Vəhylə ilhamın fərqi


Ötən yazıda vəhyin mahiyyətindən, vəhyin qayə və hədəfindən, vəhy hadisəsinin hansı formada və necə baş verdiyindən və s. kimi məsələlərdə İslam alimlərinin görüşlərindən bəhs etməyə çalışmışdıq. Bu yazıda isə ilhamdan bəhs etmək istəyirik. Görəsən İslama görə, həmçinin ayə və hədislərin işığında vəhy və ilham arasında hansı fərqlər var? Hansı insanlar ilhama açıq şəxslərdir? Bir insana gələn ilham başqa insanlar üçün də bir buyruq və hökm ifadə edirmi? Bütün ilhamlar müsbət məna daşıyırmı? Şərə xidmət edən ilhamlar varmı? Yazıda bu və digər sual və mövzulara cavab tapmağa çalışdıq.
İlham kəlməsi lüğəvi olaraq içmək, bir şeyi anidən udmaq mənasına gəlir. Bu söz termin olaraq isə qəlbə bir sıra məna və fikirlərin təlqin edilməsi mənasında işlədilir. Keçən yazıda bəhs edilən vəhy məfhumu sadəcə peyğəmbərlərə xas bir hadisədir. İlham isə daha ümumidir. Həyatını Allah (c.c) yolunda sərf edərək Ona yaxınlaşmağa nail olan övliya insanlara gələn ilham, mələklərə edilən ilham, hətta arılara edilən ilhama qədər bu məfhumun geniş və əhatəli mənası var.
 
Mülhəm insanlar
Bütün çətinlik və məşəqqətlərə səbir edərək ibadətlərini bir ömür boyu qərarlı, ixlaslı və səmimi şəkildə davam etdirən Allahın vəli qulları adətən həm də ilhama açıq şəxslər olurlar. Bununla yanaşı məşğul olduqları elm və sənət sahəsində bir ömür boyu çalışan incə ruhlu sənətkarlar, şair və elm adamları da yüksək fərasətə sahib, qəlbinə ilham gələn, qavrama bacarığı yüksək olan insanlardır. Bu kimi insanlar gündəlik həyatın içərisində başqalarının görə bilmədiklərini görür, hiss edə bilmədiklərini hiss edirlər. Başqa sözlə, elə intuisiya, sezmə və hiss etmə qabilyyətinə sahib şəxslər var ki, suyun quraq torpaqlara həyat və canlılıq qatdığı kimi başqa insanların faydasız və səmərəsiz gördüyü sahələrdə gözlənilməz nailiyyətlər əldə edər, sanki oraya yeni bir həyat bəxş edərlər.
 
Nəyə ilham deyilir?
Bir məsələ, ya da problemi həll etmək üçün bəzən elə olur ki uzun müddət çalışır, ancaq həll yolu tapa bilmirik. Bir müddət sonra həmin məsələnin həll yolu anidən zehnimizdə canlanır, sanki problemin həll yolu hazır şəkildə bizə təqdim olunur. Bizi ani bir şəkildə nəticəyə çatdıran bu hiss, duyğu və qabiliyyətə sezmə, yaxud ilham deyilir.
 
Nailiyyətlərin nə qədəri alın tərinin, nə qədəri də ilhamın payına düşür?
Hər insanda potensial olaraq var olan belə bir intuisiya və ilham alma qabiliyyəti digər insanlarla müqayisədə şairlər, sənətkarlar və alimlərdə nisbətən güclü və aktiv olur. Bu gün bəşəriyyətin istifadə etdiyi elm və texnologiya məhsulları bir çox hallarda bu kimi sezmə, intuisiya, və ilhamın nəticəsidir. Düzdür nailiyyətlərin böyük bir hissəsinin alın tərinin payına düşdüyü qeyd edilir, əlbəttə, bu doğru ifadədir, ancaq inkar etmək olmaz ki, bəşəriyyətə yeni bir yol, yeni bir qapı açan hər bir kəşf və ixtiranı sadəcə ağıl və zəkanın məhsulu hesab etmək də doğru olmaz. Dahi insanlar bir çox kəşf və ixtiralarına görə sahib olduqları elmi biliklərinə, uzun illərin verdiyi təcrübəyə borclu olduqları kimi, həm də sezmə, duyma və ilhama da çox şey borcludurlar. Beləcə də başqaları üçün qapalı və gizli olanları hiss edər, zahirən bir-birinə zidd kimi görünən hadisələr arasındakı əlaqəni çözər, sanki gizli qalmış bir xəzinənin varlığından xəbər verərlər.
 
İlham alan insanların hansı xüsusiyyətləri olur?
Mülhəm, yəni ilhamlanmış kaşiflər olan bu kimi insanlar öz sahələrinə dərindən bələd olan insanlardır. Hər zaman və ömürləri boyunca bu kimi insanların axtardığı, araşdırma etdiyi nə isə bir mövzu və məsələsi olur. Bu insanlar gördükləri hər bir şeyə məşğul olduqları elm sahəsinin gözü ilə baxarlar. Bu mənada bir musiqiçinin dünyası sanki notlardan ibarətdir. Rəssamın dünyası rənglər və şəkillərdən meydana gəlir. Kimyaçının gözündə yaşadığımız dünya sanki böyük bir laboratoriyadır. Şairin dünyası səs və sözlərin harmoniyasından ibarətdir.
 
İlham yolu ilə əldə edilən bilgilərlə kimlər əməl edər, ya da etməz?
İslam alimlərinə görə, qəlbinə ilham gələn bir şəxs bunun ilahi mənşəli olduğunu hiss edərsə o bununla əməl edər. Həzrət Musanın (ə.s) anası qəlbinə gələn ilhama görə hərəkət etmiş, körpə Musanı Fironun əsgərlərindən qorumaq üçün bir sandıq içərisində Nil çayının sularına buraxmışdı. Bir sıra İslam alimi də ilhamın baş verməsini qəbul edir, ancaq bu yolla əldə ediləcək bilginin başqaları üçün şəri bir dəlil olmadığını vurğulayırlar. Misal üçün, bir şəxs “qəlbimə ilham edildi ki, filan tarixdə bu hadisə baş verəcək” desə, bu söz və ifadənin, İslama görə, başqaları üçün bir buyruq və hökm təsiri yoxdur. Belə bir bilginin həqiqiliyi barədə zaman öz sözünü deyər. Zaman onu ya təsdiq edər, ya da yanlış olduğunu ortaya qoyar.
 
Rəhmani və şeytani ilhamlar…
Onu da qeyd etmək lazımdır ki, insanın qəlbi sadəcə rəhmani (Allaha aid olan) ilhamların alıcısı olaraq deyil, həm də şeytani (şeytana xas olan) ilhamların alıcısı olma potensialı ilə də yaradılıb. Buna görə də ilham alan şəxs əgər uca dinimiz İslamın hökmlərini yaxşı bilmirsə, şeytanların oyuncağı da ola bilər. Qəlbinə gələn şeytani ilhamları Rəhmani ilhamlar zənn edərək yoldan çıxar, insanları da yoldan çıxarar.
Rəvayətə görə, bir şəxs Həzrət Ömərin (r.a) oğlu Abdullaha belə deyir: “Peyğəmbərlik iddiasında olan filan şəxs ona vəhy gəldiyini iddia edir”. İbn Ömər də “doğru söyləyir” deyərək bu ayələri oxuyur: “Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin və ilham edirlər” (Ənam, 6/121).
Beləliklə, xüsusilə pis düşüncəli insanlar pis ilhamlara məruz qalırlar. Şeytan iman əhli insanlara vəsvəsə verərək onları günah yola çəkməyə çalışdığı kimi, küfr və nifaq əhli insanlara da onların təbiətinə uyğun ilham və mesajlar verir. “(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?” (Məryəm, 19/83) ayəsi insanlara mənfi mənada da ilham və təlqinlərin gəldiyinə dəlalət edir.
 
Vəhy və ilham arasındakı fərqlər…
Vəhy və ilham arasındakı fərqi anlamaq ilhamın dəyər, mahiyyət və keyfiyyətini daha yaxşı anlamağa kömək edəcək.
1. Bəzi mütəsəvvif və sufi-məşrəb şəxslərə görə, ilham yolu ilə alınan bilgiləri bir dəlil və hüccət kimi qəbul etmək olar. Ancaq əksər İslam alimləri ilham yolu ilə alınan bir bilginin başqaları üçün bir buyruq və bağlayıcı hökm olmadığını qeyd etmişlər. İslam alimlərinə görə, hər hansı bir şəxsə iham yolu ilə gələn bilginin doğru və həqiqiliyinin isbatı üçün ayə və hədislərə müvafiq olması lazımdır.
2. Vəhyin mənbəyi tamamilə ilahi olsa da, ilhamın mənbəyi hər zaman ilahi və rəhmani olmaya bilər. Buna görə vəhy həmişə qəti və mübahisəsiz bir dəlil və hüccətdir. Ancaq ilhamda hər zaman zənn, güman və subyektivlik vardır. Vəhy mələk vasitəsilə peyğəmbərlərə çatdırılır və mələyin yanılma və səhv etmə ehtimalı yoxdur. Ancaq ilhamı qəbul edən qəlbin eyni zamanda ağıl və ruhla da əlaqəsı var. Buna görə də ilham yolu ilə alınan bilginin insandakı nəfs, ağıl və ruhdan təsirlənməsi, rəngini dəyişməsi ehtimalları hər zaman mövcuddur.
3. Vəhyin içərisinə yerləşdirilən, digər bir ifadə ilə, vəhydə mündəmic olan risalət və peyğəmbərlik bütün bəşəriyyətə göndərilmişdir. Ancaq ilham sadəcə onu alan şəxsə məxsusdur. Vəhy bütün aləmi aydınladan bir günəş, ilham isə sadəcə ilhamı alan şəxsi aydınladan bir lampa kimidir.
4. Vəhy alan peyğəmbər aldığı vəhyi insanlara çatdırmaq və bu vəzifəni yerinə yetirməklə mükəlləfdir. Ancaq həyatını Allah (c.c) yolunda sərf edərək Ona yaxınlaşmağa nail olan övliya bir insan qəlbinə gələn ilhamı təbliğ etməklə vəzifəli deyildir. Hətta çox hallarda bunu gizlətmək daha məqbuldur.
5. Vəhy saf, duru və sadəcə peyğəmbərlərə xas keyfiyyətdir. İlhamda isə belə saflıq və duruluq yoxdur, bəzən işin içinə başqa rəng və kölgələr qarışa bilər. Həmçinin ilham insandan başqa mələklərin və hətta heyvanların da fərqli çalarları ilə ala bildiyi bir bilgi və sövqi-ilahidir.
 
Heyvanlara verilən sövqi-ilahi və ya ilham…
İlham həm də ağıl nemətindən məhrum olan heyvanlar aləminə Cənab Allahın (c.c) verdiyi ilahi bir hədiyyədir. Bu varlıqlar da vəzifələrini ilhamla yerinə yetirirlər. İnsanlar şəkər çuğundurundan şəkər hazırlamağı əsrlər sonra öyrənə bilmişdir. Ancaq həm minlərcə il əvvəl yaşamış arılar, həm də bugünkü arılar heç bir təcrübə və öyrənmə prosesi keçmədən yalnız ilham yolu ilə (buna sövqi-ilahi də demək olar) bal hazırlamağı bilirlər. Ağıl sahibi varlıqlar olan insanlar əsrlər boyu təyyarə düzəltmək üçün çalışsalar da, bütün quş və milçək növlərinin hər hansı təlim və məşq keçmədən uça bilmələrini ancaq ilhamla açıqlamaq olar.
Bəzi insanlar Cənab Allahın (c.c) heyvanlar aləminə bəxş etdiyi bu ilham və sövqi-ilahini instinkt, qeyri-şüuri reaksiya, sövq-təbii hiss və s. adlarla izah etməyə çalışırlar ki, belə bir baxış bucağı bütün bu baş verənləri nəticədə təsadüflə izah etməyə gətirib çıxarır.
Qaranlıq düşəndə bir ağacın budaqları arasında gizlənən sərçələri, yuvalarına qayıdan qarışqaları, sudakı mərcan və qayaların künc və dəliklərində gizlənən balıqları, meşənin dərinliyində özünə təhlükəsiz yer axtaran ceyranı və s. bütün canlıları sövq və idarə edən və onlara ilham verən bütün bu canlıları var edən Uca Yaradandır. Bu canlıların hamısı ilham və sövqi-ilahi ilə bütün hərəkət və davranışlarını ən gözəl şəkildə müəyyən edirlər.
 
Ayə və hədislərdə keçən “ilham” kəlməsi…
Ayədə belə buyurulur: “Doğru və yanlışı ayırd etmək qabiliyyəti verən, nəyin yaxşı və nəyin pis olduğunu ilham edərək öyrədən Uca Rəbbə and olsun ki, nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır!” (Şəms, 91/8-9). Ayədə keçən “əlhəmə”, yəni ilham etdi sözü, zehinlərinə qoydu, yarıdılış və fitrətinə yerləşdirdi mənalarına gəlir. Buradan başa düşürük ki, həm yaxşı, həm də pis vərdişlər insanların təbiətinə və mayasına yerləşdirilmişdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Möminin fərasətindən çəkinin. Şübhəsiz o, Allahın nuru ilə baxar” (Tirmizi, Təfsir, 16). Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehin itiliyi kimi mənalara gələn fərasət, həm də ilham anlamını ifadə edir.
 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top