NİMAN MƏMMƏDLİ

KÖÇ

KÖÇ

NİMAN MƏMMƏDLİ

Dünyadan bir insan getdi. Bizdən və eldən ayrılıb əbədiyyətə köç etdi. Bu köç bizim böyük qardaşımızın, elin isə sadəcə İman doktor kimi tanıdığı kişinin köçü idi.
Onunla aramızda 23 yaş fərq var idi.O, ailəmizin böyüyü,mən isə sonbeşiyi idim. Körpəlik illəri qanlı-qadalı dava illərinə düşmüşdü.Aramızda son dərəcə qalın bir pərdə var idi.Həyatımda qazandığım bir çox davranışları – sədaqətliliyi, dost qazanmağı, insana insani münasibəti onun davranışından baxıb götürmüşdüm. Bəlkə də həyatını körpə uşaqların həyatına bağladığından – onların sağlamlığı keşiyində durduğundan idi ki, uşaq kimi məsum, saf duyğularla yaşayırdı. Özümü dərk etməyə başladığım ilk günlərdən bu ilin yanvarın 18-nə qədər – dünyasını dəyişdiyi ana qədər – bir kəsin haqqında pis fikir bildirdiyinin şahidi olmadım. İncidiyi adamlar haqqında da heç vaxt incik danışmadı. Bəzən ağzımız qızıb birinin haqqında artıq-əskik söz danışanda da: “Bura o söhbətin yeri deyil” – deyib, dərhal söhbəti dəyişərdi. Və maraqlıdır ki, ”o söhbətin yeri” heç vaxt da gəlmirdi.
O, bu dünyaya 28261 gün yaşamağa gəlmişdi. Gəldi, bir İNSAN ÖMRÜ yaşadı və getdi. Özündən sonraya qalanlar isə acılı-şirinli xatirələr oldu:...
Bir dəfə rayondan kəndə gəlmişdi. Bir xasiyyəti vardı, evə gələn kimi yastığı, döşəkçəni yerə atıb dirsəklənər, ya gedən söhbətlərə qulaq asıb, yeri gələndə müdaxilələr edər, ya da öz dünyasında olardı. Bu dəfə ikincidəydi. Gözləri məchul bir nöqtəyə ilişib qalmışdı. Hərdən dərindən bir köks ötürürdü. Hamımız başına yığışdıq. Təbiətən zarafatcıl olsa da, bu dəfə onu “öz dünyası”ndan  qoparmaq asan olmadı. Nə qədər məzəli söhbətlər eləsək də, dodağı da qaçmadı. Axırda qardaşlardan biri: ”Nə olub? Xeyir ola? Niyə heç bizim sözlərə reaksiya vermirsən?” – deyəndə, nisgilli-nisgilli gülümsəyib: “Niyə bu cəmiyyət Kərəmi qəbul etmək istəmir?” – dedi.  Heyrət etdim:  Demə, düşüncələri yenə özü haqqında deyilmiş. Şair Kərəm Kürqıraxlıya olan mənəvi hücumlar onu əməllicə sarsıdıbmış...
Həyatda fürsətcil adamlar çoxdur. Belə adamların biri ilə baş-başa gəlmişdim. Adi söhbətlər də edəndə söhbəti hərləyib-fırlayıb həkimin üstünə gətirər, onun çox gözəl insan və savadlı həkim olduğunu dəfələrlə vurğulayardı. Mənə, mənim qardaşımı tərifləyir, amma mənə münasibətində bir aqressiya, kin-küdurət, nifrət içini çulğayırdı. Hətta bəzən hədyan da danışırdı. Ürəyimi boşaltmaq üçün “böyük qardaşımdır”- deyib yanına getdim. Hər şeyi danışdım. Təəssüflə başını buladı. Bircə çarəsiz-çarəsiz: “mən nə edə bilərəm ki?”- dedi. Ona yol göstərirmiş kimi:”Bir dəfə də uşağını müayinəyə gətirsə, yaz, göndər Bakıya, qoy orda qabığını soğan kimi soysunlar.”- dedim. Çəpəki üzümə baxıb:”Mən onu eləyə bilmərəm axı...Mən həkiməm...”- dedi. Dedim, bəs o niyə edir? Cavabı çox lakonik oldu:”Hər kəs öz əməlinə görə  cavab verəcək! Bir də ki, ay oğul (bu ifadəni hamıya qarşı işlədirdi), sənin dediklərini mən eləmiş olsam, mən də oldum onun tayı...”  Bu cavab mənə bir dərs oldu.
...Dünyadan bir İNSAN köçürdü...
İki gün idi ki, yanındaydım. Nə qədər ağrılı da olsa, “3-5 günün qonağı”  olduğunu bilirdik. Elə ona görə də gecəni səhərə qədər yanında qaldım. Gözləri çox diriydi. Sözlərini bəzən baxışlarıyla deyirdi. İkinci günün sonunda isə gözləri bir nöqtəyə ilişib qaldı. Böyüründə-başında  baş verənlərə heç bir reaksiya vermədi. Dodaqlarına sürtülən nəm pambığı bir az əvvəl acgözlüklə yalayırdı. İndi ona da heç bir reaksiya yox idi. Elə hey o məchul nöqtəyə baxır, baxırdı...Görən, nə keçirdi gözlərinin önündən, İlahi? ... Az sonra işığı tamam sönmüş və yarı açıq qalmış gözlərindən bir damla yaş qulaqlarına sarı sürüşdü və bu bir damla yaş, onun ömür kitabının sonuncu nöqtəsi oldu.
Bu zaman başının üstündə bizimlə birgə bir həkim dostu da dayanmışdı. Özünü saxlaya bilmədi: “Nə olardı, a zalım, bircə dəfə bizi incidəydin, xətrimizə dəyən söz deyəydin...Bəlkə onda səni itirmək bizi belə yandırmazdı...”.  Və hönkürdü...
İman qağam eşitməsin deyə bayaqdan bəri boğazımızda düyünlədiyimiz hıçqırtılar hönkürtüyə döndü. Bizim İman qağamız, elin İman doxturu KÖÇdü.
Bu, bizim üçün - bacı-qardaşları, yaxınları və tanıyanları üçün ağır köç idi.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top