NAZİM MUSTAFAYEV

“Tariq ibn Ziyadı tanıyırsan?..”

“Tariq ibn Ziyadı tanıyırsan?..”

NAZİM MUSTAFAYEV

Üzünün suyundan ərəblik yağan bir nəfərlə Praqada pul dəyişmə məntəqəsində tanış olmuşdum. Görünüş etibarilə ərəb olacağına ehtimal verərək ona ərəbcə sual soruşdum. Bu yazıda həmin o şəxslə aramızda keçən dialoqdan bəhs etmək istəyirəm.
Pul dəyişmə məntəqəsində işləyən bu şəxs sualımı başa düşərək elə ərəb dilində cavab vermişdi. Sonra da: "Mən ərəb deyiləm, mən bərbərəm" dedi. Açığı ilk olaraq “mən bərbərəm” sözünü tam anlamadım. Açıqlama tərzində isə belə dedi: "Tariq ibn Ziyadı bilirsən? O da əslən bərbər idi". Təbii ki, belə deyəndə adamın nə demək istədiyini anladım. Onun tanıtdığı tarixi şəxsiyyət əslində hamımızın bildiyi məşhur İslam fatehi və məşhur İslam sərkərdəsi Tariq ibn Ziyad idi.
Bu şəxs hər nə qədər özünü və milli kimliyini bir İslam fatehinin adını çəkərək tanıtsa da, sözün əvvəlində “mən müsəlman deyiləm” demişdi. Bu mənzərə mənə biraz qəribə gəlmiş, ortada bir təzad və paradoksun olduğunu düşünmüşdüm. Çünki Tariq ibn Ziyadın dini və əqidəsini daşımasa da onun milli kimliyi ilə özünü tanıtmış, hətta biraz da onunla öyünmüşdü.
Düzdür, hər kəs tarixdə iz qoyan böyük bir şəxsiyyət, sərkərdə və ya alim ola bilməz. Sonradan gələnlər də özlərini bu tarixi şəxsiyyətlərin kölgəsinə sığınma ehtiyacı hiss edirlər. Bəlkə də qarşılaşdığım belə bir mənzərə idi.
Bu şəxslə dialoqumuz orada bir müddət də davam elədi. Hər halda o, Tariq ibn Ziyadı bərbərlərin dünyaya ərməğanı kimi görürdü. Danışarkən belə bir ifadə işlətmişdi: “Dəmməra İsbaniya” yəni İspaniyanı yerlə-yeksan edən adam. Söhbətimiz gözəl alınsa da, həmçinin biz artıq müəyyən bir mövzu haqqında danışsaq da, eyni mövzuda işlətdiyimiz deyim və ifadələr biraz fərqli idi. Hər halda burada məsələyə baxış tərzinin təsiri var idi.
Orada adamın sözünə biraz düzəliş edərək: “Ləm dəmmər. Və ləkin fətəhə” yəni, “şəhərləri yerlə yeksan etmədi, dağıtmadı, ancaq fəth etdi” dedim. Tariq ibn Ziyadın etdiklərini “dəmməra” feli ilə izah etmək doğru olmazdı. Şəhərləri yerlə yeksan etmək, dağıtmaq İslama görə də zidd bir əməl idi. Onun etdiyi iş “fətəhə” (fəth etmək) feli ilə izah oluna bilərdi.
Həmçinin Tariq ibn Ziyadı o gəncin gördüyü kimi hansısa xalqın yetirməsi, hansısa xalqın dünyaya ərməğanı kimi baxmaq da reallıqla üst-üstə düşmürdü. Çünki o İslam mədəniyyətinin yetirməsi, İslamın dünyaya ərməğanı idi. Onu sərkərdə edən mənəvi güc və qüvvət İslamdan gəlirdi.
Haşiyəyə çıxaraq onu da qeyd etmək istəyirəm ki, Nizami, Füzuli, Nəsimi və Tusi kimi ədib və alimlərə hər nə qədər milli mənsubiyyətinə görə bizim alimlərimiz desək də, onlar həm də İslamın övladları, İslam mədəniyyətinin yetirmələridirlər. Məsələyə belə baxmaq tarixi şərtlər və reallıqlar baxımından daha doğru görünür. Bəli sadalanan bu alimlər alt kimlik olaraq bir millətə mənsubdurlar. Ancaq onların fikirlərinə yön verən, onların ilham mənbəyi İslam mədəniyyəti idi. Əslində bu məqamı görməzlikdən gəlmək həm də Tariq ibn Ziyad kimi sərkərdələri, Nizami və Füzuli kimi mütəfəkkirləri tam mənası ilə başa düşməmək deməkdir.
Gəlin Tariq ibn Ziyadın bu sözlərinə qulaq verək. O Əndəlüsü fəth edərək adını tarixə həkk edəndə dini kimliyindən qaynaqlanan bu sözləri deyirdi: “Tariq, dünən bir kölə idin. Allah səni azadlığına qovuşdurdu. Əndəlüsü fəth etdin və bu gün müzəffər bir sərkərdəsən. Xəzinə, qızıllar, ləl-cəvahirat ayaqlarının altındadır. Ancaq onu yadından çıxarma ki, sabah Allahın hüzurunda olacaqsan. Təkəbbürlənmə. Həddini aşma”.
Bərbər əsilli şəxslə aramızda keçən yuxarıdakı dialoqu xatırlayanda öz-özümə bu sualı verdim: “Görəsən biz dahi şəxsiyyətlərimizi nə qədər tanıyırıq? Yoxsa onları əvvəla tanımaq istədiyimiz şəkilə büründürürük? Hər halda Nizami Gəncəvinin orta məktəb divarlarında yaxasında pioner bayaraqlı rəsmlərinin asıldığı günləri xatırlayanlar var. Nizami Gəncəvi heç “pioner” ola bilərdimi? Tariq ibn Ziyad ya da başqa tarixi şəxsiyyətlər ilə onların inanc və məfkurəsindən uzaq bir şəkildə sadəcə milli mənsubiyyətinə görə öyünmək bir insana nə verə bilər?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top