Əndülüsü fəth edən komandir: Tariq ibn Ziyad


Daha əvvəl “Tariq ibn Ziyadı tanıyırsan?..” başlıqlı bir yazı qələmə almışdım. Orada bərbər əsilli bir şəxslə aramızda keçən bir dialoqdan bəhs etmişdim. Həmin yazını
buradan oxuya bilərsiniz. Bu yazıda Əndülüsdən və Tariq ibn Ziyaddan danışmadan əvvəl gəlin əvvvəlcə “fəth” məfhumu barədə bir neçə söz deyək… Sonra da Əndülüsə və Tariq ibn Ziyada qayıdaq…

Yeniavaz.com xəbər verir ki, “Fəth” kəlməsi ərəb dilindən tərcümədə “açmaq”, “yol göstərmək”, “hökm vermək”, “qalibiyyət” və “zəfər əldə etmək” kimi mənalara gəlir. “Fəth” kəlməsindən qəsd edilən sadəcə maddi mənada fəth deyil. Fəthin əsas qayəsi bir insan və ya bir cəmiyyətlə İslamın gətirdiyi mesajlar arasındakı əngəlləri qaldırmaqdır. İnsanın qəlbinə və ağlına səslənə bilmək üçün uyğun şəraiti hazırlamaq fəthin əsas qayə və hədəfidir. Əks halda insan qanı axıtmaq, ya da torpaq ələ keçirmək üçün savaşmaqla fəth məfhumu arasında dağlar qədər fərq var.
İslamiyyətin ilk ortaya çıxdığı dövrlərdə bir-birinə düşmənçilik bəsləyən ərəb qəbilələri Quranın mesajları və Həzrət Peyğəmbərimizin (s.ə.s) tərbiyəsilə “ilayi kəlimətullah” (Allah adını uca tutmaq) adına idealist bir iman və fəth ordusu halına gəlmişdilər. Qeyd edək ki, müsəlmanlar bu fəth hərəkatı ilə hakimiyyəti altına aldıqları ölkələrin xalqlarına İslamı məcbur şəkildə qəbul etdirməyiblər.
Bəzi şərqşünaslar və xristian müəlliflər İslam fəthlərinin insanları qılınc gücü ilə din dəyişdirməyə məcbur etdiyini iddia etmiş, müsəlmanların bir əlində qılınc, digər əlində Quran olduğu halda təsvir etməyə çalışmışlar. Ancaq tədqiqatçılar qeyd edir ki, İslamiyyətin bu fəth hərəkatı və geniş coğrafiyalara yayılması hər şeydən əvvəl xristianlığın əleyhinə işləyən bir amil olmuşdur. Bu baxımdan xristian din mənsublarının bu kimi ittihamlarını o qədər də ciddiyə almaq doğru olmaz. Müsəlmanlar insanları tövhid inancına dəvət etmişlər və bu uğurda cəhd göstərmişlər. Ancaq heç kimə zorla İslamiyyəti qəbul etdirməmişlər.

Bir sözlə İslam fəthləri dövlətin sərhədlərinin genişlənməsini təmin etməklə yanaşı, qeyri-müsəlmanları zorla müsəlman etmə hədəfi güdmür, onları sadəcə İslam dövlətinin himayə etdiyi insanlar (zimmi) statusunda saxlamaqla kifayətlənirdi. Başqa bir ifadə ilə, onların zorla müsəlman olmalarını deyil, İslama tabe olmalarını, İslama girmədən Allaha itaət etmələrini təmin edirdi. Çünki zorla dinə girənlərin müsəlmanlığından nə özlərinə, nə də İslam ümmətinə bir xeyir gəlməyəcəyini bilirdilər. İnsanları ölümlə təhdid edərək müsəlmanlaşdırmaq da onları münafiqliyə, ikiüzlülüyə sövq edəcək, cəmiyyətdəki münafiq sayını artırmaqdan başqa bir nəticə verməyəcəkdi.
Hər hansı bir yerin fəthindən danışmadan əvvəl İslamın fəth anlayışı barədə qısaca məlumat verməyin faydalı olacağını düşündüm... İndi isə gələk müsəlmanların indiki adı ilə Cəbəli-Tariq boğazını keçərək tarixi İberiya yarımadısını fəth etmələrinə və buradakı 800 illik Əndülüs mədəniyyətinin varlığı məsələsinə...
Əndülüs, İslam mədəniyyətinin sintez olunduğu qədim bir coğrafiyadır. 711-ci ildən 1492-cı ilə qədər Pireney yarımadasında (digər adı İberiya yarımadası) hökm sürən Əndülüs İslam mədəniyyəti Avropada qurulan ən böyük sivilizasiyalardan biridir.

Kökləri şərqdə, budaqları isə Avropa qitəsinə yayılmış və səkkiz əsr varlığını davam etdirən bu qeyri-adi qədim sivilizasiya tarixə qızıl hərflərlə yazılmışdır. Avropa sanki elm və mədəniyyət baxımından buradan bəslənmişdir. Bu gün İspaniyada Əndülüs mədəniyyətinin maddi və mənəvi təzahürlərini açıq şəkildə görmək olar. İspan dilindəki ərəb mənşəli kəlmələr, buradakı Əndülüs mədəniyyətinin sadəcə dil sahəsindəki dərin izlərini göstərir. Əndülüs, misilsiz coğrafi, siyasi, sosial və mədəni xüsusiyyətləri ilə İslam tarixində müstəsna yeri və əhəmiyyəti olan bir bölgənin adıdır.
Əndülüs demək, həm də müsəlmanlara bu coğrafiyanın qapılarını açan Tariq ibn Ziyad deməkdir. Tariq ibn Ziyad Təxminən 670-ci ildə (hicri 50-ci il) dünyaya gəlmişdir. O, şəxsi keyfiyyətləri ilə Əməvi dövlətinin Şimali Afrika valisi Musa ibn Nusayrın diqqətini cəlb eləmişdi. Qeyd edək ki, vali xəlifə tərəfindən paytaxtdan kənardakı digər bölgələri idarə etmək üçün təyin edilən məmurlara verilən addır. Vali, təyin edildiyi bölgə və ya vilayətdə xəlifənin güc və səlahiyyətini təmsil edən şəxs idi.
Tariq ibn Ziyad dövrün şərtləri etibarilə kölə mövqeyində idi və vali Musa ibn Nusayr tərəfindən satın alınaraq azad edilmişdi. Bir mənada Tariq ibn Ziyadın həyatına köləlikdən fatehliyə gedən yol da deyə bilərik. Bu həm də bir İslam cəmiyyətində şəxsi keyfiyyət və bacarığı ölçüsündə bir insanın gələ biləcəyi yeri göstərən misallardan biridir. Tariq ibn Ziyad müsəlman olduqdan sonra vali Musa ibn Nusayr onu Şimali Afrikada gerçəkləşdirilən fəth hərəkatlarına komandan təyin etmişdi. Bu minvalla Tariq ibn Ziyad hələ Əndülüsü fəth etmədən əvvəl Tanjeri (ərəb dilində Tancə) fəth edən ordu içərisində bir komandan idi. Sonralar Musa ibn Nusayr Tariqi Tanjer şəhərinə vali təyin edəcəkdi. Qeyd edək ki, Tanjer şəhəri Cəbəlüttariq boğazının sona çatıb Atlantik okeanın başladığı nəqtədə yerləşən, buradan baxanda Əndülüs (İspaniya) sahillərinin göründüyü, strateji önəmə sahib bir yerdir. Tanjer limanı Əndülüsə gedəcək əsgərləri daşımaq üçün gəmilərin dayandığı yer idi.

Tanjer şəhəri xüsusilə Əndülüs fəthini gerçəkləşdirəcək birliklərin toplanma nöqtəsi olmuşdur.
Əndülüsün, indiki adı ilə İspaniyanın İslam sərkərdələri tərəfindən fəth edilməsi və burada 800 ilə yaxın davam edən İslam hakimiyyəti cildlərlə əsər yazmağa yetəcək qədər bilgi və məlumat ehtiva edən tarixi bir hadisədir. İspaniyanın fəthi ilə burada Əndülüs mədəniyyətinin qurulması həm də xristian Avropanın İslamla ilk tanışlığı idi. Müsəlmanlar hələ xaçlı səfərlərindən əvvəl baş verən bu fəth hərəkatı ilə elm və mədəniyyət sahəsindəki təcrübələrini xristian ispanyollara ötürmüş və dolayısı ilə Avropada baş verəcək rönessansın təməllərini atmışlar. Bu tarixi həqiqət bu gün bir çox avropalı elm adamı tərəfindən də qəbul edilir.
İspaniyanın fəthi bu yarımadada yeni bir dövrün başlanğıcı idi. Görəsən Əndülüsün müsəlmanlar tərəfindən fəth edilməsinin səbəbi nə idi? Bu fəthi asanlaşdıran amillər nələr olmuşdur? Qeyd edək ki, Əndülüsün müsəlman yurdu halına gəlməsinə zəmin hazırlayan başlıca amil Məğribin fəth edilməsi idi. Məğrib ərəb dilində “qərbdə olan” deməkdir. Ərəbistana nisbətən qərbdə yerləşdiyinə görə Şimali Afrikada yerləşən əsasən Əlcəzair, Mərakeş, Tunis, qismən Mavritaniya Məğrib adlandırılırdı. Buraların müsəlmanlar tərəfindən fəth edilməsi sonrakı mərhələdə dənizin digər sahilindəki tarixi İberiya yarımadasının da (Əndülüsün) fəth edilməsinə böyük zəmin yaradacaqdı. Bu minvalla səhabə Ukbə ibn Nafi Şimali Afrikanı fəth etmiş, beləcə Avropanın içinə doğru uzanan Əndülüs mədəniyyətinin də təməli atılmışdı.
Deyə bilərik ki, Tariq ibn Ziyad, Afrikanın fatehi Ukbə ibn Nafinin əkdiyi fidanın çiçəyidir. Onlar estafeti, İslam bayrağını bir-birindən dövr almışlar. Ukbə ibn Nafinin əmrindəki İslam orduları Şimali Afrikanı tamamilə fəth etmiş və Atlantik okeanına gəlib çıxmışdı. Ukbə ibn Nafi bu zaman atını dənizə sürərək belə demişdi: “Ey Rəbbim! Bu dəniz əngəli qarşıma çıxmasaydı, Sənin Uca Adını yaymaq üçün daha uzaqlara gedərdim” O bu istəyini gerçəkləşdirə bilməsə də ondan aldığı mənəvi güc və təcrübə ilə bu işi Tariq ibn Ziyad gerçəkləşdirəcəkdi.
Əməvi dövləti Şimali Afrikanı öz hakimiyyəti altına alandan sonra fəth hərəkatı buralarda artıq bir doyum nöqtəsinə çatmışdır. Bu andan etibarən yeni bir fəth dalğası üçün tarixi İberiya yarımadası (Əndülüs) gözəl bir seçim və hədəf olaraq müsəlmanların qarşısında dururdu. Onsuz da Şimali Afrika ilə İberiya yarımadası (Əndəlüs) arasında tarixi bir bağ və əlaqə o gündən bu yana varlığını davam etdirirdi.
Müsəlmanlar Afrikadakı Tanjer limanından gəmilərlə tarixi İberiya yarımadasına keçən dövrlərdə bu bölgənin siyasi bütünlüyü pozulmuşdu və buralarda xaos hökm sürürdü. Əməvilərin Şimali Afrika valisi Musa ibn Nusayr nisbətən zəifləyən fəth hərəkatına yeni bir rəng və missiya qatmaq istəyirdi. Əndülüsün içinə düşdüyü qarışıqlıq da belə bir fəth üçün bir fürsətə çevrilmişdi. Bütün bu yaşananlarla bərabər Məğribdə yerləşən Sueta şəhərinin Bizans valisi Kont Julianos Əməvilərin Şimali Afrika valisi Musa ibn Nusayra məktub yazaraq onu Sueta şəhərinə dəvət etmiş və ona Əndülüsü fəth etməyi təklif etmişdi. Musa ibn Nusayr da Əməvi xəlifəsi Vəlid ibn Abdulməlikə məktubunda Julianosun təklifini yazaraq Əndülüsün fəthi üçün icazə istəmişdi. Rəvayətə görə, yarımadaya kəşfiyyat üçün göndərilən ilk 500 nəfərlik birlik Julianosa aid dörd gəmi ilə yola çıxmış və yarımadadan bol qənimətlə qayıtmışdı.
Bu mərhələdən sonra o zaman hələ Tanjer valisi olan Tariq ibn Ziyad alınan təlimatlar üzrə 711-ci ildə 7000 minlik İslam ordusunu tacir qiyafətində Julianosa məxsus dörd gəmi ilə hissə-hissə yarımadaya göndərmiş, özü də son gəmi ilə sonraları Cəbəlüt-Tariq adlanacaq yerdən yarımadaya ayaq basmış, hərbi qərargah quraraq əsgərlərini burada toplamışdır. Tariq ibn Ziyadın bu 7000 minlik ordusunun əksər hissəsi bərbər əsilli müsəlmanlardan meydana gəlmişdi.

Tariq ibn Ziyadın yarımadaya ayaq basdığı onun adını daşıyan “Tariq boğazı” (Cəbəlüt-Tariq). Boğazın qarşı tərəfində isə Şimali Afrika sahilləri görünür.

Günümüzdə Aralıq dənizi ilə Atlantik okeanını birləşdirən, Avropa və Afrika qitələrini ayıran boğaza “Cəbəlüt-Tariq boğazı” adı verilmişdir. Ərəb dilində “cəbəl” dağ deməkdir. “Cəbəli-Tariq”, “Tariqin dağı” mənasına gəlir.
Tariq ibn Ziyadın Əndülüsü fəth etdiyi dövrdə İberiya yarımadasında Vestqot krallığı hakim idi. Vestqot krallığı bugünkü Fransanın cənub-qərbi və İberiya yarımadasında V-VIII əsrlərdə hökmranlıq edən bir krallıqdır. Müsəlmanların yarımadada irəliləməyə başladığını xəbər alan Vestqot kralı Rodriqo Fraklarla döyüşmək üçün yola çıxdığı şimaldan qayıdaraq böyük bir ordu ilə müsəlmanların üzərinə yürüş elədi. Rodriqonun böyük ordusu qarşısında Musa ibn Nusayr, müsəlman ordusunun komandanı Tariq ibn Ziyada 5000 nəfərlik yeni bir ordu göndərmiş və beləcə Tariq ibn Ziyadın əsgərlərinin sayı 12000-ə çatmışdı. Əməvi xəlifəsi Vəlid ibn Abdulməlikin (705-715) dövründə fəth edilən Əndülüs, İfrikiyyəyə (orta əsrlərdə ərəblərin bugünkü Tunus və ətraf bölgələrə verdiyi ad) bağlı bir valilik idi və İfrikiyyə valiləri tərəfindən təyin edilən valilərlə idarə edilmişdir. Bu dövrə İslam Əndülüsü tarixində“Valilər dövrü” (714-756) deyilir. Müsəlmanlar Əndülüsün fəthi ilə sanki maddi və mənəvi çalarları ilə Qərbi Avropada bir İslam atmosferi və hüzur adası inşa edəcəkdilər.
“Gəmiləri yandırmaq” deyimini dilimizə qazandıran hadisənin qəhramanı məhz Tariq ibn Ziyad olmuşdur. Bu ifadə bir işdə qələbəyə nail olmaq üçün irəli getməkdən savayı yolun olmadığını bildirir. Bir rəvayətə görə, Tariq ibn Ziyad yarımadaya keçdikdən sonra bütün gəmiləri yandırmış, sonra da əsgərlərinə belə demişdir: “Arxamızda düşmən kimi dəniz, önümüzdə isə dəniz kimi düşmən var. Artıq geriyə dönüşümüz mümkün deyil. Düşmənə hücum edib bu torpaqları almaqdan başqa çarəmiz yoxdur”.

Tariq ibn Ziyadın əsgərlərinə yolun dönülməz olduğunu göstərmək və ordusuna güc-qüvvət qatmaq üçün gəmiləri yandırma hadisəsini təsvir edən  rəsm
Savaşdan sonra Musa ibn Nusayr Tariq ibn Ziyada məktub yollayaraq, onun əmri olmadan İspaniyanın iç bölgələrinə girərək İslam ordusunu təhlükəyə atdığını bildirmiş və özü əlavə ordu ilə yarımadaya gələnə qədər olduğu yerdən daha irəliyə getməməyi əmr etmişdi. Ancaq Tariq ibn Ziyad vali Musa ibn Nusayrın əmrini dinləməmiş və Kont Julianosun tövsiyyəsi ilə ordusunu digər şəhərlərə göndərmək üzrə hissələrə ayırmışdı. Tariq və əmrindəki komandirlər bir çox şəhəri ələ keçirdikdən sonra Vesqotların paytaxtı Toledoya (Tuleytula) yürüş elədi və ciddi bir müqavimətlə qarşılaşmadan şəhəri ələ keçirdi.

Toledodan bir görünüş
Bu hadisələrdən sonra 712-ci ildə Musa ibn Nusayr 18000 nəfərlik ordu ilə Əndülüsə keçmiş, bir sıra şəhərləri fəth etdikdən sonra Tariq ibn Ziyadla Toledoda görüşmüşdü. Bu görüşmə əsnasında xəlifənin səlahəyyətlərini təmsil edən vali Musa ibn Nusayr, onun əmrini dinləməyərək öz başına hərəkət etdiyi üçün Tariq ibn Ziyadı töhmət etdiyi bildirilir. Ancaq rəvayətlərə görə, bu zaman Tariq ibn Ziyad Musa ibn Nusayra qarşı hörmətlə davranmış və onun könlünü qazanmağa çalışmışdır. Tariq ibn Ziyad bəzi şəhərlərin fəthində özbaşına hərəkət etsə də, ələ keçirdiyi bütün qənimətləri Musa ibn Nusayra təslim etməsi onun əmrdən çıxmadığını və əmrə tabe olduğunu göstərirdi. Musanın Tariqə olan qəzəbi uzun müddət çəkmədi və iki komandan fəth fəaliyyətlərini İspaniyanın şimalına doğru iki qoldan davam etdirdilər. Beləcə müsəlmanlar İslam tarixində ilk dəfə Fransa torpaqlarına qədər gəlib çatdılar. Bir rəvayətə görə, İslam orduları Pireney dağlarını aşaraq Fransa torpaqlarına qədər gedib çıxmışdı. Hətta tarixi qaynaqlarda Musa ibn Nusayrın Avropa üzərindən İstanbula çatmaq arzusu olduğu qeyd edilir (Zəhəbi, IV, 498).
İspaniyada fəthlərin tamamlanmasına az qalmış xəlifə Vəlid ibn Abdulməlikin elçisi Muğis ər-Rumi, xəlifənin Musa və Tariqi paytaxt Dəməşqə geri qayıtmalarını istəyən məktubunu gətirdi. Açığı bu məktub Musa ibn Nusayrın o qədər də könlündən olmamışdı və o bir müddət fəthlərə davam elədi. Ancaq eyni əmrlə ikinci bir elçi gələndə hər iki tarixi şəxsiyyət və böyük sərkərdə Musa ibn Nusayr və Tariq ibn Ziyad bir çox qənimətlə 714-cü ildə Əndülüsdən ayrılaraq Dəməşqə qayıtdılar. Xəlifə Vəlid ibn Abdulməlik bu ərəfədə son günlərini yaşayırdı. Onunla görüşüb qənimətlərə təslim etdilər. Qabiliyyətli, dirayətli və cəsur bir komandir, eyni zamanda güclü bir xətib olan Tariq ibn Ziyad bundan sonrakı dövrlərdə önəmli bir coğrafiyanın fatehi olaraq xəlifələrdən o qədər də hörmət və izzət görməmişdir. Ömrünün qalan hissəsini hər hansı bir vəzifəyə təyin olunmadan, gözdən uzaq bir yerdə keçirmiş və müsəlmanlara üzərində 800 illik bir mədəniyyət quracağı İberiya yarımadasını bəxş edərək 720-ci ildə dünyasını dəyişmişdir.
Musa ibn Nusayr İspaniyanın fəthi ərəfəsində Tariq ibn Ziyadın onun əmrindən çıxaraq fəthlərə davam etdiyi üçün Dəməşqə qayıdanda onu yeni xəlifə Hişama şikayət eləmişdi. Xəlifə apardığı tədqiqatdan sonra İspaniyanın gerçək fatehinin Tariq ibn Ziyad olduğunu öyrənmiş və ona hər hansı cəza verməmişdi. Bununla yanaşı xəlifə Tariq ibn Ziyadı öz ölkəsinə göndərməmiş, o da ömrünün sonuna qədər xilafətin mərkəzi olan Suriyada yaşamışdır.
İspaniyanın fəthi bir kölə ikən müsəlman olduqdan sonra İslam ordusunun komandanı olan Tariq ibn Ziyadın qətiyyəti sayəsində baş tutmuşdu. İslam, bir köləyə izzət və şərəf verdiyi bir dövrdə, avropalıların ordusunda kölələr bir yem olaraq istifadə edilirdi. Tarixi bir reallıq var ki, Tariq ibn Ziyadın bu yarımadanı fəth etməsi Vesqotların basqı və zülmündən bezmiş xalq üçün yeni bir nəfəs demək idi.
İslam adına çox böyük fəthlər gerçəkləşdirən Tariq ibn Ziyad əldə etdiyi misli-bərabəri olmayan qənimət və fəth etdiyi onlarla şəhərə baxmayaraq, belə dediyi nəql edilir: “Ey Tariq, dünən bir kölə idin. Bu gün qələbə qazanmış bir komandansan. Sabah torpağa girəcəksən. Sonra da Allaha hesab verəcəksən!” Tariq ibn Ziyadın artıq böyük bir fəth hərəkatının komandiri olaraq tarixdə bir iz buraxdığı üçün bəlkə də qürurlanmağa haqqı çatırkən, onun öz nəfsini sorğuya çəkməsi, bu fəthin əslində Allahın müvəffəq və nəsib etməsi ilə baş verdiyinin fərqində olması, bunu dilə gətirməsi onun həm də ciddi İslami tərbiyədən keçdiyini göstərir. Onsuz da tarixin çarxını dəyişdirən və İslam adına edilmiş bütün fəthlərə nəzər yetirsək, Tariq ibn Ziyad kimi dünya naz-nemətinin ayaqları altına sərildiyi bir anda belə nəfsini sorğu-suala çəkə bilən və əvvəlcə öz nəfsinin fatehi olmuş sərkərdələr görürük. Bu baxımdan Qüdsün fatehi Səlahəddin Əyyubi ilə Tariq ibn Ziyad arasında elə bir fərq yoxdur. Çünki hər ikisi də əvvəlcə elə öz nəfslərinin fatehi idilər. Burada Həzrət Öməri (r.a) də yad etməmək olmaz.
Nə qədər ki, bu ruh və mənanı müsəlmanlar qoruyub saxlaya bilmişdilər, fəth və zəfərlər də ardı-arda gəlmişdi. Əksinə, dünya dəbdəbəsinə, şan-şöhrətə qərq olan dövr və zamanlar da, tarix şahidlik edir ki, müsəlman ölkələrinin, dövlətlərinin tənəzzül və çöküş dövrləri olmuşdur.
 
Mövzuya davam edəcəyik...
 
Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top