
İnsan bir çox düşməni olan, bir çox bəlalara məruz qalan varlıqdır. Misal üçün insan ağcaqanadların daşıdığı malyariya, ya da artıq bir ildən çoxdur dünyada tuğyan edən bir virus növü qarşısında aciz qalır. Həmçinin insan əleyhində cərəyan edən təhlükələr sadəcə mikro səviyyədəki bu kimi virus və xəstəliklərdən ibarət deyil, makro səviyyədə insanın əleyhində cərəyan edən hadisələr də var. Yer atmosferinə daxil olan meteorlar, zəlzələ, tsunami və s. digər təbiətdə cərəyan edən hadisələr də çox vaxt insanı aciz və çarəsiz buraxan hadisələrdən bəziləridir.
Bütün bu mənfi və əleyhdə cərəyan edən hadisələri insan ya özü dəf etməli, ya da bunu bacarmırsa, bu hallardan onu qoruyacaq birinə güvənməli və ona sığınmalıdır. Həmçinin insan ehtiyac duyduğu bir çox şeyi özünə cəlb etməli və onu əldə etməyə çalışmalıdır. Ancaq bir reallıq da var ki, insanın özündən dəf edib uzaqlaşdırması gərəkdiyi, yaxud özünə cəlb etməli olduğu bütün şeylər onun taqətinin yetmədiyi məsələlərdir. İnsanın məhz bu məqamı, yəni tək başına nə qədər aciz olduğunu, bununla yanaşı nə qədər çox şeyə ehtiyacının olduğunu görüb anlamasına özünü bilmə və tanıma deyilir. İnsanın bütün işləri məhz bu özünü bilmə və tanıma mərhələsindən sonra bir məna qazanmağa başlayır.
Bir sözlə, insan mikro və makro plandakı düşmənlərindən özünü qorumalı olsa da, bunun üçün elə bir gücü yoxdur. Həmçinin bəla və müsibətlər qarşısında dözümlü olmalıdır, ancaq buna da güc və taqəti çatmır. İnsanın bitib tükənməyən və əbədiyyətə uzanmış arzu və istəkləri var, ancaq bunu gerçəkləşdirməyə imkanı yoxdur. Bu vəziyyətdə ən ağıllı və ən ağlabatan yol Allahın (c.c) mərhəmət və rəhminə sığınmaq, Onun (c.c) lütfü və inayətinə pənah gətirməkdir.
İnsan əsl mahiyyətini anlayanda özünün çox aciz və gücsüz bir varlıq olduğunun fərqinə varır. Bu zaman insanın lovğalıq və mənəmlik qanadları o qədər aşağı düşər ki, ağzı ilə heç nə deməsə də, əsl mahiyyətinin fərqinə varan həmin insana Cənab Allah (c.c) rəhm və mərhəmət edər.
Nə qədər insan vardır ki, güclü bir inanca, sağlam əqidəyə sahib olmaq, doğru və müstəqim bir yol üzrə həyatını davam etdirmək istəyər. Ancaq məkrli şeytanın şübhə, tərəddüd və vəsvəsələri onu rahat buraxmaz və yoldan çıxardar. Bu cür insanlar istədikləri dürüst həyatı yaşaya bilmədikləri kimi, inanc və əqidələri də sağlam və doğru yol üzrə qalmaz. Belə bir yoldan çıxma və ayağın sürüşməsi kimi halların hər zaman yaşanma ehtimalı olduğuna görə, belə hadisələr qarşısında Cənab Allaha (c.c) sığınmaq, Ona (c.c) pənah gətirmək ən sağlam yoldur.
Quran ayəsində “əuzu” (Nəhl, 16/98) sözü ilə ifadəsini tapan Cənab Allaha (c.c) sığınma və Ona (c.c) pənah gətirmək bir sədaqət nişanı, bağışlanmanı diləmək və üzrxahlıq etməkdir. Quranda istiazə edən, yəni Cənab Allaha (c.c) sığınan, Ona (c.c) pənah gətirən peyğəmbərlər bizə nümunə göstərilir. Həzrət Nuh bilmədiyi bir şeyi Allahdan (c.c) istəməkdən (Hud, 11/47), Həzrət Yusuf ona şəhvətlə yaxınlaşan və qardaşları ilə yaşanan hadisələrdə səhvə yol verməkdən (Yusuf, 12/23, 79), Həzrət Musa qövmünə qarşı istehza ilə yaxınlaşmaqdan Cənab Allaha (c.c) sığınmış, Onun (c.c) yardım və inayətini istəmişdir (Bəqərə 2/67). Həzrət Peyğəmbərimiz (s.ə.s) şeytanların vəsvəsələri ilə qəlbləri kin və nifrət dolu olanların, Allahın (c.c) ayələri barədə heç bir dəlilə əsaslanmadan mübahisə edənlərin pis niyyət və davranışlarından və s. kimi şərlərdən Allaha (c.c) sığınmışdır.
Həzrət Peyğəmbər (s.ə.s) bütün pis əməl və xüsusiyyətlərdən, fayda verməyən işlərdən, şeytanın vəsvəsəsindən, dünyada və axirətdə insana əziyyət verən şeylərdən Allaha (c.c) sığınmış, bu məqsədlə İxlas, Fələq və Nəs surələrini oxumuş, bunu səhabələrə və bütün müsəlmanlara tövsiyyə etmişdir.
Bir insanın Uca Yaradana (c.c) həqiqi mənada itaət edə bilməsi üçün qəlbində taxt qurmuş şeytanı oradan çıxarıb atmalı və qəlbini Allah (c.c) üçün hazırlamalıdır. Şeytanı və onun bitib tükənməyən şübhə və vəsvəsələrini qəlbindən ata bilməyən bir şəxs tərəfindən oxunan Quran kirli bir qəlbdən, çirkli və ləkəli bir ağızdan çıxmış olar. Bu mənada Quran oxumağa başlayan bir insanın ilk etməsi gərəkən iş belə bir təmizlənmə və arınma prosesindən keçməkdir. “Əuzu billəhi minəş-şeytanir-racim”, (Qovulmuş şeytanın şərindən Allaha sığınıram) demək də məhz belə bir qəlb və dil təmizliyindən keçməkdir.
Nazim Mustafayev
Yazının davamını buradan oxuya bilərsiz.