NİMAN MƏMMƏDLİ

Xilasın iki qütbü

Xilasın iki qütbü

NİMAN MƏMMƏDLİ

“Dünyanı məhəbbət xilas edəcək...” Kimin sözləri olduğunu  unutsam da, tam məsuliyyətimlə deyirəm ki, bu sözləri deyərkən müəllif “dəli bir ilhamın” ağuşunda üzürmüş. Bu sözlərdə böyük bir həqiqət var, amma bu, həqiqətin hamısı da deyil. Çünki bu boyda missiyanı — dünyanı xilas etmək funksiyasını —məhəbbət təkbaşına yerinə yetirə bilməzdi. Bunun  üçün məhəbbətə özünün törəməsi və həmqafiyəsi də - mərhəmət də - lazım idi.
Məhəbbət dünyanın (bəlkə də “dünya ədəbiyyatının” yazmaq daha doğru olardı) əzəli və əbədi mövzusudur. Lakin məhəbbətdən törəmiş mərhəmət haqqında yazılara bir o qədər rast gəlmirik.
Belə mövzulu əsərə XIX əsr Avropa ədəbiyyatını öz kölgəsi altında saxlayan fransız yazıçısı V. Hüqonun yaradıcılığında rast gəlinir. Qanun və mərhəmət... Bu iki məfhum V. Hüqo yaradıcılığında qoşa xətt kimi görünür. Əgər onun “93-cü il” romanında qanunun aliliyi əsas fikir kimi götürülübsə, ”Səfillər”də mərhəmət ön plana çıxarılır. Qeyd edək ki,”Səfillər”də də QANUN və ona müəllif münasibəti əsərin əsas fikir yüklərindən biridir. Qanun qoruyucusu Javer əsərin əvvəlindən sonuna qədər daim MƏHƏBBƏT və MƏRHƏMƏTİN başının üstündə bir kabus kimi dolaşır. Lirik səhnələrin təsvirində də oxucunu daim bir fikir narahat edir: bu saat Javer hardansa peyda olub, bu əhval-ruhiyyəni korlamasa yaxşıdır. Qorxulan şey başa gələr - əsər bütövlükdə bu təzadın üzərində qurulub: Şərin, nifrətin unudulduğu, mərhəmətin, məhəbbətin oxucu qəlbini riqqətə gətirdiyi bir vaxtda daim Javer bizi izləyib, bizim iztirabımızdan ləzzət alıb. Əslində Javerin oxucu üçün bu dərəcədə qorxunc olmasında yazıçı “günahkardır”. ”Niyə?” sualı ortaya çıxsa, cavab çox sadədir. Müəllif Javeri bizə görün necə təqdim edir: Javer üçün dünyada yalnız qanun var. Əgər qanunu pozan onun atası da olmuş olsa, Javer üçün fərqi yoxdur, qanun qarşısında cavab verməlidir. Javer  – pusquda yatmış canavardır.  Şikarı kim olur olsun, parçalayacaq... Atasına rəhm etməyən, qəlbində mərhəmət deyilən bir şeyin olmadığını bildiyin birisindən mərhəmət ummaq nə dərəcədə realdır? Oxucunu qorxudan da elə budur.  ”İki ulduzun görüşü” və “Sədəqə verən dilənçi” fəsillərində rast gəldiyimiz hadisələr dediklərismizə ən yaxşı sübutdur.
Sədəqə verən dilənçi xəbərini eşidən kimi Javerin yadına ilk növbədə Jan Valjan düşür. Javer heç vaxt səhv etməyib. Yenə də etmir. Sədəqə verən “dilənçini” təqib edir və onun Jan Valjan olduğunu dəqiqləşdirir. Ancaq oxucunu başqa bir fikir düşündürür: Harda, kimə bir yaxşılıq olunubsa, Javer o yaxşılıq edənin Jan Valjan olduğunu güman edir və heç vaxt da yanılmır. Bəs bu qədər yaxşılığın müqabilində Javer niyə inadından əl çəkib Jan Valjanı təqib etməkdən vaz keçmir? Cavab—müəllifin təqdimatındadır.
Qanunçuluq V. Hüqo qəhrəmanlarının qanındadır. Əgər Simurden (“93-cü il” romanı) əsərin sonuna qədər qanunçuluğa sadiq qalırsa (o, öz tələbəsinə ölüm hökmü kəsmişdi, çünki qanun belə tələb edirdi), Javer əsərin sonunda inadından dönür. Javer ömründə bircə dəfə qanuna zidd gedir və bu da ona, həyatı bahasına başa gəlir: Ona həyatını bağışlayan Jan Valjanı həbs etməmək üçün bircə yol görünür: İNTİHAR. Və o, bu yolu seçir.
Bəs yuxarıda  haqqında bəhs etdiyimiz Jan Valjan kimdir?
Yazıçı onu bizə əsərdə  gah Jan Vlajan, gah Şan Matye, gah da Madlen baba kimi təqdim edir. Lakin nə adla təqdim edir etsin, hər üç ad axırda Jan Valjan adında birləşir. Əsərin “Düşmə” fəslindən Jan Valjanla tanışlığımız başlayır. Tanışlığın lap əvvəlindən o, gözümüzə canavar libasında görünür. Əynindəki paltar onun kimliyini dərhal ortaya qoyur. Ünsiyyətdə olduğu adamlar onun ikinci sualına cavab vermək istəmir. Hamı onunla ünsiyyətdən qaçır. İyirmi ilin qarşılığında bircə dəfə adam kimi oturub nahar etmək istəyir, lakin onu sorğu-sualsız girdiyi yeməkxanadan qovurlar.  Gecələmək üçün üz tutduğu evlərin və karvansaraların qapısı onun üzünə bağlanır. Hətta it damında belə, ona gecələməyə yer tapılmır. Niyə axı? Nədir bu bədbəxtin günahı?
Qəhrəmanın təqdimatından bəlli olur ki, Jan Valjan cavan yaşlarında mehriban, qayğıkeş, həssas bir insan olub. Bacısının uşaqlarına çörək qazanmaq məqsədilə bu fövqəladə gücə malik adam çox işlərə baş vursa da, bir gün evə əliboş dönür. Lakin evdəki körpələrin onu hansı həsrətlə gözlədiklərini hiss etdiyindən çörək mağazasının qarşısından keçərkən artıq ayaqları getmir. Və elə bu andan onun faciəsi başlanır. Daxilindəki fırtınanı nə qədər boğmağa çalışsa da, körpələrin aclığı onu cinayətə sürükləyir və o, mağazadan çörək oğurlayaraq evə qaçır. Lakin həmin çörəyi körpələrə yedirtmək ona nəsib olmur. O həbs olunur. Cinayəti doğuran şəraiti nəzərə almadan onu nə az, nə çox , düz 5 il azadlıqdan məhrum edərək katorqaya göndərirlər. Bir neçə dəfə katorqadan qaçmağa cəhd edir və hər dəfə də tutularaq geri qaytarılır. Bu, onun cəzasını bir qədər də artırır və 5 illik gəldiyi Tulon katorqasından bir də 19 il sonra çıxır. Bu 19 ildə katorqada gördüyü eybəcər mühit, insana qeyri-insani münasibət ona azadlıqda gördüyü bütün insani münasibətləri unutdurur və o, insanlıq simasını itirərək qatı bir sadistə çevrilir.
Həmin gün — katorqadan çıxıb gəldiyi gün o, həyatın başqa bir eybəcər sifəti ilə qarşılaşır: heç kəsin onunla kəlmə kəsmək istəməməsi Jan Valjanı sarsıdır. Amma ”niyə”si  haqqında baş sındırmır. Onunçün həyat budur, 19 illik katorqa həyatı ona bunu öyrədib: bir doyumluq çörək üçün hansı dona girirsənsə gir, necə bilirsən vuruş, çarpış, lazım gəlsə, kimi istəyirsən öldür, təki qismətini əldən buraxma. Bəs daxili bu cür pisliklərlə dolu olan, libasından da katorqaçı olduğu bilinən birisini cəmiyyət qəbul edərdimi? Təbii ki, yox!
Hansı qapıya yaxınlaşırsa, ona şübhəli nəzərlərlə baxırlar. Nəhayət, bir qapıya yaxınlaşır və qapı açılan kimi dərhal özünü “təqdim edir”: ”Mən katorqaçıyam.1 9 il Tulon katorqasında olmuşam. Bu gün buraxılmışam, lakin heç yerdə mənə qalmağa yer vermirlər...” Bu “təqdimat”dan sonra qapı ağzında dayanmış adam, Jan Valjanın gözlədiyi kimi, onu nəinki söymür, qapını üzünə çırpmır, əksinə,  geri çəkilir və qapını qonağının üzünə geniş açır. Bu hərəkət də Jan Valjanı sarsıdır. O, çaşqınlıqla: ”Siz məni qovmursunuz?”— deyə soruşur. Cavab almadıqca: ”Axı mən katorqaçıyam...”—deyir. Aldığı cavab—Siz mənim qonağımsınız — insanı duyğulandırsa da, Jan Valjanın heç tükünü də tərpətmir. Onu insan bilib qonaq saxlayan böyük qəlbli nisana minnətdar olmaq əvəzinə, Jan Valjan nə edir: bu Allah adamının gümüş qaşıqlarını çırpışdırıb aradan çıxır. O, hələ də dərk etmir ki, bircə çörək üçün onu tutub 5 il həbsə atan rejim gümüş qaşıq oğurluğuna görə gör nələr edər?..
Mənim aləmimdə Jan Valjan şanslı insandır. Polis tərəfindən tutulub ikinci dəfə Tulon katorqasına gedəcəyini zənn etdiyimiz bir vaxtda gör nələr baş verir?! Dilimizin bugünkü təbirincə desək, sanki keşiş Miriel həbsxananın qapısını açıb onu azadlığa çıxarır. Və bu, Jan Valjanın həyatında dönüş nöqtəsinə çevrilir.
Əsərin bu anından etibarən biz artıq Jan Valjanı xeyirxah, işgüzar və vicdanlı bir adam kimi görürük. Bu xüsusiyyətlər onu Monreyl-sür-Mer şəhərinin meri vəzifəsinə qədər yüksəldir. Jan Valjan vəzifəsindən sui-istifadə etmir, əksinə, hakimiyyətə - xalqa xidmət üçün bir vəsilə kimi baxır. Bu baxımdan Jan Valjan xeyirxahdır.
Az bir zaman içərisində Monreyl-sür-Mer şəhəri qara metallurgiya sahəsində çox güclü bir inkişafa başlayır.  Şəhər əhalisinin böyük bir hissəsi bu tərəqqinin iştirakçısı olur, qara metallurgiya zavodunda işləməklə sənayenin tərəqqisinə öz töhfəsini verir. Buna görə deyə bilərik ki, Jan Valjan işgüzardır.
Şan Matye adlı birisinin Jan Valjan adı ilə tutularaq katorqaya göndəriləcəyini bildiyi gecəni o, narahatlıqdan yata bilmir. Hər şeyin keçib getdiyini, bütün gərginliklərin arxada qaldığını, daha polisin onu—JAN VALJANı—axtarmayacağını bilsə də, daxili bir qüvvə onu Arras şəhərinə - məhkəməyə sürükləyib bütün həqiqətləri açmağa təhrik edir. JanValjanı bu işə məcbur edən nə idi? Bircə cavab var: vicdan.
Bu yerdə oxucunu düşündürən başqa bir məqam ortaya çıxır: Məlumdur ki, adı Şan Matye olan “Jan Valjanın” tutulması haqda məlumatı Madlen babaya — həqiqi Jan Valjana — Javer xəbər verir. Maraqlıdır: Javer bu xəbəri merə niyə danışır? Bir şəhərin meri ilə, tutulan bir cinayətkarın nə əlaqəsi? Cavab ola bilər ki, Javer merdən şübhələndiyi üçün və özünə cəza istəmək məqsədilə bunları merə danışır. Bunlar doğru. Bəs niyə hər şeyi detallarına qədər — tutulanın kimliyi, etdiyi oğurluq, məhkəmənin Arrasda keçirilməsinə qədər — Jan Valjana danışır. Demək, son ana qədər Javer öz intuisiyasına inanır. Danışdıqlarına merin necə reaksiya verəcəyini gizli bir maraqla izləyir. Merin üzündə dəyişiklik hiss etməsə də, Jan Valjanın dəyişə - vicdanlı ola biləcəyinə inanır. Və inanır ki, qarşısındakı artıq vicdanlı Jan Valjandırsa, bir başqasının onun adı ilə həbsə girməsinə razı olmayacaq.
Hər şey Javerin istədiyi kimi alınır. Javer heç düşünmür ki, bu adam özünü niyə bu qədər inadkarcasına alovun içinə atır? Javerin bunu anlamaması təbiidir. Axı o canavar xislətlidir. Heç kəsin gözləmədiyi halda, merin salona daxil olaraq özünü həqiqi Jan Valjan kimi təqdim etməsi və bir məsum insanı bədbəxtlikdən qurtarması salondakıları da, oxucunu da heyrətə gətirdiyi halda, Javeri sevindirir, çünki intuisiyası onu aldatmayıb. Və əsərin bu anından, Fransa burjua inqilabına qədər Javer Jan Valjanı izləyir. Yalnız əsərin bu yerində Jan Valjanın Javeri — öz düşmənini öldürməyə tam haqqı çatdığı bir məqamda həyatını ona bağışlaması Javerin inadını sındırır və onu mənən məğlub edir. Ömrü boyu məğlubiyyətlə barışmayan Javer, JanValjanı həbs etməkdən vaz keçir. Bu isə qanuna xəyanət deməkdir. Ömründə bircə dəfə qanuna xəyanət edən Javer günahını həyatı bahasına yuyur. Müəllifi dinləyək: ”O gecə (Javerin Jan Valjanı həbs etmək istədiyi gecə - N.M.) Sena çayının üstündən keçənlər bir nəfərin, özünü Sena çayına atdığından danışırdılar.”
Bax, bu şeyləri nəzərə alıb deyirdim ki, məhəbbət bu işi tək görə bilməz. Bəlkə də DÜNYANI MƏRHƏMƏT XİLAS EDƏCƏK!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top