Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Yevlax rayonunda PPX (Post Patrul Xidməti) avtomobili körpüdən Kür çayına düşüb.
Yeniavaz.com-un əməkdaşı hadisə şahidlərinə istinadən xəbər verir ki, "Fitat" markalı polis avtomobili idarəetmədən çıxaraq körpüdən Kür çayının su axınının güclü olduğu 4 metr dərin hissəsinə düşüb. Bildirilir ki, ətrafda olan şəxslər avtomobildə qalan Kamran Məmmədovu çıxartmağa çalışsalarda güclü axın onu əvvəlcə avtomobildən kənara, sonra isə önünə salaraq çayın axarına sürükləyib.
Batan avtomobil FHN-nin xilasediciləri tərəfindən çıxarılsa da polis əməkdaşının axtarışları davam edir.
Xatırladaq ki, qəza zamanı avtomobildə 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu çayda batan avtomobildən sağ qurtarılaraq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb.
Esmira Hidayətova, Yevlax