RAHİB ALPANLI

Zəhərli ilanlar, yoxsa...

Zəhərli ilanlar, yoxsa...

RAHİB ALPANLI
Qulağımız “zəhərli” və “zəhərsiz” ilanlar sözlərini eşitməyə alışsa da, növləri hələlik elmə məlum olmayan “zəhərli insanlar” da var və bunu hamımız bilirik. Belə insanlarla müqayisədə zəhərli ilanlar o qədər də qorxulu deyil, çünki onlardan qorunmaq mümkündür, ilan zəhərini zərərsizləşdirmək də olur. İlanlara sataşmasan səni sancmır, ancaq zəhərli insanlar sancmağa adam axtarır. İlan zəhəri ilanın bədənində hasil olur və özünə məxsusdur. Onlara bənzər insanların zəhəri təkcə özlərinə məxsus deyil, yoluxucudur, yoluxma sürəti ölçüyə gəlməz. Yəqin hamımız müşahidə etmişik ki, yaxın bir adamla incikliyin olsa, o nəsildən olan böyüklü-kiçikli hər kəs səni düşmən kimi görür. Nə süfrəndə kəsdikləri duz-çörək, nə də səndən gördükləri az-çox hörmət və yaxşılıq gözlərinə görünür. Üstəlik, insan zəhəri onun idarə edə bilmədiyi, öhdəsindən gələ bilmədiyi əjdaha nəfsindən, tamahından yaranır.
Yaxşı yadımdadır, bir dəfə atam möhkəm zəhərlənmişdi. Əslində o, dünyagörmüş gözütox adam idi. Sovet bütün var-dövlətini əlindən alıb, özünü səsvermə hüququndan məhrum etsə də, itirdiklərinin dərdini çəkmirdi, bəlkə də, çəkib siqarət tüstüsü ilə özündən uzaqlaşdırırdı; yaşadığı hər günə şükür edir, süfrəsində Allahın halal bərəkətinə güvənərək yaşayır, ailəsini dolandırırdı. Səhər erkən sürüsünü örüşə çıxarakən yolüstü böyürtkən kolunun gecə şehində yuyunub salxımda parlayan şəvə kimi qapqara meyvələrindən bir neçə gilə dərib, baxmadan yeyir. Örüşə çatar-çatmaz sancılanır. O vaxtlar çöl-bayırda çoxlu adamlar olardı. Sürünü onlardan birinə tapşırıb, özünü güc-bəla evə çatdırır. Vəziyyətdən xəbərdar qonşular süd-qatıq içirdib zəhərli hörümcək yemiş kişini birtəhər xilas edirlər. Atam ömrü boyu o günü xatırlayır və “bıçaq batmış” nəfs çox zalım şeydir deyirdi.
Siyasi müstəvidə öz əhəmiyyətsizliyini günbəgün artıran, insanlıq şərəfi üçün silinməz ləkəyə, ağlasığmaz təhlükəyə çevrilən Rusiya-Ukrayna müharibəsi də buna bariz bir nümunədir.
Zəhərli insanlar harada olur-olsun, təhlükə, iftira, nifaq, nifrət mənbəyidir. Dünyada bəlkə də bizim qədər bu mənbədən zərər, zülm, zillət görən yoxdur. Xislətinə görə əksər qapılardan qovulub bizə sığınan, ayağını uzatmağa yer üçün yalvarıb, dənizdən dənizə uzanmaq istəyən mənfur qonşumuz Ermənistan və onun havadarları nələr çəkdirməyib bizlərə! Qonşuya gedən ananın özü ilə aparmadığı, bir azdan gedib, - “Mənim anam sizdədir?”– deyib, özünə yer edib oturan uşaq kimi Qarabağa yiyələnmək uğrunda da ölüb öldürür. Sirr deyil ki, ağıllı insanlar buraxdıqları səhvlərdən ibrət alaraq müdrikləşir, başqalarına nümunə olur, nəsihət verirlər. Zəhərli insanların düşüncələri zəhərli olduğu üçün görüşləri də, nəsihətləri də saf olmur, heç kəsə fayda vermir. Maşını onun sükanı idarə etdiyi kimi, insanı da fikir və düşüncələri idarə edir. Belə insanlar sükan sistemi nasaz olan maşınlar qədər hər zaman təhlükəlidir. Qəribə olanı isə zəhərli insanlara ictimai-siyasi qınağın olmaması və ya çox zəif olmasıdır. Mötəbər beynəlxalq təşkilatlar öz adlarına yazılmış missiyalarını yerinə yetirməkdənsə, dünyanın harasında tüstülənən yer gördülər, oranı yelpiklməyə tələsirlər. Haqsıza: - “İşində ol!” – deyib, haqlı tərəfə dözməyi, səbir etməyi məsləhət görərək, çörəklərini “oddan-alovdan” çıxarırlar.
Rəhmətlik Mirzə Cəlil demişkən: - Mətləbi qurtarıram, amma bir neçə söz də qaldı; o da budur ki, dünyada həqiqət birdir...
Günümüzə gəlsək, o həqiqət də bundan ibarətdir ki, Azərbaycan bütün dünya ölkələri tərəfindən (Ermənistan da daxil, hərçənd ki ona “ölkə” deməyə dilim gəlmir uzağı, uzağı ona yırtıcılar məskəni demək olar) məlum sərhədləri daxilində tanınan müstəqil, çoxmillətli və çox qüdrətli bir ölkədir. Ermənistan isə adı müstəqil, özü bu gözəllikdən məhrum, hər havaya oynayan, ancaq nə üçün oynadığını bilməyən bir ərazi parçasıdır.
Otuz ilə yaxın bir müddətdə Azərbaycan ərazisinin 20%-ni əsarət altında saxlayan, həmin torpaqlarda daş üstündə daş qoymayan, insanları doğma yurd-yuvasından qaçqın, didərgin salan bu vəhşilərin nazını çəkməkdən usanmayan mötəbər beynəlxalq təşkilatlar yeritdikləri ikili standartdan şanlı qələbəmizdən sonra da utanmayıb, bu gün də Ermənistana havadarlıq edir, hər cür köməklik göstərirlər.
Ermənistan oyuncaq hərbi-siyasi rejimi tərəfindən zəhərlnmiş erməni əsilli Xankəndi sakinlərimiz qapılarınacan apardığımız humanitar yardımı da bəyənmirlər.
Sanki Ermənistanda məktəb, müəllim yoxdur, uşaqlara elm və ağıl verilmir; günahkar olduqları halda qisas almaq, ağlayaraq özlərinə havadarlar toplamaq dərsləri keçilir. Elə bil orada nəsillər həyatı yalnız böyüklərindən gördükləri vəhşiliklər, analarından eşitdikləri qanlı laylalardan öyrənir, “türk” sözü eşidəndə qulaqlarına ox batır, gözlərinə qan dolur, başlarına daş düşür. Xəbərləri yoxdur ki, qloballaşan dünyada məktəblər milli, mədəni, dini, irqi müxtəlifliyə hörmətlə yanaşan, tənqidi təfəkkürə malik qlobal vətəndaşlar yetişdirməlidir. Bu gün dünyanın hər yerində baş verən müxtəlif dağıdıcı təbii fəlakətlər insanlardan hər cür kini, nifrəti unudub bilik, bacarıq və maliyyə imkanlarını səfərbər etməyi, yeganə evimiz olan, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin dediyi kimi, “Qlobal istiləşmə dövrünü başa vurub qlobal qaynama dövrünə gəlib çatmış” yer kürəsinin xilası üçün çalışmağa çağırır. Məlumdur ki, 2023-cü ilin iyulu son 120.000 ilin ən isti ayı kimi tarixə düşdü.
Ermənistan və onu zəhər mənbəyinə çevirmiş havadarları özlərini öldürsələr də, Azərbaycan qanı-canı hesabına qazandığı müstəqilliyini göz bəbəyi kimi qoruyacaq və daha da möhkəmləndirəcək. Dünya Azərbaycana lazım olduğu qədər, Azərbaycan da milli-mədəni dəyərləri, təbii sərvətləri, sülhə, tərəqqiyə bəxş etdiyi töhfələri ilə dünyaya lazımdır. Bunu dostlarımız da bilirlər, düşmənlərimiz də.
Zəhərli insanları islah etmək çox çətindir, ancaq zamanın diktəsi və dəmir yumruqla başa düşəcəkləri gün gecikdiklərinə peşman olacaqlar.

Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top