“Standart”dan nələr çəkdiyimizi bilənlər bilir, bilməyənlər də 44 günlük Vətən müharibəmizlə həll olunan 30 illik qondarma “Qarabağ” münaqişəsinn tarixini vərəqlədikcə biləcəklər.
Bu söz həyatın bütün sahələrində tərəfsiz olaraq hamı üçün bir ölçü, meyar, hədd, nümunə, etalon, model və s. mənalarında işlənərək reallaşdıqda gözəl nəticə verir, lakin o, “ikili” sözü ilə birləşdikdə müsbət deyilən hər şey alt-üst olur. Buna baxmayaraq, dünya hələ də bu anlayışı gen-bol işlətməkdə və özünü aldatmaqdadır, ingilis çətiri kimi qloballaşmanın da əlindən düşmür.
Dünyamızın mövcud problemlərini həll etməyi öz öhdələrinə götürmüş beynəlxalq təşkilatlar bütün fəaliyyətlərini standart prizmasından nümayiş etdirib, yaşadığımız dünyanı gələcək nəsillərə daha yaşamalı məkan olaraq təhvil verməyi tövsiyə edir. Bunun üçün nə tələb olunur? - Sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, hörmət, harmoniya şəraitində yaşayan, problem və təhlükələrin həlli üçün hamılıqla çalışan qlobal vətəndaşlar tərbiyə etmək.
Qloballaşma və dördüncü sənaye inqilabının sürətlə inkişaf etməkdə olan imkanları dünya xalqlarının iqtisadi, sosial, mədəni, siyasi inteqrasiyasını da sürətləndirir. Cəmiyyətlərin sifarişlərini həyata keçirən təhsil sistemləri də bu qarşısıalınmaz prosesin əsas tərkib hissələrindən biridir. Təsadüfi deyil ki, “Təhsil 2030” (“Education 2030”) Bəyannaməsində təhsilin insanın fundamental hüququ olması, onun qlobal sülh və dayanıqlı inkişafın açarı kimi münaqişə və böhranların qarşısının alınması və ya yumşaldılmasında əsas rol oynaması xüsusilə vurğulanır.
Uzun illər boyu qlobal təhsilin mövcud problemləri, onların aradan qaldırılması, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği məsələlərini araşdırıb öyrənən təhsil ekspertlərinin əsərlərində də haqlı olaraq təhsil sülh və tərəqqinin əsas hərəkətverici qüvvəsi kimi təqdim olunur.
Əslində, qlobal təhsilin məqsədi elə onun adında öz əksini tapır. Bu təhsilin nəticəsi olan nəsillər dünyanın harasında olurlarsa olsunlar, bütün fəaliyyətləri ilə dünyamızın təhlükəsizliyi, qlobal problemlərin həlli üçün həmrəylik nümayiş etdirməklə sülh, əmin-amanlıq və sosial ədalətin keşiyində durmağı bacarmalıdırlar.
Amerikalı yazıçı, məşhur uğur kitabları müəllifi Napoleon Hill (1883-1970) hələ təxminən əlli il bundan əvvəl yazırdı: “Görəsən nə vaxt, ay Allah, nə vaxt insan övladı bir-birini qırmaq əvəzinə, həyat yolunda qol-qola getməyi, sevgi ruhunda bir-birinə kömək etməyi öyrənəcək? Həyatda əsl uğur yalnız insanlığa xidmətimizin miqyası ilə ölçüldüyünü öyrənməyimiz üçün nə qədər vaxt lazım gələcək?” (Napoleon Hill: “Qızıl qaydalar” - “Golden rules”. səh. 79)
Göründüyü kimi, insanların sakit və sabit bir dünyada yaşamalarını arzulamaq təkcə bu günün söhbəti deyil. Bəs nə üçün dünyamıza Birinci və İkinci Dünya müharibələrinin vəhşətlərini yaşatmış insanlıq indi də ağlasığmaz nəticələri olacaq üçüncü dünya müharibəsinə doğru gedir? Özü də bu haqda dünyanın ən böyük və ən güclü dövlətlərinin başçıları məişət söhbəti kimi danışırlar.
Qlobal təhsil milli, irqi, dini, mədəni müxtəlifliklərə məhəl qoymadan qlobal vətəndaş yetişdirməli olduğu halda, dünya niyə səksəkə içərisində yaşayır? Andreas Şleyxer, Geof Masters kimi qlobal təhsil sistemini təkmilləşdirmək üçün çalışanların, dünya məktəbi və müəllimlərinin humanist missiyası nəyə xidmət edir?
Dünya nə qədər qloballaşsa da, elmi-texniki tərəqqi, onun ən müasir təzahür formalarından olan rəqəmsal və süni intellekt yenilikləri insan amilinə biganə qala bilməz. İnsan öz elmi ilə həm əmək fəaliyyətini asanlaşdırmağa, rifahını yaxşılaşdırmağa, sağlamlığını qorumağa, həm də ətraf mühiti ilə, insanları ilə birlikdə yaşadığı dünyanın qayğısına qalmağa məcburdur. Başqa sözlə desək, elm və onun meyvələrindən hamıya pay düşməli, insanlar arasında daha humanist əlaqələr yaranmalı və inkişaf etməlidir.
İqtisadi, siyasi və sosial istiqamətlərdə gərginliklər indi günbəgün deyil, anbaan kəskinləşir. Müsibət insanları yaxınlaşdırmalı olduğu halda, qütbləşmə baş alıb gedir. Çox nüfuzlu beynəlxalq təşkilatlar belə müşahidəçi mövqeyində dayanmağı üstün tutur. Bütün bunlar və mənfi nəticələri gündən-günə vüsət alan ətraf mühitin kirlənməsinin qarşısını almaq üçün görülməli olan tədbirlərə yarıtmaz münasibət gələcək nəsillər qarşısında məsuliyyətsizlik deyilmi?
Meşə yanğınları kimi artmaqda olan müharibə ocaqları müəyyən mənada qlobal təhsil, qlobal məktəb və qlobal müəllimin xəcalətidir. Hər cəmiyyətin təhsil sistemi öz maraq və məqsədlərinə xidmət etdiyindən siyasətdə olduğu kimi, təhsildə də ortaq məxrəcə gəlmək hələ ki, utopik görünür. Sözdə mövcud olan dünya standartlarının əməli fəaliyyət proqramı olmayınca, cəmiyyətlər daxilən, mənəvi cəhətdən saflaşmayınca yüksək ideallar vəd edən qlobal təhsil sistemi söz olaraq qalacaq. Məktəb, müəllim, qlobal təhsil sistemi oyunçuları humanizmdən, qarşılıqlı hörmət və etimada söykənən dayanıqlı sülh və tərəqqidən danışır, gənc ürəklərdə gələcəyə ümid yaratmağa çalışır, özləri çox varlı, mənəviyyatları çox yoxsul olanlar güclərini yoxlamaq üçün hədəflər axtarır. Nəticədə, elm və humanizm yuvası olan məktəblər darmadağın olur, müəllimlər, şagirdlər yurdlarından didərgin düşür, nəsillərin sayı seyrəlir, uzunmüddətli fiziki və mənəvi travma ilə yaşamalı olurlar. Mükəmməl qabaqcıl qlobal təhsil sistemi yaratmaq, təhsilin potensialından sülh, sosial yaxınlaşma, insan ləyaqətinin qorunması üçün bəhrələnmək istəyən təhsil fədailərinin arzuları isə kölgə kimi çəkilib gedir.
Qardaş Türkiyə prezidenti, hamımızın sevimlisi hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “dünyanın beşdən böyük olduğunu” hamı bilir. Nə deyəsən ki, bu beşlik hamımızın olan dünyanı əllərində top kimi oynadır, özlərindən başqa heç kəsi düşünmürlər. “Qardian” (“The Guardian”) qəzetinin 19 iyul 2025-ci il tarixli sayında bir ailənin su gətirmək üçün gedən iki uşağının digərləri ilə birlikdə İsrail tərəfindən bombalanaraq parça-parça olmalarından, dəfn etmək üçün yer tapa bilməmələrindən fəryadla bəhs edən Heba ananın və onun kimi minlərlə ata-ananın acı həyat hekayələri müharibə aparanların nə vecinə? Görəsən, Heba ananın yazıda yer alan son sözləri dünyanı bu bəşəri faciələrin baislərindən hesab soruşmağa sövq edə bilər? - “Biz ac yatıb, ac qalxırıq, həm də suyu duzdan təmizləyən məntəqələrin müntəzəm çalışmaması ucbatından susuz qalırıq. Bütün dünya hər şeyi görür, lakin göz yumurlar, sanki görmürlər”.
(“We sleep hungry and wake up hungry, and thirsty, too, with the desalination stations barely operating,” Heba said. “The entire world sees everything, yet they close their eyes as if they don’t.”)

Su gətirməyə gedən 9-10 yaşlı Kərəm və Lulu (Lana) əl-Hüseyn bacı-qardaşları
(P. S. Foto “The Guardian” qəzetində çap olunmuş yazıdan götürülmüşdür)
Türkiyənin yeritdiyi humanist beynəlxalq siyasətə dəstək olmaqdansa, hər vasitə ilə bu sülhsevər ölkəni də münaqişə meydanına sürükləmək istəyirlər. Standart anlayışı öz mənasından o qədər uzaqlaşıb ki, dünyanı yandırıb yaxanlara Nobel mükafatı verilir, neçə illərdir qlobal sülhün qorunmasında misilsiz xidmətəlri olan prezident Rəcəb Tayyib Ərdoğan yada düşmür.
Dünya köhnə “Güclü haqlıdır!” (Might is right!) doktrinası ilə nəfəs almağa məcbur olunduqca təhsilin, elmin, sülhün üzü gülən deyil. Qlobal təhsil özünə hələ uzun müddət dahi Hüseyn Cavidin ölməz misraları ilə təsəlli verməli olcaq:
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü”.
Belə bir dahini də qlobal ailə, məktəb və cəmiyyət yetişdirəcək!
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi