Artıq 9-cu gündür ki, Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə aclıq aksiyası keçirdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə T.Bağırzadənin müavini Elçin Qasımov MBH-nin sədri ilə bağlı məlumat yayıb.
O bildirib ki, bu gün T. Bağırzadənin atası və ailəsilə görüşə icazə verilməyib:
“Şifahi olaraq səhhətinin normal olduğu deyilib. Lakin bir daha bu durumun ürəkaçan olmadığını, Hacının səhhətindən ciddi narahatçılığımızı bəyan edirik”.
Qeyd edək ki, Elçin Qasımov bundan əvvəl bildirmişdi ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb: “Tale Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Tale Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır. Tale Bağırzadə bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcəyini söyləyib”.
Həmçinin oxuyun: Vergi borcu olan şirkət Maliyyə Nazirliyinə tualet kağızı satacaq