"Bismillah"ın mənasına səyahət


“Bismillah” - Allahın adı ilə deməkdir. Allahın adını anaraq başlanan hər hansı iş, əvvəla Cənab Allahın (c.c) razı olduğu, gözəl qarşıladığı iş və ya əməl olmalıdır. İslama görə qadağan edilən, uyğun görülməyən, yeyilməsinə, işlədilməsinə icazə verilməyən bir işə Allahın (c.c) adını anaraq, yəni “Bismillah” (Allahın adı ilə) deyərək başlamaq düzgün deyil. Bu minvalla “Bismillah” hər işin deyil, hər xeyirli işin başıdır.
“Bismillah”ı (hər xeyirli işə Allahın adını anaraq başlamağı) özünə dayaq nöqtəsi seçən insan bütün kainata meydan oxuya bilər. Çünki burada səbəblərə riayət etdikdən (boynuna düşən vəzifəni layiqincə yerinə yetirdikdən) sonra hər şeyi Allaha (c.c) buraxmaqdan, Ondan (c.c) kömək və imdad gözləməkdən, Ona (c.c) güvənməkdən söhbət gedir. Bir məmur, ya da bir polis dövlətə bağlılığından aldığı güclə yüzlərcə insanı yönləndirə, onlara söz keçirə bilirsə, bir insan Allaha (c.c) bağlılığından aldığı güclə xeyirli və gözəl işlər adına nələr edə bilməz ki?
Ərəb dilindəki ifadəsi ilə “Bismillah” (Allahın adı ilə) sözündəki “bi” hərfi dilimizə tərcümə ediləndə “ilə” mənasına gəlir. Birgəlik bildirən, həmçinin işin birlikdə görüldüyünü ifadə edən “ilə” bağlayıcısı bir cümlədə gəlirsə, deməli burada iki tərəf olduğuna, iki tərəf arasında əlaqə və münasibətin qurulduğuna işarə var. Burada sözü gedən iki tərəf və qurulan əlaqə isə abid və məbud, Allah və bəndə arasındakı əlaqədir. Deməli “Bismillah” (Allahın adı ilə) demək Allahla bəndə arasında qurulan əlaqənin bəyanı, abid və məbud arasındakı qulluq, itaət və ibadət müqaviləsidir.
Bir insan danışmağa, ya da bir şey etməyə başlayanda “Bismillah” (Allahın adı ilə) deməsi, “mən bu işi Allah adına, Allah namına edirəm” mənasına gəlir. Beləliklə bir işə “Bismillah” deyərək başlayan insan: “Ey Rəbbim! Mənim üçün müəyyən etdiyin, etməyimi istədiyin vəzifələrdən birini yerinə yetirməyə başlayıram” demiş olur.
Allahın (c.c) razı qalmadığı, etməyimizi istəmədiyi bir iş və əmələ “Bismillah”la başlamaq doğru deyil. Çünki Allahın (c.c) razı qalmayacağı bir işi “Bismillah” deyərək, yəni: “Ey Rəbbim bunları sənin adınla, sənin namına və sənin istədiyin üçün edirəm” demək Uca Yaradana (c.c) iftira, haşa, Ona (c.c) ağıl öyrətmək mənasına gəlir. Haram bir əmələ “Bismillah” (Allahın adı ilə) deyərək başlamaq o əməli halal qəbul etmək mənasına gəlir ki, bu da etiqadi baxımdan insanı dindən çıxara biləcək qədər ciddi məsələdir. Allahın (c.c) istəmədiyi bir əməli Onun (c.c) adına və O (c.c) istəyirmiş kimi etmək ən böyük yanlışlardan biridir.
Hər xeyirli işə “Bəsmələ” ilə, yəni “Bismilləhir-rahmənirrahim” (Rəhman və Rəhim Allahın adı ilə) deyərək başlamağın dərin mənaları var. Əvvəla qeyd edək ki, “Bəsmələ”nin bugünkü şəkli ilə “Bismilləhir-rahmənirrahim” (Rəhman və Rəhim Allahın adı ilə) olaraq səslənməsi və bu şəkildə istifadə edilməsi Quranın nazil olması ilə başlamışdır. Rəvayətlərdən anlamaq olar ki, hələ İslamdan əvvəlki cahiliyyə dövründə ərəblər “Bismikəllahummə” (Ey Allahım! Sənin adınla) və “Bismi Lət vəl Uzza” (Lat və Uzzanın adı ilə) ifadələrini işlədirdilər. Həzrət Peyğəmbərimizin (s.ə.s) ilk dövrlərdə “Bismikəllahummə” (Ey Allahım! Sənin adınla) ifadəsindən istifadə etdiyi ilə bağlı rəvayətlər var. Ancaq, “Gəmiyə minin! Onun (üzüb) getməsi də, dayanması da Allahın adı ilədir” (Hud, 11/41) ayəsi nazil olduqdan sonra buradakı “Allahın adı ilə” yəni “Bismillah” ifadəsi işlədilməyə başlandı. “İstər Allah, istərsə də Rəhman deyib çağırın” (İsra, 17/110) ayəsi nazil olduqdan sonra “Bismilləhir-Rahmən” ifadəsi işlədildi. “O məktub Süleymandandır və o “bismilləhir-rahməniır-rahim”lə başlayır” (Nəml, 27/30) ayəsi nazil olanda isə günümüzdə olduğu kimi son olaraq “Bismilləhir-rahmənir-rahim” (Rəhman və rəhim Allahın adı ilə) ifadəsi işlədilməyə başlandı.
Həyatımızda “Bəsmələ” (Bismilləhir-rahmənirrahim) demədiyimiz hər hansı işimiz olmamalıdır. Edəcəyimiz hər işimiz, deyəcəyimiz hər sözümüz Allahın (c.c) adını anaraq başlamağa uyğun və müvafiq olmalıdır. Bir sözlə, “Bəsmələ” (Bismilləhir-rahmənirrahim/Rəhman və Rəhim Allahın adı ilə) İslami həyatı əks etdirir. “Bəsmələ” İslamın xülasəsi olduğu üçün Quranın tamamı onda toplanmışdır. Mömin bir bəndə “Bəsmələ” ilə başlamadığı bir həyatın insanı ola bilməz. Həzrət Əliyə (r.a) istinad edilən sözdə belə deyilir: “Quranın tamamı Fatihədə, Fatihənin tamamı da “bəsmələ”də toplanmışdır”.
Bir İslam aliminin qeyd etdiyi üzrə elə insanlar da var ki, onların “bəsmələ”si tamamilə fərqlidir. Onların həyatlarına yön və istiqamət verən Allahın (c.c) buyruqları olmadığına görə, misal üçün etdikləri bütün işləri fironlar adına, onları razı salma, onları ucaltma adına edərlər. Bu səbəblə hər işi “Bi izzəti Firon”, yəni Firon adına, Firon naminə, Fironun şərəfinə edərlər. Bəziləri hər bir işi məhz pul üçün, bəziləri sadəcə mənfəət adına, ya da başqa-başqa məqsədlər uğruna edərlər. Çünki onların baxış bucağında, hərəkət nöqtəsində yalnız bu kimi şeylər vardır. Onların həyat proqramlarını müəyyən edən də bu kimi amillərdir.
Hər hansı işə Uca Allahın (c.c) adı ilə başlamaq isə Allah (c.c) tərəfindən Həzrət Peyğəmbərə (s.ə.s) vəhy edilmiş bir ədəb və hörmət qaydasıdır. Bu ədəb və hörmət qaydası Quranın ilk nazil olan ayəsində öz əksini belə tapıb: “Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!” (Ələq, 96/1). Həmçinin İslam alimləri Quran surələrinin “Bəsmələ” ilə yəni “Bismilləhir-rahmənirrahim” ilə (Rəhman və Rəhim Allahın adı ilə) başlamasının belə bir mənaya gəldiyini demişlər: “Hər işiniz və hər əməlinizə mənim adım və mənim namımla başlayın. İmtahan gərəyi bu dünyada önünüzə başqa-başqa həyat tərzləri qoyulsa da siz yalnız Mənim razı olduğum həyatı yaşayın. Mən də sizi bəndə olaraq qəbul edim”.
“Bismillah” kəlməsi bütün varlığın, mövcudat aləminin arxasındakı Uca Allahın (c.c) sonsuz güc və iradəsini bizə anladır. Yəni hər şeyin, kainat çarxının hər bir detalının idarəsi Onun qüdrət əlindədir. Bu kainat çarxının çalışmasında gözlə görünən bütün səbəblər isə Onun (c.c) güc və iradəsinə bir pərdə və bəhanə hökmündədir. Biz bu mənanı başa düşərək imanla Allaha bağlansaq, hər şeyin yükündən qurtularaq böyük bir rahatlıq qazanarıq. Əgər əksini düşünsək, yəni işin içindən Allahı (c.c) çıxardaraq cərəyan edən hadisələri sadəcə səbəblərə bağlayaraq izah etməyə çalışsaq, bu zaman hər şey çiyinlərimizdə bir yük olar, baş verən hər hadisə həm ruhumuzu, həm bədənimizi bir yük kimi əzməyə başlayar, həyat bir zindan və ələmə çevrilər.
Onsuz da bütün varlıq aləmi Uca Yaradanın (c.c) iradəsi, güc və qüdrəti altında olduqlarını hal dili ilə elan ediblər. Əslində insan da iman və iradəsi ilə mövcudatın bu ritminə ayaq uydurmalı, kainatdakı bu ümumi ahəngi pozmamalıdır. Uca Yaradanın (c.c) güc və iradəsi onsuz da insanların iman edib-etməmələrindən asılı olmayaraq işləyir. Burada mühüm məsələ var ki, digər varlıqlar qeyri-iradi, sövq-təbii, ya da daha doğru ifadə ilə, sövq-ilahi olaraq Uca Yaradana (c.c) bir itaət halındadırlar. Ancaq digər varlıqlardan fərqli olaraq gərək insanoğlu qeyri-iradi və ya sövq-ilahi olaraq deyil, məhz öz iradə və seçimi ilə Allahın adı ilə hərəkət etsin, Allahın adını ansın, səbəblər arxasındakı Onun (c.c) sonsuz güc və iradəsini “Bismillah”la hər daim yad etsin.

Qeyd: Bu yazı eyni məzmunlu “Nə üçün Allaha sığınır, Ona pənah gətiririk?” başlıqlı yazının davamı mahiyyətindədir. Həmin yazını buradan oxuya bilərsiniz.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top