AYAZ ABBASOV

"İşlək dəmir pas tutmaz"

"İşlək dəmir pas tutmaz"

AYAZ ABBASOV
Dünən Mərdəkanda Azərbaycan Premyer Liqasının sayca 28-ci qalibi məlum oldu. Cavan respublikamızın bir o qədər cavan olmayan “flaqman”ı, müstəqilliyimizdən əvvəl də Azərbaycanı SSRİ Çempionatlarında təmsil etmiş “Neftçi” 9-cu çempionluğunu rəsmiləşdirdi. Özü də bunu, ən yaxın və ən güclü rəqibi “Qarabağ” ilə oyunda qələbə qazanaraq əldə etdi. Oyuna, komandalara eləcə də mövsümə ümumi baxışa keçməzdən əvvəl hər iki komandanın oyundan öncə və sonra etdikləri jestlərə toxunum. “Qarabağ” oyundan öncə Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına, komandanın şəhid azarkeşlərindən  Məhəmmədəli İbrahimlinin adını da qeyd etdi. Çempion “Neftçi” isə kubokuna qovuşur qovuşmaz Şəhidlər Xiyabanını ziyarət ederək çempionluq sevincini, qələbəsini, bizlərə ən böyük zəfərləri yaşatmış şəhidlərimizə hədiyyə etdilər. Hər iki komandaya bu böyük addımları atdıqları üçün minnətdaram.
Ümumiyyətlə mövsümə ümumi baxış keçirsək, ilk öncə qeyd etməliyik ki pandemiya və Vətən Müharibəsi görmüş, yaşamış, bir futbol mövsümünü geridə qoyduq. Ancaq bütün bunlara baxmayaraq çempionata bir şəkildə yekun vuruldu və “Neftçi” çempion adını qazandı. Mövsüm ərzində həm “Neftçi” həm də “Qarabağ”, çox maraqlı oyunlar keçirdi. 
Hər iki komandada enişlər-çıxışlar olsa da, bu əyrilərin bəlkə də ən iti tərəflərini “Qarabağ”da gördük. Əsas rəqibi ilə müqayisədə “bakılılar”ın “Qalatasaray”a məğlubiyyətdən sonra döyüşdüyü əsas cəbhə ölkə çempionatı idi. “Ağdamlılar” onsuz da mövsümə ciddi problemlər ilə başlamışdı. Heyətdəki bir çox dəyişikliklər və Avropa arenasında üzləşilən çətinliklər komandanın həm gücünü həm də psixoloji vəziyyətini aşağı saldı. ÇL-in təsnifat mərhələsindəki “Molde” ilə oyunun bir anda UEFA tərəfindən neytral meydana keçirilməsi, daha sonra Avropa Liqası görüşlərinin də ölkə xaricində olması, heyətdə bir çox futbolçunun virusa yoluxaraq “Vilyareal” ilə görüşə çıxa bilməməsinə görə UEFA tərəfindən texniki məğlubiyyət qərarı, zədəli futbolçuların çoxluğu və bu kimi bəzi neqativ hallar “Qarabağ”ı daxili çempionatda da geriyə saldı. Qurban Qurbanov bütün bu vəziyyətləri keçdikdən sonra çempionluq yolunda öz ağırlığını təkrar göstərdi. Ancaq, “Neftçi” ən əsas rəqibini ovunu gözləyən bir ovçu kimi izlədi. Yekunda xal fərqi çox olmasa da, Samir Abbasovun komandası rəqibin yuxarıda sadaladığım problemlərini özünün xeyrinə dəyişdi. Ələfsus da, “flaqman”ın rəqibinin səfər oyunlardakı xal itkilərindən faydalanması, Qurbanovun komandası 14 səfər oyunun cəmi beşində 3 xal qazana bilib ki, bu da çempion olmaq üçün lazım olan səviyyənin altında idi. 

Samir Abbasov yaxşı və ya pis, tənqid olunacaq tərəfləri olan ya da olmayan oyun tərzini qoruyaraq çempion oldu. Hətta son görüşdə belə oyun elə cərəyan edirdi ki, sanki heç-heçə “Neftçi” üçün sərfəlidir. Ancaq Abbasovun futbolçularına aşıladığı oyuna nəzarət psixologiyası, özünü göstərirdi. “Neftçi” mövsüm boyu ümumilikdə gözəgəlimli, xoş futbol sərgiləməsə də, çox vacib oyunlarda bu mental hazırlığın hesabına xallar qazandı. Müasir futbolda bu çox önəmlidir, yəni sizin bütün taktika, sxem və gedişatlar futbolçuların meydana ayaq basdığı andan heç bir işə yaramaya bilər. Meydana çıxan hər bir futbolçu mental olaraq o oyunun əhəmiyyətini dərk etdiyi təqdirdə məşqçinin sxemini çox yaxşı həzm edib, onu meydanda istifadə edə bilər. Samir Abbasovun meydandan kənarda oyunu futbolçular qədər həyəcanla yaşaması, onun bu impulslarını futbolçularına da keçirə bildiyinin sübutudur. Təbii ki, yenə vurğulamaqda fayda var ki, “Neftçi”in oyununda çox rahat nəzərə çarpan əksikliklər var, xüsusilə müdafiə və yarımmüdafiə xəttində birlikdə oyun anlayışındakı qanunauyğunsuzluqlar mövsüm boyu bir çox oyunda “ağ-qaralar”ın başını ağrıtdı. Ancaq hər bir tərəfdən baxdığımız zaman, Samir Abbasov liqanı, oyunu qaydalarına görə oynamağı bacardı, 28 oyunluq bu uzun marafonun finiş xəttinə az fərqlə də olsa birinci çatmağı bacardı.

“Neftçi”nin çempion olmasında əsas faktorlardan biri  də elə “Qarabağ”ın özü oldu. Qeyd-şərtsiz, tam əminliklə deyə bilərik ki, “Qarabağ” son yeddi ildə Azərbaycan futboluna dominantlıq edir. Bu dominantlığın əsas faktorları kimi başda Qurban Qurbanovu, komandanın idarə sisteminin düzgün qurulmasını, aşağı yaş qruplarında düzgün siyasəti, legionerlərin hər tərəfli doğru şəkildə seçilməsini göstərə bilərik. Bütün bunların nəticəsində Avropa arenasında artıq “Qarabağ” adını stabil şəkildə görmək mümkündür. Komanda bu il də AL-in seçmə mərhələsində iştirak edəcək. Ancaq mən, bir futbol azarkeşi kimi, “Qarabağ”ın bu il Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını 2017/18-ci il mövsümü Çempionlar Liqasının qrup mərhələsinə qatılmağından daha vacib görürəm.  Qurban Qurbanov 2008-ci ildən bir futbol məktəbi qurdu, bu məktəb məzunlarının ilk uğurlarını 2013/14-cü il mövsümündən başlayaraq yaşamağa başladı. Avropa klubları ilə başa-baş mübarizələr bütövlükdə komandanı daim oyaq saxladı.  Hər mövsüm yanvar ayına qədər komanda çox gərgin yarışın içində idi və bu “dəmiri paslandırmırdı”. Səkkiz ildən sonra çempionluğu itirmək ilə yanaşı Avropadan kənar qalmaq, “Qarabağ”ın immunitet sisteminə mənfi təsir edər, bu sistem də əvvəlki vəziyyətinə qayıtmaq üçün zaman tələb edə bilər. Aydındır ki, çempionatımızın səviyyəsi və səkkiz komandanın dörd dəfə bir-biri ilə qarşılaşması, “Qarabağ” məktəbinin faydalı iş əmsalını azaldar, başqa ehtimal yoxdur. Bu səbəbdən, Qurban Qurbanov və “Qarabağ” çox yaxşı strategiya qurmalı və Avropa Liqasına mütləq şəkildə qatılmağı birinci hədəf kimi ortaya qoymalıdır. Bu nöqtədə vurğulamalıyam ki, “Qarabağ”ın və Qurban Qurbanovun aktivliyinə təsir edən faktorlar təkcə yuxarıda sadalananlar deyil, bu barədə növbəti yazımızda danışacam. 
“Neftçi” və Samir Abbasova gəldikdə, onlar üçün ÇL kimi yüksək səviyyəli bir yarış ciddi məktəb olacaq. “Flaqman”ın ÇL-ə qatılması çox uğurlu olacağı qədər, AL-a qatılmağı da uğursuzluq olmaz.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top