayisədə daha ağır cərimələnməsi təəccüblü olmaz”.

DİGƏR XƏBƏRLƏR

Top