Təsəvvüf düşüncəsinin dini təməlləri – 3


Yazının əvvəlinə buradan baxa bilərsiniz...
Başda peyğəmbərlər olmaqla bütün möminlər Cənab Allahdan (c.c) qorxurlar. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Sizin aranızda Allahı ən yaxşı tanıyan və ondan ən çox qorxan mənəm” (Buxari, Ədəb, 72; Müslim, Fəzail, 35). Digər bir hədisdə isə belə buyurulmuşdur: “Hikmətin başı Allahdan qorxmaqdır” (Acluni, Kəşful-xafa, I, 421). Cənab Allahdan (c.c) qorxan başqasından qorxmaz. Allah (c.c) qorxusu digər qorxuları silər və insanı cəsarətli edər. Bu dünyada Allahdan (c.c) qorxanlar axirətdə ikinci dəfə bu qorxunu yaşamayacaq və kədərlənməyəcəklər (Bəqərə, 2/38-62-112-262-274-277).Allah (c.c) qorxusu məsələsində çox həssas və diqqətli olan sufilər bunu təsəvvüfün əsas prinsiplərindən biri hesab edirlər. Buradakı qorxu da Allahı (c.c) sevməkdən irəli gələn və ümidlə qarışıq bir qorxudur. Buna görə də Allah (c.c) qorxusu və Allah sevgisi (c.c) bir-birini tamamlayan məfhum və anlayışlardır.
Allah (c.c) sevgisi isə İslamda mənəvi həyatın təməlini təşkil edir. Mənəvi güc və qüvvəni Allah (c.c) sevgisindən almayan bir şəxsin ibadətləri, əxlaqi davranışları İslama görə heç bir məna və dəyər daşımır. Bir mömin sevərək Allaha (c.c) ibadət edər, əmr və qadağalarına sevərək riayət edərsə, ancaq bu zaman etdiyi əməllər dəyər qazanar. Allahı (c.c) sevən bəndə Onun kəlamı olan Quranı və Rəsulu olan Həzrət Muhammədi (s.ə.s), Onun yol yoldaşları olan səhabələri, qısaca Allahın (c.c) sevdiyi hər şeyi sevər.
Quranda Allah (c.c) sevgisinin əhəmiyyətindən bəhs edən bir sıra ayələr vardır. Bir ayədə belə buyurulub: “İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir” (Bəqərə, 2/165). Bu mənadakı şiddətli və daha qüvvətli sevginin digər adı ilahi eşqdir. Həm bu ayədə, həm də bu mənaya gələn digər ayələrdə “muhəbbətullah” adlanan Allah sevgisi ilə ilahi eşqə işarə edilmişdir.
Bir müsəlman Cənab Allahı (c.c), Onun Rəsulunu (s.ə.s) və Allah (c.c) yolunda xeyir əməllər dalınca getməyi atasından, oğullarından, qardaşlarından, xanımından, soyu və nəsəbindən, mal-mülkü və sərvətindən, ticarəti və ev-eşiyindən daha çox sevməli və daha üstün tutmalıdır. Əgər bir şəxs bu sadalananları Allah (c.c) yolundakı xeyir əməllərdən daha çox sevərsə, aşağıdakı ayədə bildirilən xəbərdarlıqla qarşılaşacaqdır: “(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz” (Tövbə, 9/24). Bu o mənaya gəlir ki, bir müsəlman Allahı(c.c) və Onun Elçisini (s.ə.s) sevməli, Allah (c.c) yoluna qəlbən bağlanaraq bu sevgini daim başqa şeylərdən üstün tutmalıdır.
Həzrət Peyğəmbərimiz (s.ə.s): “Allahı (c.c) və Peyğəmbərini (s.ə.s) digər bütün şeylərdən daha çox sevməyən bir insan imanın ləzzətini dada bilməz” buyurmuşdur. Bu zaman Həzrət Ömər (r.a): “Ya Rəsuləllah! Səni özümdən başqa hamıdan və hər şeydən çox sevirəm” dedi. Həzrət Peyğəmbərimiz (s.ə.s) də belə buyurdu: “Ey Ömər! Xeyr, belə olmaz”. Həzrət Ömər (r.a) də: “O zaman Səni özümdən çox sevirəm” dedi. Allah Rəsulu (s.ə.s) da: “Ey Ömər! İndi oldu” buyurmuşdur (Buxari, İman, 9; Müslim, İman 15).
İslama görə, Allahla (c.c) bəndələri arasındakı sevgi qarşılıqlı sevgidir. Allah (c.c) bəndələrini sevir, bəndələri də Onu (c.c) sevir. Quranda belə buyurulmuşdur: “Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər” (Maidə, 5/54). İslam inancına görə, Allahın (c.c) “əl-Vədud” və “əl-Vəli” isimləri vardır. Bu o deməkdir ki, Allah (c.c) “əl-Vədud” isminin təcəllisi olaraq mömin bəndələrini sevər, yenə “əl-Vəli” isminin təcəllisi ilə də Allah (c.c) mömin bəndələrinin dostu və himayəçisidir.
Quranda Cənab Allahın (c.c) hansı bəndələrini sevdiyi bu şəkildə açıqlanmışdır:
“Şübhəsiz ki, Allah ədalətli olanları sevir” (Mumtəhənə, 60/8; Hucurat, 49/9).
“Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” (Tovbə, 9/108; Bəqərə, 2/222).
“Allah müttəqiləri sevər” (Ali İmran, 3/76; Tövbə, 9/4-7).
“Allah yaxşı əməl sahiblərini sevər” (Ali İmran, 3/148; Maidə, 5/13-93).
“Əlbəttə, Allah təvəkkül edənləri sevər” (Ali İmran, 3/159).
“Allah səbr edənləri sevər!” (Ali İmran, 3/146).
“Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir” (Bəqərə, 2/222).
Cənab Allah (c.c) bəndələri içərisində Həzrət Muhammədi (s.ə.s) ən çox sevdiyinə görə, Ona (s.ə.s) “həbibullah”, yəni Allahın sevdiyi bəndə adını vermişdir (Tirmizi, Mənaqib, 1). Həmçinin Həzrət İbrahimə (ə.s) də “xəlilullah”, yəni Allahın dostu adı verilmişdir.
Yuxarıdakı ayələrdə Allahın (c.c) sevdiyi bəndələrində var olduğu bildirilərn ədalətli olmaq, maddi və mənəvi kirləndən təmizlənmək, təqva sahibi olmaq, təvəkkül əhli, səbirli və çox tövbə edən olmaq təsəvvüfün də əsas termin və ifadələrindədir. Sufilər və ixlas sahibi möminlər Allahın (c.c) sevimli bəndəsi olmaq üçün yuxarıda qeyd edilən xüsusları həyatlarında tətbiq etməyə, ilahi eşqdən, ya da Allah (c.c) sevgisindən məhrum qalmamağa çalışırlar. Çünki Cənab Allah (c.c) zalımları, kafirləri, günahkarları, təkəbbürlü insanları, xainlik edənləri, fəsad çıxaranları, israf edənləri və həddi aşanları sevməz (Şura, 42/40; Bəqərə, 2/176; Nisa, 4/107; Hədid, 57/23; Həcc, 22/38; Maidə, 5/64; Araf, 7/31, Maidə, 5/87).
Sevən sevdiyini razı etməyə çalışar, əmrlərinə tabe olar, onu incidəcək davranışlardan uzaq durar. Allah (c.c) sevgisinin nəticəsi Onun (c.c) əmrlərinə tabe olmaqla, qadağalarından uzaq durmaqla ölçülür. Qısaca desək, ilahi eşq, ya da “muhəbbətulah” adlanan Allah (c.c) sevgisi işin nəticəsindən, insanın əməl və davranışlarından anlaşılır.

Mövzuya davam edəcəyik...

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top