Süleymani İran üçün arzuolunmaz şəxsə çevrilmişdi? - Zərifin səs yazısındakı detallar


Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Cavad Zərifin gizli səs yazısı yayılıb. 
Yeniavaz.com
xəbər verir ki, bəhs edilən səs yazısında Zərifin 2020-ci ilin yanvar ayında öldürülən iranlı general Qasım Süleymanini tənqid etdiyi bildirilir. İran XİN başçısı hətta Süleymanini hökumətə tabe olmamaqda günahlandırır:
“Süleymani İran hökumətinə xəbər vermədən Rusiya təyyarələrinin Suriyanı bombalamaq üçün İran hava məkanından istifadəsinə icazə verib”. 
Bu məlumatlar Süleymaninin öldürülməsindən 1 il 4 ay sonra ortaya çıxdı. Bir ölkənin hava sahəsindən icazəsiz istifadə təbii ki, hökumətlərarası ciddi problemlərə gətirib çıxara bilər. Süleymaninin hökumətin icazəsi olmadan Rusiya qırıcılarının İranın hava sahəsilə Suriyaya daxil olmasına hansı kanallarla müvəffəq olduğu açıqlanmayıb. Ancaq, bu hal iranlı generalın sadə bir SEPAH komandiri olmadığını göstərir. 
Bəhs etdiyimiz hadisədə digər vacib məqam İran hökumətinin Qərb ölkələri ilə 2015-ci ildə əldə etdiyi nüvə razılaşması ilə bağlıdır. Zərifin sözlərinə görə, bu razılaşmanın pozulmasını ən çox istəyən və bu istiqamətdə işlər görən dövlət Rusiya olub:
“Rusiya nüvə razılaşmasının uğurlu olmasını heç vaxt istəməyib. Çünki, nəticədə Tehranın Qərblə münasibətləri normallaşacaqdı. Bu da Rusiyanın maraqlarına cavab vermirdi. Rusiya bunun əleyhinə addımlar atdı”.
İranın XİN başçısı vurğulayıb ki, Qasım Süleymani Rusiyanın bu istəyinin həyata keçməsi üçün səylər göstərib. Rusiyaya uçaraq nüvə razılaşmalarının pozulması üçün qurulacaq planlar barədə hökumət rəsmiləri ilə danışıqlar aparıb:
“Qərblə əldə edilən nüvə razılaşmasından 10 gün sonra iranlı general Rusiyaya dəvət edilib. Rəsmi Moskvanın təşəbbüsü ilə həyata keçirilən bu görüşə İran XİN təsir göstərə bilmədi. Bu görüşdə əsas məqsəd nüvə razılaşmasının pozulması idi”. 
Bütün bu hallar Süleymaninin İran hökuməti ilə fərqli fikirdə olduğunu göstərir. Bu nüanslar Qərb ölkələrinin qəzəbinə səbəb olduğu qədər, İran hökumətini də narahat edirdi. Cavad Zərif deyir ki, general Süleymani tez-tez diplomatik proseslərə müdaxilə edirdi və onun dediklərinə qulaq asmırdı. Süleymani ilə birgə İran daxilindəki bəzi qüvvələr hökumətin nüvə siyasətinə qarşı çıxırdı.
Məlumatlardan göründüyü kimi, Süleymani İranda adı çəkilməyən bəzi qüvvələr tərəfindən dəstəklənirdi və hökuməti ciddi narahat edirdi. Onun öldürülməsi İran hökumətinin ortaya qoyduğu siyasətin irəliləməsinə səbəb olacaqdı. Bu proses həmçinin ABŞ və Qərbin maraqlarına da uyğun idi. 
Nəhayət, ABŞ 2020-ci il 3 yanvar tarixində Qasım Süleymani İraqda hava limanından çıxarkən ABŞ-a aid pilotsuz təyyarələr tərəfindən vurularaq qətlə yetirildi. 
Xatırladaq ki, “New York Times” İranın XİN başçısının gizli səs yazısını yayımlayıb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top