AYAZ ABBASOV

Emeghera yoxsa 4-6-0?

Emeghera yoxsa 4-6-0?

AYAZ ABBASOV

Əslində “Qarabağ”-ın “Bate” səddini keçəcəyini ancaq bunun “Kopenhagen” zəfərindən də çətin olacağını düşünürdüm. Çətin idi, çünkü “Bate”nin heyəti və oyun stili “Qarabağ”ın hazırki, yeni qurulan və meydanda baş məşqçinin istədiklərini yerinə yetirməkdə problemlər yaşayan heyətindən bir az yaxşı görünürdü.

“Qarabağ” Qurban Qurbanovun 10 ildir üzərində işlədiyi və dünyada çox az komandaların və məşqçilərin istifadə etdiyi bir oyun tərzinə sahibdir. Bu oyunun təməlində dayanan vacib nöqtələr var ki, Qurban müəllim bunu hər il biraz daha da inkişaf etdirir. Bu vacib nöqtələrə gəlincə. Qurban Qurbanov ilk növbədə topu ayaqda saxlayıb, rəqibi özünə çəkib bu şəkildə oyun qurma seçiminə üstünlük verir. Bunun ötən mövsüm ÇL-nin qrup mərhələsində baş tutan bütün oyunlarda şahidi olduq. Yəni Qurbanov, rəqib “Çelsi” və ya “Kukesi”dir fərq etmədən, öz oyun tərzini qurub, qoruyub və onu sərgiləməkdən yana seçim edir. Belə oyunu oynamaq üçün də, Qurbanov sürətli və hücum gücü yüksək cinah müdafiəçilərinə, topu oyuna çox yaxşı daxil edə bilən qapıçıya və mərkəz müdafiəçilərinə (Şehiçin göndərilməsinin bəlkə də əsas səbəbi budur), meydanın mərkəzində 40/50 metr aralıqda topu qəbul edib və cinahlara çox yaxşı paylayan dayaq və mərkəz yarımmüdafiəçilərinə, sürətli, yaxşı texnikaya sahib və hər iki ayağını işlədə bilən cinah yarımmüdafiəçilərinə və ən əsası, atletik, 90 dəqiqə ərzində bəlkə də komandanın topla ən az təmasda olan, ancaq rəqibin mərkəz müdafiəçilərini özünə çəkə bilən hücumçuya sahib olmalıdır. Təəssüf ki, “Qarabağ” bu mövsüm belə hücumçudan məhrumdur.

Dino Ndlovu, Armenteros tərzdə hücumçular gərəkdir “Qarabağ”a. Yerində dayanmayan, daim hərəkətli, rəqib müdafiəsinin arxasına qaça bilən, cinah yarımmüdafiəçilərinin və ya hücumçularının önünü aça bilən. Emeghera meydanda çalışır, oyuna ortaq olmağa cəhd edir ancaq bu oyun sisteminə adaptasiya ola bilmir. Doğrudur, komandada yenidir və bəlkə də oyun sistemini tam qəbul edə bilməyib, ancaq fikrimcə Emeghera “Qarabağ”da çox az müddət tab gətirə biləcək.

Emegheranın “Bate”yə qarşı Bakıdakı oyununu canlı izlədiyim zaman tərəddüdlərim var idi, ancaq Belarusdakı qarşılaşmadan sonra əmin oldum. Hətta bu gün bir ara Qurban Qurbanovun Emegheranı Ozobiclə əvəz edib, Del Boskenin 2010-cu il DÇ-da bir neçə matçda yoxladığı 4-6-0 düzülüşü ilə oynamağını gözləyirdim. Buna zəmin də var idi. Hücumçunuz istəyinizi tam reallaşdıra bilmir, ehtiyatdakı hücumçu Delarj da tam hazır vəziyyətdə deyil. Del Boske dünya çempionu olduğu həmin ildə, Fabregası yalançı 9 nömrə kimi oynatmış, cinah yarımmüdafiəçiləri qismində çıxış edən İniesta və Pedrodan maksimum nəticə almışdı. “Qarabağ” hazırda bu səviyyədə futbolçulara sahib deyil əlbəttə, ancaq bu metodu yoxlayıb arxa üçlü kimi Qara, Michel və ya Ozobic və Slavcheci saxlayıb, cinahlarda hazırda komandanın ən yaxşılarından olan Zoubir və Mahirdən maksimum faydalanmaq olardı.

Təbii ki “Qarabağ”ın turu keçə bilməməsinin tək səbəbkarı, bütün səbəbi Emeghera deyil. Komanda olaraq da biraz əksikliklər var idi və bunun əsas səbəbi heyətə bir neçə futbolçunun yeni qatılmasıdır. Zamanla bu əksikliklərin aradan qalxacağına heç şübhə etmirəm. Nəticədə Qurban Qurbanov və bu komanda bizlərə ilkləri yaşadıb, yaşatmaqda da davam edəcəklər. Sırada Avro-Liqaya vəsiqə qazanmaq durur ki, bu yolda da “Qarabağ”a uğurlar arzu edirik.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top