SƏMƏD MƏLİKZADƏ

Jurnalistika fakültəsinin rektoru

Jurnalistika fakültəsinin rektoru

SƏMƏD MƏLİKZADƏ

Yaxşı insan haqqında düşünəndə elə bil yaz günəşinə qızınırsan. Bir anda ağrı-acıların dağılr, gümrahlaşırsan. Qəlbini bir ilıqlıq, sevgi hissi bürüyür. Duyğulanırsan və istər-istəməz sevinirsən. Elə bil dünya bir qədər də gözəlləşir. Şübhəsiz ki, bu hisslərin yaşanmasında qəlbində həmişəlik özünə yer alan, doğmalıq qazanan insanların əməlləri, onlarla bağlı xatirələr səbəb olur. Yəqin ki, hər kəsin ürəyində belə insanlara məxsus xüsusi bir köşə var. Çünki biz həyatımızın mənalı keçməsində, cəmiyyətdə mövqe tutmamızda, ən əsası, insan kimi formalaşmamızda bu şəxslərə çox borcluyuq. Onların sırasında valideynlərimiz, müəllimlərimiz, iş yoldaşlarımız, yazarlar, alimlər, sıravi əmək adamları və sairləri var.

Onu da deyək ki, onlar bizim üçün ata-ana, qardaş, dost, yoldaş, müəllim olmaqla yanaşı, həm də şəxsiyyətdirlər. Və belələri ətrafındakındakı bütün insanlara mehribanlıq göstərir, doğmalıq nümayiş etdirir. Çağdaş jurnalistikamızın ağsaqqallarından biri, müəllim, alim, içtimai xadim Şirməmməd Hüseynov belə insanlardan idi. Şirməmməd müəllim haqda yazmaq həm asandı, həm də çətin. Asandı ona görə ki, o, şəxsiyyətinin bütövlüyünü, əsl ziyalı, gözəl pedaqoq olduğunu gənc yaşlarından sübut etmişdi. Bunları onun haqqında danışan, yazan dostlarının, tələbə və müəllim yoldaşlarının, bu gün mətbuatımızın yükünü çəkən tələbələrinin dediklərindən də aydın görmək olar. Şirməmməd müəllim dünyasını dəyişəndə sanki istər mətbuatda, istərsə də içtimai həyatda qəribə bir ab-hava yaranmışdı. Bu havada daha çox onun şəxsiyyətinə sevgidən doğan bir təəssüf hissi vardı. Çünki Şirməmməd müəllimin itkisi yalnız ailəsinin deyil, xalqın itgisi  idi. O, köhnə kişilərdən, əvəzsiz ziyalılardan idi. Hər şeydən əvvəl o, təmiz və vicdanlı, möhkəm əqidə sahibi idi. Ürək ağrıdan hal olsa da, bu gün ətrafımızda belə insanlar, həqiqətən barmaqla sayılasıdı. Mənim fikrimcə, belə insanlar nadir abidə kimi qorunmalıdı. Çünkü onlar daim xoş aura yaradır, hər kəsi, təmizliyə, saflığa, mübarizliyə çağırır-pir kimi, ocaq kimi. Bu günlərdə qəzetlərdə Şirməmməd müəllim haqqında yazılanlar bir yerə toplansa, çild-cild kitab yaranar. Onun müxtəlif illərdə çap edilən yazıları, verdiyi müsahibələr, telekanallardakı çıxışları da əslində böyük bir kitabdı. Həmin kitab Şirməmməd müəllimin xalqının övladlarına bir növ vəsiyyəti, çağrışı, Vətən, millət haqqında, dünənimiz, bu günümüz haqqında düşüncələridi. Hələ çap olunmamış kitablarını, yazılarını demədik... Çətin ki, belə insanları az olan torpaq ekoloji cəhətdən saf olsun, yüksəlsin... Qələm dostum Gülcahan xanımın "Mədəniyyət" qəzetində yazdığı "Adı əməllərinə yaraşan kişi " sərlövhəli vida sözü çox təbii, təsirli idi. Onun təsəlli verən, qurur gətirən bu fikiri ürəyimi rahatladı: "Şirməmməd müəllim bizim itkimiz yox, mənəvi qazancımız, çatmalı olduğumuz ucalıq meyarımızdır. "

Mən bu yazını bir az qorxa-qorxa yazıram. Çünki onu ölkəmizdə indi, demək olar ki, hamı tanıyır. Axı, Şirməmməd müəllim müxtəlif illərdə  televiziya ekranından xalqa onun eşitmək istədiyi sözləri deyib, çoxlarının xalqdan gizlətdiyi həqiqətləri söyləməyə çalışıb. Buna görə də xalq, bir ziyalı kimi ona inanıb, onu haqq yolunun yolçusu bilib.

 Tələbəlik illərim Şirməmməd müəllimin ən qaynar əmək fəaliyyəti dövrünə düşüb. O illərdə Şirməmməd müəllim Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı idi. Çox zaman ciddi və qayğılı olurdu. O, cəsarəti və ötkəmliyi ilə universitetdəki dekanların çoxundan fərqlənirdi. Buna görə də bəziləri ona zarafatla jurnalistika fakültəsinin rektoru deyirdi. Bu sözlərə görə biz başqa fakültələrin tələbələri qarşısında qürurlanırdıq. Sirr deyil ki, o vaxt Azərbaycanın yeganə universiteti mənəvi iqliminə görə həmişə digər ali məktəblərdən fərqlənirdi. Universitetin özündə isə hərtərəfli təmizliyinə görə jurnalistika fakültəsi seçilirdi. Bu isə, ilk növbədə, bir dekan kimi Şirməmməd müəllimin xidməti idi. İxtisasımıza aid olmayan fənlərdən tapşırılıb qiymət alan tələbələr, şübhəsiz ki, vardı. Lakin heç bir müəllim bizim dekanın qorxusundan tələbəni qəsdən və ya hansı təmənnadan ötrü kəsə bilməzdi. Çünki bu, Şirməmməd müəllimin qulağına çatsaydı, həmin müəllim bir də jurnalistika fakültəsinin qapısından girə bilməzdi.

Biz Şirməmməd müəllimin mühazirələrinin vurğunu idik. O, mühazirələrində tələbələrinə yalnız tədris elədiyi fənnə dair mövzulardan danışmırdı. Dekanımız bizə, belə demək olarsa, həm də həyat dərsi, vətəndaşlıq dərsi, milli düşüncə dərsi deyirdi. Sovetin qılıncının dalı-qabağı kəsən bir vaxtda bəzən Cümhuriyyət dövrünün azadlıq aşiqləri haqqında söhbət açırdı. Bəllidir ki, o dövrdə biz onun danışdıqlarını heç bir kitabdan, ensiklopediyadan oxuya bilməzdik. O, nədən danışırsa danışsın fikirlərindəki məntiq, inandırıcılıq bizi heyran edirdi. Bəlkə də çoxları bilmir, çünki o, jurnalistikaya fizika-riyaziyyat müəllimliyindən gəlmişdi.

Diplom mövzusu seçirdik. Mən romantik şair, taleyi, bəxti  kəm Məhəmməd Hadinin publisistikasını işləmək istədiyimi bildirdim. Elmi rəhbərim Nəriman Zeynalov ( Rəhmətlik Nəriman müəllim ilk, iki cildlik "Azərbaycan mətbuat tarixi" kitabının müəllifidir.) razılığını bildirdi və qeyd etdi ki, bu, işlənməmiş mözudur. Şirməmməd müəllim isə etiraz etdi və dedi ki, bu mövzu çox zəhmət tələb edən işdir. Çünki Hadinin yazıları əski əlifba ilə çap olunub və yazıların çap edildiyi qəzet və dərgilərin saylarının bəziləri oxunacaq halda deyil. Amma inadımı görüb: "Mən də razıyam, ancaq bir şərtim var. Əgər bu mövzünu mənim xoşuma gələn səviyyədə yazmasan, başqa mövzunu yazmalı olacaqsan. Razılaşdım. Doğurdan da diplom işimi elmi rəhbərimin və dekanımım istədiyi səviyyədə yazmaq üçün çox əziyyət çəkdim. Diplom işimə görə rəyçilərdən biri də elə Şirməmməd müəllim idi.  Bir gün otağına girib təqdim elədim. Gülümsünüb dedi: - Hə, şərtimizi unutmamısan ki? Dedim ki, yox. Bildirdi ki, üç-dörd gündən sonra gələrsən...

İki gün sonra məni koridorda görüb dedi ki, gəl dalımca. Getdim. Diplom işimi iş stolunun üstündən götürüb mənə uzatdı və bu sözləri dedi: - Get mənim adımdan bir yaxşı rəy yaz, gətir, qol çəkim. Qulaqlarıma inanmadım. Bildirdim ki, mən sizin yerinizə necə rəy yazım?
Amma o, qısaca, : "Deyilənə əməl elə"- dedi.  Mən sevinə-sevinə otaqdan çıxdım. Öz səviyyəmə görə vərəqyarımlıq bir rəy yazıb səhəri gün yanına getdim. Rəyi oxuyub gülümsədi və dedi ki, inadcıl olmağın xoşuma gəldi, yaxşı yazmısan. Yaxşı rəy yazmağın da varmış..

Dekanlıqdan çıxanda sevindiyimdən hara gedəcəyimi bimirdim. Elə bilirdim dünyanı mənə bağışlayıblar... 

Şirməmməd müəllim haqqında sözümü kiçik xatirə ilə bitirmək istəyirəm. Xoş bir yaz səhəri idi. Uşaqları götürüb o vaxt Kirov parkı adlanan yerə getmişdik. Birdən Şirməmməd müəllimin bizə tərəf gəldiyini görüb onun qarşısına getdim. O, bizimlə görüşdü və bir yaşlı oğlumuzun üzündən öpdü və işlərimizin necə getdiyini soruşdu. Söhbət əsnasında gözəl şairimiz Bəxtiyar müəllimin də buraya gələcəyini dedi. Sonra əlavə etdi ki, axı, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdü. Bu sözlərdən sonra dərindən ah çəkdi və sonra bir qədər susdu...
 
Mən bu yazını 25 dekabr 2004-cü ildə yazmışam. Onda Şirməmməd müəllimin 80 yaşı yenicə tamam olmuşdu. Doğrusu, yazını oxuyub-oxumadığını bilmədim. Amma dünyasını dəyişəndən sonra yazıda bəzi dəyişikliklər edib sizlərə təqdim etməyi sevimli müəllimin ruhu qarşısında vəfa borcu bildim.

Məkanın cənnət olsun, Şirməmməd müəllim!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top