Dünyasını dəyişən hərbçinin ipoteka borcu hələ ödənilməyib: "Müdafiə Nazirliyi vədinə əməl etmədi"


Ötən il ağır xəstəlikdən vəfat edən kapitan Məmməd Quliyevin ailəsi çətin vəziyyətdədir. Belə ki, ailənin iddiasına görə, hərbçinin vəfatından sonra Müdafiə Nazirliyi ailənin ipoteka borcunu ödəməklə bağlı verdiyi vədi hələ də yerinə yetirməyib. 
Məsələ ilə bağlı kapitan Məmməd Quliyevin həyat yoldaşı Aytac Quliyeva Yeniavaz.com-a müraciət edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin köməkçisi Aydın Eyyubov da ailənin bütün problemlərinin həll olunacağına dair vədlər verib:
“Aydın Eyyubov yoldaşımın vəziyyəti ağır olarkən, bizə dedi ki – “Vəzifəmdən kənar qardaş sözü verirəm, nə köməklik lazımdırsa, ediləcək. Ailənizə böyük hörmətim var. İpotekanı da həll edəcəyik”. Lakin bütün deyilənlər yalan oldu. Bizə köməklik göstərilmədi. Mən nə qədər müraciət etsəm də, xeyri yoxdur. Yoldaşımı itirən gündən çox çətin vəziyyətdəyəm. Məcbur evimi satışa çıxarmışam. Çünki həm ipoteka borcumuzu, həm də övladımın təhsil xərclərini ödəyə bilmirəm. Qızım son ümid olaraq prezidentimiz İlham Əliyevə məktubla müraciət edib”
 Hərbçinin həyat yoldaşı Aytac Quliyeva sözügedən məktubu da redaksiyamıza göndərib. Həmin məktubun bir hissəsini təqdim edirik: 
“Mən Aysu Quluzadə, 14 yaşım var. Hərbçi qızıyam. Amma yaşadıqlarımdan sonra təəssüf edirəm. Bilirsiniz niyə? Atam hərbçi olduğu üçün mən uşaqlığımı atasız keçirtdim. Bəzən uşaq ağlımla dua edirdim ki, Allahım atam işləməsin, mən onunla oynayım, gəzim. Dualarım qəbul oldu. Atamı tərxis etdilər. Çünki atam sağlamlığını itirdi. Atam illərlə yataq xəstəsi oldu. Ona yardım etmədilər. Tanınmış biri olsaydı, yardım edən çox olardı. Hərbçi bu qədər dəyərsizdir? Atam sağ qalmayacağını düşündüyü üçün nazirlikdən son xahişini yerinə yetirməklərini istədi. O dedi ki, “Mənim evim ipotekadadır. Xahiş edirəm həmin ipoteka borcumuzu bağlayın. Ailəm illərdir mənə görə əziyyət çəkir. İstəyirəm ki, vəfatımdan sonra onlar ev problemi yaşamasınlar". Dedilər, narahat olma, bağlanacaq. Anama da dedilər ki, heç kimə müsahibə verməyin, narahat olmayın, hər şey həll olunacaq. Atamı apardılar, bizə göstərmədilər. 10 gün sonra ölüm xəbərini verdilər. Mən həmişəlik atasız qaldım”.  
Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin tələbinə əsasən quruma sorğu göndərdik. Lakin sorğumuz hələ cavablandırılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top