Təsəvvüf düşüncəsinin dini təməlləri – 4


Yazının əvvəlini buradan oxuya bilərsiniz.
Quranın ifadəsi ilə, Cənab Allahın (c.c) sevgisini qazanmaq Həzrət Peyğəmbərimizə (s.ə.s) tabe olmaqla mümkündür. Ayədə belə buyurulmuşdur: “(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir” (Ali İmran, 3/31). Yenə ayənin ifadəsi ilə, Allah Rəsuluna (s.ə.s) itaət etmək Cənab Allaha (c.c) itaət etməkdir: “Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar” (Nisa, 4/80).
Həzrət Peyğəmbərimiz (s.ə.s) möminlərin bir-birlərini Allah üçün sevmələrinin çox əhəmiyyətli olduğunu qeyd etmişdir. Qudsi hədisdə, yəni məna olaraq Uca Yaradana (c.c), söz və ifadə ediliş şəkli olaraq Həzrət Peyğəmbərə (s.ə.s) aid olan bir hədisdə belə buyurulmuşdur: “Bir-birini mənim üçün sevənləri sevməyim vacibdir” (İmam Malik, Muvatta, Şeir, 16; Əhməd ibn Hənbəl, Müsnəd, V, 233). Bu haqda digər hədislərdə belə buyurulmuşdur: “Bir-birinizi sevmədikcə iman etmiş olmazsınız” (Muslim, İman, 93; Əbu Davud, Ədəb, 131). Bu hədislərdən anlamaq olar ki, möminlər arasındakı sevgi ilə kamil bir iman arasında sıx bir əlaqə vardır: “Bir şəxs özü üçün istədiyini mömin qardaşı üçün istəmədikcə iman etmiş olmaz” (Buxari, İman, 7).
Uca dinimiz İslam möminləri bir-birlərinə sevgi və dostluq bağları ilə bağlamış, onların qəlblərini mənən birləşdirmiş və beləliklə bir cəmiyyət və ümmət formalaşdırmışdır. Bu sevgi bağları müsəlmanları həm Cənab Allaha (c.c), həm Həzrət Peyğəmbərimizə (s.ə.s), həm də möminləri bir-birlərinə bağlayır. Bu mənada müsəlmanlar yaxşı və pis, sevincli və kədərli günlərində həmişə bir-birilərinin yanında olmalıdırlar. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “İnsan sevdiyi ilə birlikdədir” (Buxari, Ədəb, 69; Müslim, Birr, 165).
Bir müsəlmanın Allahın (c.c) qəzəbinə düçar olmamaq və cəhənnəm əzabından xilas olmaq üçün Uca Yaradana (c.c) ibadət etməsi caizdir, yəni mənəvi gücünü cəhənnəm qorxusundan alaraq ibadət etmək qəbul ediləndir. Ümumiyyətlə insanların, xüsusən də zahidlərin bu məqsədlə ibadət etdiklərini deyə bilərik. Əslində cənnətə girmək və oradakı nemətlərdən bəhrələnmək üçün Allaha ibadət etmək əvvəlkindən, yəni cəhənnəm qorxusu ilə ibadət etməkdən daha üstündür. Ancaq nə cəhənnəm qorxusu, nə də cənnət sevdası üçün deyil, məhz Allahın (c.c) əmrlərinə itaət etmək və Onun (c.c) rizasını qazanmaq üçün Allaha (c.c) ibadət etmək daha yüksək məqamdır. Bu sonuncuibadət artıq sevgiyə əsaslanan ibadətdir. Bu həm də sevənin sevgilisinə itaət etməsi və əmrlərinə boyun əyməsi mənasındakı xoş bir ürəklə yerinə yetirilən bir itaət və ibadət halıdır. Bütün peyğəmbərlərin (ə.s), hələ həyatda ikən cənnətlə müjdələnən on səhabənin və Cənab Allahın (c.c) xalis bəndələrinin ibadəti belədir. Sufi qadın və İslam alimi Rabiatul-Adəviyyə ibadəti cəhənnəm qorxusuna görə, ya da cənnət sevdasına görə deyil, məhz Allah (c.c) üçün və Allahın (c.c) sevgisini qazanmaq adına edilməli olduğunu qeyd etmişdir.
Təsəvvüf təlimində əsas hədəf bir müsəlmanın qəlbən və sevərək Cənab Allaha (c.c) ibadət etməsini təmin etməkdir. Belə bir mərtəbə və məqamda ikən Cənab Allaha (c.c) ibadət etmək insana çətin gəlməz, əksinə insana zövq və rahatlıq verər. Belə bir məqamda olan insan üçün əslində ibadət etməmək narahatlıq verər, hüzur tapa bilməz, hüzur və sükunəti yalnız Allaha (c.c) ibadət və itaətdə tapar. Həzrət Peyğəmbər (s.ə.s) dövründə mövcud olan bu anlayışın sonrakı dövrlərdə davam edərək yayılması təsəvvüfün İslami bir cərəyan olaraq ortaya çıxmasına zəmin hazırlamış və bu anlayış günümüzə qədər gəlib çatmışdır.
Zahidlikdə qorxu ünsürü, təsəvvüfdə isə sevgi ünsürü daha çox üstünlük təşkil edir. Məhz bu məqam zöhdlə təsəvvüf arasındakı ən vacib fərqdir. Zöhd anlayışında qorxu sevgini, təsəvvüf anlayışında isə sevgi qorxunu əhatə edir. Zöhd halı axirət səadətini və axirətdəki qurtuluşu əsas məqsəd götürən nisbətən xüsusi bir mənəvi haldır. Təsəvvüf isə zöhdlə müqayisədə daha çox üzü bu həyata dönük, ancaq Allahın (c.c) razılığı və sevgisini qazanmağı əsas hədəf seçən bir anlayış və həyata baxış tərzidir.
Təsəvvüfdə Allah (c.c) sevgisinin nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün sufilərin hər zaman dilə gətirdikləri qüdsi hədisdə belə deyilir: “Bəndəm mənə fərz ibadətlərlə yaxınlaşdığı qədər başqa heç bir şeylə yaxınlaşa bilməz. Bəndələrim mənə nafilə ibadətlərlə də yaxınlaşır. O qədər yaxınlaşır ki, mən onun görən gözü, eşidən qulağı, tutan əli, gəzən ayağı olaram. Artıq o mənimlə görər, mənimlə eşidər, mənimlə tutar, mənimlə gəzər (yəni baxmaq, eşitmək, gəzmək, tutmaq, ümumiyyətlə hər bir əməlini Uca Yaradın (c.c) buyurduğu istiqamətdə edər). Belə bir bəndə mənə sığınarsa onu qoruyar, məndən bir şey istərsə, istəyini yerinə yetirərəm” (Buxari, Riqaq, 38).
Təsəvvüf qulun Allaha (c.c) yaxınlaşması və Onunla (c.c) belə bir mənəvi əlaqə qurmasıdır. Allah (c.c) quluna onun şah damarından daha yaxındır (Qaf, 50/16). Cənab Allahın (c.c) adlarından biri də “əl-Qarib”dir. Bu adın mənası həmişə hər kəsə yaxın olan deməkdir. Bir də xüsusi mənada Cənab Allahın (c.c) yaxınlığını qazanan bəndələr vardır ki, ayədə bunlara “muqarrabin” deyilmişdir: “Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onun üçün rahatlıq, gözəl ruzi və Nəim cənnəti vardır” (Vaqiə, 56/88-89).
Müsəlmanlar iman və ibadət baxımından müxtəlif dərəcələrə sahibdirlər. Bir hədisdə imanın altı, İslamın beş şərti qeyd edildikdən sonra ən yüksək dərəcə olan “ehsan” məfhumundan bəhs edilmişdir: “Ehsan, Allahı (c.c) görürmüş kimi Ona ibadət etməkdir. Hər nə qədər sən Onu (c.c) görməsən də, O (c.c) səni görür” (Buxari, İman, 37; Müslim, İman 57). Bir Quran ayəsində də: “Yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir” (Bəqərə, 2/157; Maidə, 5/93) buyurulmuşdur.
Təsəvvüf əhli insanlar yuxarıdakı ayə və hədislərdən yola çıxaraq İslamın üç mərtəbəsinin olduğunu söyləmişlər. Bunlar sırasıyla iman, İslam və ehsan mərtəbələridir. İslam işin zahiri tərəfini, iman həm zahiri, həm də batini tərəfini, ehsan isə zahir və batinin həqiqət yönünü təşkil edir. İslamda Cənab Allahın (c.c) və Rəsulunun (s.ə.s) buyurduğu şəri bilgi və məlumatlar əməllə, əməl ixlasla, ixlas isə Cənab Allahın (c.c) razılığını əldə etməyə çalışmaqla kamilliyə çatar. Bu mənada möminlər bilikləri, əməlləri və dərəcələri baxımından bir-birlərindən fərqlənirlər. Quranda belə buyurulmuşdur:
“Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın (Mucadilə, 58/11).
“Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır” (Əhqaf, 46/19).
“Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha böyük üstünlüklər vardır!” (İsra, 17/21).

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top