Vergi borcu olan şirkət BŞTİ-nin 45 minlik tenderini uddu - YENİLƏNİB


Bakı Şəhər Təhsil İdarəsi keçirilən tenderlə bağlı açıqlama yayıb.
İdarədən Yeniavaz.com-a verilən məlumatda bildirilib ki, müvafiq xidmətlərin satın alınması ilə əlaqədar təkliflər sorğusu üsulu ilə satınalma prosesi keçirilmiş və nəticələr haqqında tender komissiyasının yekun protokoluna əsasən “STONE CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib:
"Həmin təşkilatla 20 oktyabr 2021-ci il tarixində satınalma müqaviləsi bağlanıb. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilmiş satınalmanın yekununda bağlanmış satınalma müqaviləsi www.etender.gov.az internet saytında müvafiq bölmədə dərc olunur. Belə ki, satınalma müqaviləsi portala yerləşdirilən zaman müqavilənin məbləği təqdim olunmuş 45 176,30 (qırx beş min yüz yetmiş altı manat otuz qəpik) manat əvəzinə 4 517 630 (dörd milyon beş yüz on yeddi min altı yüz otuz manat) manat kimi dərc olunmuş, portalda baş vermiş texniki xəta səbəbindən müvafiq məbləğ düzgün ifadə edilməmişdir.
Onu da qeyd edək ki, imzalanmış satınalma müqaviləsinin skan versiyası da həmin portala yerləşdirilib və portala daxil olaraq həmin müqaviləyə də baxmaq mümkündür. Həmin müqavilədə də məbləğ 45 176,30 (qırx beş min yüz yetmiş altı manat otuz qəpik) manat kimi qeyd olunmuşdur".

***15:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Stone Construction” QSC (VÖEN - 1600914951) olub.

Yeniavaz.com xəbər verir ki, Təhsil İdarəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinə görə “Stone Construction” QSC-yə 4 milyon 517 min 630 manat ödəyəcək.

Nizamnamə kapitalı 2010 manat olan “Stone Construction” QSC-nin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur. QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pros., ev 29-da yerləşir.
Qeyd edək ki, 4 milyon yarımlıq tenderin qalibi olan QSC-nin 8 min 552 manat 94 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

Həmçinin oxu: Paytaxtın kanalizasiya xətti olmayan daha bir məktəbi… - TENDER
Kanalizasiyaya “axıdılan” milyonlar - ARAŞDIRMA

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top