SƏMƏD MƏLİKZADƏ

Anama gecikmiş bayram təbriki

Anama gecikmiş bayram təbriki

SƏMƏD MƏLİKZADƏ

       Peyğəmbər əleyhissalam buyurub: “Cənnət anaların ayaqları altındadır “.
 
    Bayramın mübarək, ANA! Ürəyimdə yenə səninlə söhbətləşirəm: Mənə həyat verən, həyatı öyrədən Sən olmusan. Bu dünyada ən güvənli sığınacaq yerim Sənin qucağın, ağrılarımı unutduran şey Sənin isti nəfəsin olub, ANA!
  Sən  mənim üçün fədakarlıq rəmzisən. Atam  bəzən bizi danlayanda özünə yer tapa bilmirdin. Gözlərini bizə dikib qayğılı-qayğılı baxar, sonra atamdam gizlin deyərdin: “O da sizin üçün çalışıb-vuruşur. Bir çətən külfətin çörəyini qazanmaq hər kişinin işi deyil, balalarım. Təpəriniz olsun, atanıza kömək olun... Sabah siz də ailə-uşaq sahibi olacasınız, gərək indidən şələ altına girməyi öyrəşəsiz...”
 Ürəyimdən keçənləri-sevgimi, narahatlığımı həmişə ilk duyan sən olmusan. Dilimdəki ən şirin sözləri, ürəyimdəki ən gözəl arzuları mənə Sən bağışlamısan, ANA!
 Dediyin laylalar, söylədiyin nağıllar məni arzularıma qovuşdurub. Kövrək səsin, həzin layla deməyin vardı. Sən kiçik qardaşlarıma layla deyəndə bir küncə çəkilib uşaq qəlbimi ovudan laylana qulaq asardım:
 
- Layla dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə bir qurban olar,
Sənə qurban gündə mən.
 
Laylay dedim boyunca,
Bas yastığa qoyunca.
Pardaxlan qızıl gülüm,
Bir qoxluyum doyunca
 
Hər laylada yeni oxşamalar söyləyirdin. Mən də çalışırdım ki, o bayatıları, oxşamaları  əzbərləyim. Axşamlar yata bilməyəndə isə bizi nağıllarla yuxuya verər, sonra sabah hazırlıq görərdin. Biz yatırdıq, amma Səni günlərlə şirin yuxuya həsrət qoyurduq. Biz doyunca yeyirdik, amma bişirdiyin xörəklərdən bəzən Sənə dadımlıq qalırdı.
Mən və qardaşlarım o laylalarla, nağıllarla böyüdük, arzularımızı o nağılların işığında tapdıq. Ailə-uşaq sahibi olduq, səpələndik Vətən torpağına... Həftədə, ayda bir ya gələr, ya da zəng edərdik. Bizdən qabaq nəvələrini soruşar, gah sevinər, gah da gileylənər: “Nəvələrimi gözüm dolusu görə bilmirəm...”,- deyərdin.
 Dualarınla gücümə güç, ümidimə ümid qatan ANAM!. Yenicə ailə qurmuşdum. Nə evim vardı, nə vəzifəm, nə də yüksək aylıq əmək haqqım. Toyumuzdan bir həftə sonra şəhərdə böyümüş gəlinini yanıma alıb Şamaxıya getdim. Kirayədə yaşamaq mənə ağır gəlirdi. Bəzən ümidsiz olurdum... Amma Sənin bizim üçün etdiyin dualar, gələcəyimiz barədə dediyin nağıla bənzər sözlər sabaha ümidlərimi artırırdı. Sənin dediklərindən sonra mən ümid sarıdan dünyanın ən varlı adamı olurdum. Deyirdin, darıxmayın, hər şeyiniz olacaq... Sən dediklərin oldu, ANA, amma çox gec oldu. Necə deyərlər, ağzım çörəyə çatanda, başım “daş”a dəydi...
 Məni bağışla, ANA! Sənin məni sevdiyin qədər Səni sevə bilmədim, heç bir saatının əvəzini Sənə qaytara bilmədim.
 Yəqin Sən də unutmamısan, biz qardaşlar, elə bacılarımız da, atamızı daha çox istəyirdik. Bunu Sən bilirdin, ancaq bu seçimimizə təssüflənmirdin, əksinə sevinirdin. Çünki ürəyin çox geniş idi. Ürəyin elə geniş idi ki, həmişə dua edəndə belə deyirdin:  “Allahım, hamının balasını xoşbəxt elə, mənimkiləri də”. Heç vaxt ancaq öz balaların üçün dua etməzdin.
 Bu Sənə son  məktubum deyil, ANA. Nə qədər sağam sevinəndə, qəmlənəndə, hər kəsdən, hər şeydən bezəndə ürəyimdə yenə Səninlə danışacaq, Sənə “məktub” yazacam...
 ...Kaş sağ olaydın, ANA, yaşımın və başımın bu çağında da başımı yenə dizin üstə qoyub fani dünyanın mənə verdiyi dərdləri, ağrı-acıları unudaydım!...
                                                
 
Sözardı: Beynəlxalq Qadınlar Günü münasibətilə başımızın tacı olan Ana və Bacılarımızı təbrik edir, onlara cansağlığı, gözəl ailə və xoşbəxt həyat arzulayır, əllərindən öpürəm! Gözlərindən heç vaxt kədər süzülməsin, sevinc yaşları axsın, bütün arzu və istəkləri çin olsun! Amin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top