NİMAN MƏMMƏDLİ

“Ehtiyat”  sözündən ehtiyatlıyam...

“Ehtiyat”  sözündən ehtiyatlıyam...

NİMAN MƏMMƏDLİ

Bu misralar böyük Bəxtiyar Vahabzadənin olsa da,bunu yazacağım bu yazıya sərlövhə kimi seçməyim təsadüfi deyil. İş orasındadır ki, son  5-6 ayda mən bu “ehtiyat” sözündən, həqiqətən, qorxmağa başlamışam. Bu söz  orfoqrafiyamıza əzələ nümayiş etdirir, zor göstərir, açıq-aydın meydan oxuyur.
Sovet quruluşunun süqutundan sonra respublikamızda kapitalist istehsal münasibətlərinin qurulması bir çox özəl müəssisələrin yaranmasına gətirib çıxardı. Bu inkişafın bir çox müsbət cəhətləri göz qabağında olsa da, görünməyən tərəfləri də yox deyil.  İstər respublikanın paytaxtında, istərsə də əyalətlərdə fəaliyyət göstərən maşın təmiri müəssisələrinin (profilaktoriyaların) reklam lövhələrində “ehtiyat” sözünə çox tez-tez təsadüf olunur: MAZ, KamAZ...maşınlarının ehtiyyat hissələri və s...
İlk baxışda burada qeyri-adi bir şey olmasa da, diqqətlə baxanda və bir qədər dərinə gedəndə problemli situasiyaların qaçılmazlığı gözə girir. Lakin bu problemin həllinə nə çalışan var, nə də bu barədə bir düşünən. Bütün cəmiyyətdə bu tip səhvlərə bir biganəlik, laqeydlik var. Təsəvvür edirsinizmi, 12-13 yaşlı məktəbli bu sözü o qədər səhv oxuyacaq ki, axırda həmin söz elə səhv şəkildə də onun beyninə həkk olunacaq. Daha bundan sonra dur o uşağı başa sal və inandır ki, sənin o “ehtiyyat” kimi oxuduğun müəssisələrin sahibkar əmiləri o sözü ora səhv yazıblar. Sizi inandırıram ki, belə bir şeyi uşağa başa salmaq istəsən, özün gülüş hədəfinə çevrilərsən. Çünki... başına gələn başmaqçı olar...
...1989-cu  ilin sonlarında Bakının 36 saylı məktəbində dərs deyirdim. O vaxt 36 saylı məktəb “İnqilab” küçəsində yerləşirdi. (Təbii ki, indi də oradadır, lakin indi küçənin adı dəyişdirilib). VIII siniflərdə yoxlama imlalardan birinin mətnində “İnqilab” sözü  işlənmişdi. Sinfin 95%-i bu sözü səhv yazmışdı. Səhvlər üzərində iş apararkən şagirdlər, altından qırmızı xətt çəkilmiş”İNQLAB” sözünün niyə səhv olduğunu soruşdular. Onlara bu sözün “İNQLAB” yox, ”İNQİLAB” şəklində yazılmalı olduğunu dedikdə sinifdə bir pıçhapıç və pıqqıltı olduğunu hiss etdim. Onlara bunu başa salmaqda çətinlik çəkirdim. Axırda cəsarətli bir qız ayağa qalxıb küçənin o biri tərəfindəki binanın üzərinə yapışdırılmış plastik göstəricini mənə göstərib: ”Ora nə yazılıb?”—dedi. Qızın göstərdiyi səmtə baxdım: işıqlandırıcı sistemin üzərinə quraşdırılmış lövhənin üzərində “İNQLAB küçəsi” yazılmışdı...Daha heç nə demədim.  İndi bu qarışmış uşaq psixologiyasını doğru yola qaytar görüm, necə qaytarırsan?
Doğru sözü lövhəyə yazsam da, uzun müddət bunu şagirdlərə qəbul etdirə bilmədim. Kim idi günahkar? Mən? Şagirdlər, yoxsa o sözü ora səhv yazan əlaqədar təşkilatlar?
Aradan artıq  30  ilə yaxın  vaxt keçib. Lakin səhvlərimiz nəinki azalmayıb, əksinə, bir az da artıb. Bəs vəziyyətdən çıxış yolu yoxdurmu?
Mənə belə gəlir ki, əlaqədar təşkilatlar bu barədə bir şey edə bilərlər. Belə ki, ya icra strukturlarının, ya da bələdiyyələrin nəzdində “Reklam işlərinə nəzarət” adlı bir qurum yaratmaq olar. Amma bu qurumun stolüstü kitabı  mütləq və mütləq “Azərbaycan dilinin orfoqrafiya lüğəti” olmalıdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top