SƏMƏD MƏLİKZADƏ

Çağlayan səs sahibi

Çağlayan səs sahibi

SƏMƏD MƏLİKZADƏ
Elə insanlar var ki, onun həm sənəti, həm də şəxsiyyəti haqqında hər kəs sevgi dolu, ən şirin sözlərlə  danışır. Belə şəxsiyyətlərdən biri böyük aktyor Səməndər Rzayevdir (1945-1986).
41 il ömür sürmüş aktyorun yaratdığı obrazların hər biri gözəl sənət nümunəsidir. O, həm dramatik, həm də komik rolları böyük məharətlə oynayırdı.
Bir anlığa Səməndərin “Nəsimi” (Şirvanşah İbrahim), “Babamızın babasının babası” (Əliruliyev), “Ad günü” (Faiq), “Bəyin oğurlanması” (sovxoz direktoru Hidayət müəllim), “Babək” (ibn Bəis) və digər çoxsaylı filmlərdə yaratdığı rəngarəng obrazları göz önünə gətirin. O zaman aktyorun necə böyük diapazona malik olduğunu hiss edəcəksiniz.
Bir tamaşaçı kimi, mənə görə, Səməndər Rzayevin zirvə oyunu “Nəsimi” filmindəki Şirvanşah İbrahimdir. Filmə baxdıqca hiss edirsən ki, onun ifasında heç bir rejissor göstərişi yoxdur. Xalqını Əmir Teymurun qanlı qılıncından qorumağa çalışan şah əlacsız qalıb şair Nəsimini həbs etdirsə də, bu əməlinə görə daxilən yanır...
O, həyatda olduğu kimi, səhnədə də səmimi idi. Səsindəki saflıq və güclü enerji tamaşaçını çox tez ələ alırdı. Onun səsi, nəfəsi Respublika radiosunun “Bulaq” verilişinə milyonlarla dinləyici qazandırmışdı. Deyilənə görə, Səməndər özü də “Bulaq” verilişinə elə bağlanmışdı ki, bir çox rejissorların yeni filmlərə dəvətinə razılıq vermirdi. Səməndər Rzayevdən sonra o proqrama müxtəlif illərdə bir neçə aktyor aparıcılıq etdi. Lakin o aparıcıların heç biri Səməndərin səsi ilə formalaşdırdığı şirinliyi əvəz edə bilmədi.
Aktyorun yaradıcılığının bir hissəsini onun radio və televiziya tamaşalarında yaratdığı obrazlar təşkil edir. Anarın “Evləri köndələn yar” televiziya tamaşasındakı Şakir Şəkəroviç günümüzün yaddaqalan, tipik məmur obrazıdır...
Təbii ki, onun yaradıcılığı sadaladıqlarımızla bitmir. Səməndər onlarla bədii və sənədli filmin dublyajında da iştirak etmiş, həmin kino-lentlərə yeni nəfəs vermişdir.
Səməndər Rzayev, Rasim Balayev və Mikayıl Mirzəyev Ağsuda doğulub-böyümüş, sənətdə kövrək addımlarını doğma yurdda atmışlar.
Səməndərin səsində milli ruh, ağayanalıq, Rasimin səsində lirizim, Mikayılın səsində güclü pafos var. Hər üçü gözəl bədii qiraət ustasıdır.
Biz orta məktəbdə oxuduğumuz illərdə hər üç aktyor gənclik illərini yaşayır və sənətdə yeni uğurlar qazanırdılar. Həmyerli kimi bizlər onların oynadığı tamaşa və filmlərə böyük maraqla baxır və bir çoxumuz gələcəkdə aktyor olmaq arzusu ilə yaşayırdıq. (O yeniyetmələrdən biri də mən idim. Deyirəm, yaxşı ki, aktyor olmadım. Çünki aktyorluğum da jurnalistliyim kimi olsaydı, ağsulular daş-qalaq edərdilər məni).
Bəli, Səməndər Rzayev az yaşadı, ancaq o, teatr və kino sənətimizdə dərin izlər qoyub getdi.
Ruhu şad olsun.

SƏMƏD MƏLİKZADƏ

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top