İslamda vəhyin mahiyyəti


Vəhy sözü lüğəvi olaraq gizli və sürətli məlumat vermək, ilham vermək, ima və işarə etmək, fısıldamaq, əmr və təlqin etmək, yazmaq, vəsvəsə vermək kimi mənalara gəlir. Dini termin olaraq vəhy - Cənab Allahın (c.c) Həzrəti-Cəbrayıl vasitəsiylə gizli və sürətli bir şəkildə öz peyğəmbərlərinə çatdırdığı ilahi əmr və xəbərlərdir.
Vəhy mahiyyətcə iki varlıq arasında baş verən hadisədir. Bu hadisə peyğəmbər baxımından subyektiv bir təcrübə olsa da, insanlara çatdırıldığı andan etibarən obyektiv bir fenomenə çevrilir. Çünki vəhy yolu ilə gələn məlumatlar insanların fitrəti, təbiəti və insanların yaradılışındakı ortaq məxrəcə uyğundur. Həmçinin vəhy yolu ilə gələn bu məlumat və prinsiplər bütün insanlar tərəfindən qəbul edilə biləcək mahiyyətdədir.
Bəşər tarixi boyunca vəhyi inkar edən və onun həyata keçirmək istədiyi prinsiplərə qarşı çıxanlar həmişə olmuşdur. Lakin bununla bərabər, vəhy yolu ilə gələn bilgi və məlumatlar bütün insanlara həmişə bərabər məsafədə durmuşdur. Çünki insanlara inanmaq və inanmamaq azadlığı verilmiş və insanların bu azadlığı istədikləri kimi istifadə edə bilmə qabiliyyəti vardır. Əgər insana belə bir azadlıq verilməsəydi, dünyada heç kim külli iradədən kənara çıxa bilməz və buna görə də vəhyi inkar edən də olmazdı.

Vəhy kəlməsinin digər mənaları
İslam mədəniyyətində vəhy, Cənab Allahın (c.c) peyğəmbərləri vasitəsi ilə insanlara bir mesaj çatdırması kimi qəbul edilir. Lakin bu, vəhyin yalnız ilkin qəbul edilən və əsas başa düşülən növünə aiddir. Vəhyin bu xüsusi və əsas qəbul edilən mənası ilə yanaşı, Quranda Cənab Allahın (c.c) bütün varlıqlara yaradılış qanunlarını bildirməsinə də vəhy deyilmişdir. Quranda bu növ vəhydən danışılanda səmaya, yerə, mələklərə, bal arasına, Həzrət Musanın anasına, Həzrət İsanın həvarilərinə bir vəzifə və yol göstərildiyi deyilir və bu zaman “vəhy etdik” sözündən istifadə edilir. İslam alimləri bu növ vəhyin mahiyyətcə ilham olduğunu qeyd etmişlər. Vəhyin bu növündə varlıqlara seçim şansı verilmir və burada sadəcə olaraq göstərilən yola tabe olmaq zərurəti vardır.
Vəhy kəlməsinin Quranda bir bilgi, ya da məlumatın bir varlıqdan digərinə ötürülməsi mənasında da işlədildiyini görürük. Misal üçün: “Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər” (Ənam, 6/112) ayəsində şeytanların öz aralarında söz təlqin etməsi “yuhi” yəni vəhy sözü ilə bildirilmişdir. Həmçinin Zəkəriyya peyğəmbərin (ə.s) öz camaatının qarşısına çıxaraq əli ilə işarə etməsi də “fə əvhə” yenə vəhy sözü ilə ifadə edilmişdir. Lakin bu vəhy sözləri ilahi vəhy mənasına gəlmir. Çünki bu iki misaldakı vəhy anlayışının hər iki tərəfində söhbət insandan, ya da şeytanlardan gedir. Yəni burada vəhy edən və həmin vəhyi alan məxluqlardır. Ancaq burada əsas danışmaq istədiyimiz vəhy Xaliqdən (c.c) məxluqa, yəni Uca Yaradandan (c.c) peyğəmbərə gələn vəhydir.

Vəhyin qayə və hədəfi
İslamda əsas termin olaraq qəbul edilən vəhy anlayışında ikili münasibətdən, yəni Allah (c.c) və peyğəmbər (s.ə.s) arasındakı tək tərəfli bilgi (vəhy) verilməsindən söhbət gedir. Ancaq bu ikili münasibətə daha geniş perspektivdən baxanda əslində burada dördlü münasibətin olduğunu görərik. Çünki hər nə qədər vəhyin qaynağında Allah (c.c), bitiş nöqtəsində peyğəmbər (ə.s) olsa da, bu iki tərəf arasında vasitəçi mələk, konkret olaraq Həzrəti-Cəbrayıl vardır. Həmçinin vəhyin çatdırılmasında son nöqtə peyğəmbərlər deyildir. Vəhy sadəcə peyğəmbərlərin şəxsinə göndərilmir, bir mənada onlar da bir vatisəçiyə çevirilirlər. Burada insanların dünya və axirət səadətini qazanmaları əsas hədəf kimi ön plana çıxır.

Vəhy - ilahi bilgilərin tək tərəfli nəql edilməsi və ötürülməsidir
Vəhy İslam dini ilə yanaşı, yəhudilik və xristianlıq kimi digər səmavi dinlərin də əsasını təşkil edir. İslamdakı vəhy anlayışında sırası ilə Allah-Taala, mələk, peyğəmbər və insan arasındakı ünsiyyətdən söhbət gedir. Qeyd edək ki, vəhy Allah-Taala, vasitəçi mələk, peyğəmbər və insanla əlaqəli bir fenomen olmaqla yanaşı, vəhy dedikdə burada tək tərəfli bir bilgi axışı vardır. İslam inancına görə, vəhy mələyi olan Cəbrail vəhyi Cənab Allahdan (c.c) alır, sonra da onu peyğəmbərlərə çatdırır. Buradan da gördüyümüz kimi, vəhy dedikdə tək tərəfli bir bilgi və məlumatın nəql olunmasından söhbət gedir.

Vəhy hadisəsindəki önəmli iki əsas xüsus
Vəhyi gətirən mələklə onu qəbul etməli olan peyğəmbər arasındakı ünsiyyətin mahiyyət, keyfiyyət və necəliyi burada vurğulanması gərəkən əsas məqamlardan biridir. İslam alimləri belə bir ünsiyyətin baş tutması üçün iki amilin vacibliyindən bəhs edirlər:
Eyni işarə və ya anlama sistemindən istifadə etmək. Yəni belə bir əlaqənin həyata keçə bilməsi üçün ortaq bir dilin olması və hər iki tərəfin bu dili başa düşməsi gərəkir. Vəhy tarixinə nəzər saldıqda hər peyğəmbərə öz dilində vəhy nazil olduğunu görərik. Bu minvalla vəhy mələyi Tövratı ibrani dilində, İncili arami dilində, Quranı da ərəb dilində nazil etmişdir.
Vəhy baş verən zaman vəhyi gətirən mələyin və vəhyi qəbul edən şəxsin bu müddət ərzində eyni səviyyədə olması şərtdir. Ancaq bu zaman mələklə insan ünsiyyətə keçə bilər. Sual ortaya çıxır ki, vəhyin baş verməsi üçün iki varlıq, yəni vəhyi gətirən mələklə bir bəşər olan peyğəmbər arasında belə bir vəziyyət necə yaşanır və hansı formada baş verir? Qeyd edək ki, məsələnin bu hissəsi haqda bir çox İslam alimi tərəfindən ayə və hədislər göz önünə alınaraq izah və şərhlər verilmişdir. Misal üçün Buxari əsərini şərh edən hədis alimi və fəqih Şəmsəddin Kirmani (1317-1384) belə deyir:
“Vəhy mələklə insan arasında baş verən bir danışıq və söhbətdir. Əgər iki tərəf arasında bir növ bərabərlik olmazsa, yəni vəhyi gətirən mələklə vəhyi alan peyğəmbər arasında bir bərabərlik qurulmazsa, tərəflərdən biri digərinə nəsə öyrədə bilməz. Bunun üçün ya vəhyi qəbul edən tərəf (yəni peyğəmbər) vəhyi gətirən mələyin təsir dairəsi girər və adəta mələkləşər, ya da bu hadisə tərsinə baş verərək vəhyi gətirən mələk vəhyi qəbul edən peyğəmbər kimi bəşəri vəsflərə bürünərək peyğəmbərlə eyni cinsli varlıq müstəvisinə enər. Allah Rəsulu Həzrət Muhamməd (s.ə.s) hər iki şəkildə də vəhy almışdır”.
Bu haqda fikir bildirən alimlərdən biri də Bədrəddin Zərkəşidir (1344-1391). Zərkəşiyə görə, Həzrət Peyğəmbərimiz (s.ə.s) həm mələkləşərək, həm də vasitəçi mələyin insan surətinə girməsi ilə vəhy almışdır. Ancaq bunlardan ən çətini birincidir.

Vəhyin müxtəlif zamanlarda gəlməsi
Həzrət Peyğəmbər (s.ə.s) sadəcə tək qalanda deyil, həm də səhabələrlə, yaxud həyat yoldaşları ilə birlikdə olanda da ona vəhy gəlmişdir. Bu zaman yanında olanlar Həzrət Peyğəmbərdə (s.ə.s) müşahidə etdikləri bəzi hal və dəyişikliklərə görə ona vəhy gəldiyini anlayırdılar. Səhabələr bu hadisənin necə baş verdiyini, vəhyin keyfiyyət və mahiyyətini anlamasalar da gələn vəhydə nələrdən xəbər verildiyini bir müddət sonra xəbər tutur və öyrənirdilər. Səhabələrin vəhy mələyini bir mələk kimi görmələri, ya da səsini eşitmələri mümkün deyildir. Bu “gizlilik” və “məxfilik” vəhy tarixi boyunca həmişə davam etmişdir.

Vəhyin nəqli və sürət
Vəhyin peyğəmbərlərə çatdırılmasındakı sürət buradakı əsas məqamlardan biridir. Bu elə bir sürətdir ki, peyğəmbərlərdən başqa heç bir insan bu sürətdə bir söhbəti dərk edib anlaya bilməz və belə bir qabiliyyətdə yaradılmamışdır. Vəhy zamanı normal bir oxunuşla tilavəti (Quranı avazla oxumaq) bir neçə saat çəkəcək bir surənin qısa müddətdə Allah Rəsuluna (s.ə.s) çatdırıldığını düşünsək, bu nəql və ötürmənin nə qədər sürətli olduğunu anlamaq olar. İbn Xəldun da vəhyin çox sürətli bir şəkildə baş verdiyini bu cür dilə gətirir: “Peyğəmbərlərin (ə.s) vəhy mələyi olan Həzrət Cəbrayıldan (ə.s) vəhy alması bir anda, bir göz qırpımında baş verir. Çünki peyğəmbərlərin (ə.s) qəlbləri qeyb aləminə açıq və bu aləmdən gələcək bilgiləri həmişə alacaq şəkildə dizayn edilmişdir. Buna görə də bu hadisə məhz “sürət” mənasına gələn vəhy sözü ilə ifadə edilmişdir. Peyğəmbərlərin vəhy yolu ilə əldə etdikləri bilgilər bizim kimi müəyyən zamanın keçməsi ilə əldə edilib öyrənilən bilgilər deyil, əksinə bu bilgilər peyğəmbərlərə (ə.s) bir dəfədə təlqin edilib öyrədilmişdir.

Vəhy hadisəsində sürətlə yanaşı söz və səs də (qiraət) vardır
Bəhs etdiyimiz vəhy səs və söz, yəni tilavət olmadan, sadəcə bir mətnin nəql olunmasından ibarət olsaydı, bunun çox qısa bir zamanda və sürətli bir şəkildə baş verməsini anlamaq daha asan olardı. Ancaq Quran ayələrinin Həzrət Peyğəmbərə (s.ə.s) vəhy olunmasında söhbət sadəcə yazılı mətndən getmir. Burada işin içində tilavət, yəni mətnin oxunuşunun da Həzrət Peyğəmbərə (s.ə.s) öyrədilməsi vardır. Beləliklə, Həzrət Peyğəmbərin (s.ə.s) qəlbində yerləşdirilən vəhy, vəhy mələyi olan Həzrət Cəbrayıl (ə.s) tərəfindən həm də çox sürətli bir şəkildə oxunmuşdur. Günümüzdə yazılı və səsli materialların, video görüntülərin internet vasitəsilə bir adresdən digərinə çox sürətli və qısa bir zamanda ötürüldüyünə nəzər salsaq, bu bizə vəhy hadisəsini anlamağa müəyyən mənada kömək edə bilər.
Yuxarıda da qeyd edildiyi kimi Quran ayələrinin hissə-hissə və yaşanan hadisələrə görə 23 ildə Həzrət Peyğəmbərə (s.ə.s) vəhy olunması və ya çatdırılması sadəcə bir mətnin nəql olunmasından ibarət deyil, burada həm söz və səs, həm də bu ikisinin birləşməsindən ortaya çıxan bir qiraət də mövcud olmuşdur.

Ümmü Eymənin göz yaşları
Səhabələr Həzrət Peyğəmbərimizin (s.ə.s) vəfatından bir müddət sonra vaxtilə ona dayəlik etmiş olan, olduqca yaşlı səhabə Ümmü Eyməni ziyarət edirlər. Həzrət Peyğəmbərimiz (s.ə.s) həyatda ikən Ümmü Eymənə ana münasibəti bəsləmiş və ona hörmət göstərmişdir. Əslində səhabələr bizim üçün, ya da ümumiyyətlə sonrakı nəsillər adına Peyğəmbərdən (s.ə.s) bir xatirə və yadigar olsalar da,  onlar da öz aralarında Ümmü Eyməni peyğəmbərdən bir xatirə olaraq görmüş və bir vəfa nümunəsi olaraq bu yaşlı qadını ziyarət etmişdilər. Bu zaman onu gözü yaşlı görən səhabələr nə üçün ağladığını soruşurlar. Hətta bu sualda "Həzrət Peyğəmbərin (s.ə.s) bu dünyadan köçməsinə görəmi ağlayırsan?" mənası da var idi. Ancaq Ümmü Eymənin yaxaladığı daha başqa bir məna var idi. O belə deyirdi: “Allah Rəsulunun aramızdan getməsi ilə vəhy də kəsildi. Mən vəhyin kəsilməsinə ağlayıram”. Səhabələr səmalardan enən vəhyə, İlahi kəlama belə bir sevgi bəsləmiş, ona aşiq olmuşdular.
Vəhy mövzusu ilə bağlı belə bir yazını Mehmet Akif Ersoyun “Bir Gecə” şeiri ilə sonlandırmaq istəyərdik…

Bir Gecə
On dörd əsr əvvəl, yinə bir böylə gecəydi,
Qumdan, ayın on dördü, bir öksüz çıxı verdi!
Lakin o nə hüsrandı ki, hiss etmədi gözlər;
Kaç min sənədir, halbuki, bəkləşmədələrdi!
Nərdən görəcəklər? Görəməzlərdi tabii:
Bir kərrə, zühur ettiyi çöl ən sapa yerdi;
Bir kərrə də, məmureyi- dünya o zamanlar,
Böhranlar içindəydi, bugündən də betərdi.
Sırtlanları keçmişdi bəşər yırtıcılıqda;
Dişsizmi bir insan, onu qardaşları yerdi!
Fevza bütün afaqını sarmışdı zəminin
Salgındı, bugün Şərqi yıxan, təfriqə dərdi.

Derkən, böyümüş, qırxına gəlmişdi ki öksüz,
Başlarda gəzən qanlı ayaqlar suya ərdi!
Bir nəfxada insanlığı qurtardı o məsum,
Bir həmlədə qeysərləri, kəsraları sərdi!
Əczin ki, əzilməkdi bütün haqqı, dirildi;
Zülmün ki, zaval ağlına gəlməzdi, gəbərdi!
Aləmlərə, rəhmətdi, əvət, şəri-mübini,
Şəhbalını ədl istəyənin yurduna gərdi.
Dünya nəyə sahibsə, onun vergisidir həp;
Mədyun ona cəmiyyəti, mədyun ona fərdi.
Mədyundur o məsuma bütün bir bəşəriyyət...
Ya Rəbb, bizi məhşərdə bu iqrar ilə həşr et.

Qeyd: Yazının hazırlanmasında əsasən Muhsin Demircinin “Tefsir Üsulu” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top