Kanalizasiyaya “axıdılan” milyonlar – ARAŞDIRMA


Bakının Xəzər rayonunun Türkan qəsəbəsində fəaliyyət göstərən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə “Epsilon Servis” MMC adlı şirkətə 29 min 999 manat 88 qəpik dəyəcək.
Yeniavaz.com xəbər verir ki, “Epsilon Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinin elan etdiyi tenderin qalibi olub.
Qeyd edək ki, bir il əvvəl 6 nömrəli Respublika xüsusi internat məktəbinin "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə keçirdiyi tenderin qalibi “Anar Servis” MMC olub. Bu il “Epsilon Servis” MMC-yə ödəniləcək məbləğin eynisi (29 min 999 manat 88 qəpik) ötən il “Anar Servis” MMC-yə ödənilib.
Onu da bildirək ki, tenderin qalibi olan “Epsilon Servis” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda "“Epsilon Servis” MMC-nin 08.06.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, 8-ci keçid, ev 11 -da yerləşən şirkətin qanuni təmsilçisi Yəhyayev Rahim Məmmədhənifə oğludur.
“Epsilon Servis” MMC ilə eyni gündə - 08.06.2016-cı ildə qeydiyyata alınan “Dostluq Konsaltinq” MMC isə 2 il əvvəl "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədlə 6 nömrəli Respublika xüsusi internat məktəbilə müqavilə imzalayıb.
“Dostluq Konsaltinq” MMC ilə “Anar Servis” MMC eyni hüquqi ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79 – da qeydiyyata alınıb. Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı da eynidir - “Dostluq Konsaltinq” MMC -nin qanuni təmsilçisi Miriyev Famil,  “Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailə.
Maraqlıdır ki, “Dostluq Konsaltinq” MMC ilə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə, qanuni təmsilçisi də eyni şəxs olan daha bir şirkət - “Dostluq Servis” MMC də qeydiyyatdan keçib.
“Dostluq Servis” MMC də ötən il 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbinə “İçməli su” satıb. Həmin tarixlərdə “Anar Servis” MMC ilə 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbi arasında “Çirkab suyun daşınması” barədə müqavilə imzalanıb.

“Çirkab suyu daşıyan” şirkət, həm də milli rəqs paltarları satır
Diqqət çəkən məqamlardan biri də odur ki, “Anar Servis”, “Dostluq Konsaltinq” və “Dostluq Servis” MMC təkcə “İçməli su” satmaq və “Çirkab suyun daşınması” xidmətini həyata keçirməyiblər.
- 17.08.2020-ci il tarixli məlumata görə “Dostluq Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 22 min 125 manat dəyərində milli rəqs paltarları satıb.
- 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 29 min 326 manat 30 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.
- 20.06.2020-ci il tarixli məlumata görə “Dostluq Konsaltinq” MMC Təhsil Nazirliyinə 35 min 106 manat dəyərində  təsərrüfat ləvazimatları, mal və materiallar satıb.
- 30.10.2020-ci il tarixli məlumata görə “Dostluq Servis” MMC Təhsil Nazirliyinə 10 min 999 manat dəyərində dəvtərxana və təsərrüfat malları satıb.
- 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 40 min 400 manat dəyərində hədiyyə xarakterli mallar satıb.
- 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 4 min 999 manat 88 qəpik dəyərində “Çirkab suların daşınması” xidmətini göstərib.
- 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 25 min manat dəyərində içməli və texniki su satacaq.
- 23.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 4 nömrəli Respublika xüsusi internat məktəbinə 20 min 580 manat dəyərində içməli və texniki su satacaq.
- 14.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinə 19 min manat dəyərində içməli su satacaq.
Onu da qeyd edək ki, nə “Dostluq Servis”, nə “Dostluq Konsaltinq”, nə də “Anar Servis” MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil.

Şirkətləri  bir-birinə nə bağlayır?
- Adları qeyd olunan şirkətlərdən 3-nün hüquqi unvanı eynidir – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79.
- Şirkət təxminən eyni tarixlərdə dövlət qeydiyyatına alınıb.
- Şirkətin nizamnamə kapitalı eynidir – 200 manat.
- Şirkətlərdən 2-nin qanuni təmsilçiləri eyni şəxsdir.

Yüksək səviyyədə təmir olunan müəssisələrdə niyə su xətti yoxdur?
Yazıda adları qeyd olunan, həmçinin adları bu yazıda qeyd olunamayan və ayrı-ayrı MMC-lərdən olduqca baha qiymətə içməli su satın alan müəssisələr yaxın tarixlərdə yüksək səviyyədə təmir olunublar.
- Türkan qəsəbəsində yerləşən 6 nömrəli Respublika xüsusi internat məktəbi  Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində 2014-cu ildə yenidən qurulub.
- Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə yenidən qurulub
- Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyası 2014-cü ildə yenidən qurulub.
- Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi isə 2011-ci ildən etibarən fəaliyyət göstərir.
- Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli İnternat Məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2012-ci ildə əsaslı təmir edilib.
Maraqlıdır ki, son illərdə yüksək səviyyədə yenidən qurulan bu müəssisələrin yaxınlığnda yerləşən digər tikililərdə və ərazlərdə içməli su mövcud olsa da, adları qeyd olunan müəssisələrdə içməli su və kanalizasiya xətti mövcud deyil.

Milyonlar kanalizasiyaya necə “axıdılır”?
Onu da qeyd edək ki, içməli su və kanalizasiya xəttinin olmaması səbəbindən dövlət büdcəsindən “İçməli su” almaq və “Çirkab suyun daşınması” üçün milyonlara vəsait sərf olunmaqdadır. 
Nümunə üçün bildirək ki, "Dostluq Servis" MMC ötən il 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə 20 min kub metr içməli su satıb. Bu miqdarda suyun satın alınması üçün 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbi MMC-yə 80 min manat ödəyib. Rəqəmlərdən də göründyü kimi 1 kub metr içməli suyun qiyməti 4 manat təşkil edib. Qeyd edək ki, bu qiymət “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (o zamanki qiymət 0,35 manat) müqayisədə 11,4 dəfə çoxdur.
Bənzər vəziyyət çirkab suların daşınmasında da müşahidə olunmaqdadır. "Fatimə-R" MMC ötən il Respublika Psixiatriya Xəstəxanası ilə 2 min 961 kub metr həcmində çirkab suyun daşınması üçün müqavilə imzalayıb. Bu miqdarda çirkab suyun daşınması üçün Respublika Psixiatriya Xəstəxanası MMC-yə 48 min 856 manat 50 qəpik ödəyib. Rəqəmlərdən də göründyü kimi 1 kub metr çirkab suyun daşınması 16,5 manata baş gəlib. Qeyd edək ki, bu qiymət “Azərsu” ASC-nin çirkab suların daşınması üçün əhalidən aldığı puldan (o zamanki qiymət 0,15 manat) müqayisədə 110 dəfə çoxdur.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top