NAZİM MUSTAFAYEV

Deizmin növləri və yayılma səbəbləri -2-

Deizmin növləri və yayılma səbəbləri -2-

NAZİM MUSTAFAYEV

Ötən yazıda qeyd etdiyimiz üzrə, deist olduğunu söyləyən bəzi şəxslər bu qərarlarına səbəb kimi cəmiyyətdəki çatışmazlıqlar və nöqsanların insanlardan deyil, məhz həmin insanların mənsubu olduğu dinlərdən qaynaqlandığını deyərək bir reaksiya formasında deizmi seçirlər. Bu yazıda həmin mövzuya davam edəcək, var olan nöqsan və çatışmazlıqların əslində biz insanlardan qaynaqlandığını, İslamın saf və təmiz olduğunu görəcəyik.

Əvvəla qeyd edək ki, İslamın özündə, bütün peyğəmbərlərin həyatında söz və əməl birliyi vardır. Quranda xəbər verildiyi üzrə, Həzrət Şuayb peyğəmbər ümmətinə belə demişdir: “Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm” (Hud, 11/88). Digər Quran ayəsində isə söz və davranışları arasında uyğunluq olmayan bir xalq xəbərdarlıq edilir: “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?” (Bakara, 2/44).
Din olaraq İslamı nəzərə alsaq, görərik ki, dinin özündə, Quran ayələri və Peyğəmbər (s.ə.s) kəlamında insanları, xüsusi mənada müsəlmanları söz və əməl birliyinə çağıran onlarca buyuruq, əmr və tövsiyyə var. Belə olan təqdirdə əgər müsəlmanların həyatında söz və əməl birliyini görmürüksə, bunun səbəbini dində deyil, o şəxslərin özlərində axtarmalıyıq. Əlbəttə, kimsə deist olacaqsa, bir müsəlmanın söz və əməllərindəki ziddiyyəti görərək də deist ola bilər, başqa bir səbəbə görə də. Ancaq unutmamalıyıq ki, burada bir fakt var. Deizm artıq Avropada orta əsrlərdə, ya da yunan fəlsəfəsində olmuş bitmiş bir hadisə deyil. Deizm günümüzdə, hətta müsəlman cəmiyyətlərində öz canlılığını qoruyur. Bəlkə də günümüzdə bəzi gənclər deizmin tarixi köklərindən heç xəbərləri olmadan deist olurlar. Səbəb olaraq da din adına cəmiyyətdəki, insanlar arasındakı yanlış nümunə və davranışları göstərirlər. Bu məqamda bir İslamın alimin söylədiyi “Neçə nəfərin qatilisən?” sözlərini yada salmaq yerinə düşər. Yəni, söz və əməlindəki ziddiyyətlərlə, söz və davranışlarındakı uyğunsuzluqlarla neçə nəfərə mənfi örnək olmuş, hətta bu davranışlarınla neçə nəfərin dindən soyumasına, deizmə yönəlməsinə səbəb olmusan? Məsələyə bu aspektdən baxmaqda da fayda var.
Uşaqlarımızın bizdə, ailə içərisində söz və əməlin bir-birinə zidd olduğunu görməsi, onlarda istər istəməz əks reaksiya meydana gətirir. Uşaqlar evdə, ailə içərisində valideynlərinin söz və əməllərində uyğunsuzluq görmürsə, onların verdiyi reaksiya da yavaş-yavaş normallaşmağa başlayır. Bu minvalla deist olduğunu söyləyən şəxslər də ətrafındakı insanlarda gördüyü qeyri etik davranışları, söz və əməl birliyinin olmamasını şəxslərin özünə deyil, dinin özünə, dinin əsl mahiyyətinə aid etdikləri üçün yanlışa yol verirlər. Bəli, onlar yanlışa yol verirlər. Ancaq bu yanlışdan hər halda ayrı bir pay da öz inancları ilə təzadlı həyat yaşayan müsəlmanlara düşür.
Dövrün gətirdiyi problemlərə İslamın ruhuna uyğun, yetərincə, yeni və inandırıcı cavablar verə bilməmək, həmçinin gənclərin İslam adına bu kimi doyurucu cavablar ala bilməmələri onları bilərək, yada bilməyərək deizmə aparan digər bir amil olaraq qarşımıza çıxır. Bu minvalla İslam alimləri din adına söz söyləyən vaiz və xətiblərin təsirli ola bilməmələrinin bəzi səbəblərini açıqlayır, nəsihət edəndə bəzi xüsusiyyətlərin olmasını vacib sayırlar.
İnsanlara nəsihət edən şəxs əvvəla dediyi hər şeyi sağlam mənbələrlə dəstəkləyə bilməli, həmişə araşdırıcı ruhda olmalı, həmsöhbətinin həm qəlbini, həm də zehnini qane edici üslubda danışmalıdır. Qarşıdakı insanın ruh halını bilərək, nə həddindən artıq sərt, nə də həddindən artıq yumşaq olmalı, tarazlığı pozmadan hikmətlə söz söyləməlidir. Danışdıqlarını gözəl və səlis bir dillə söyləməlidir.
İslami bir hökm haqqında danışanda həmin hökmün dinin əsas qaynaqlarına əsaslanaraq necə əldə edildiyini izah etmək çox vacibdir. Dini dərindən bilməyən, dini hökmlər arasındakı əlaqədən məlumatsız, həmçinin yaşadıqları dövrün şərtlərinə bələd olmayan bir nəsihətçinin təbliğ vəzifəsini yerinə yetirməsi demək olar ki mümkün deyil. Həmçinin din adına edilən nəsihət Quranın ruhuna, qarşıdakı insanın əqli və zehni səviyyəsinə uyğun olmalıdır.
Klassik və uzun izahlardansa yığcam və təsirli ifadələrdən istifadə etmək, mövzunun geniş izahlarını isə mənbələrə həvalə etmək daha uyğundur. Həmsöhbətin verdiyi sualın məğzi və mahiyyətini yaxalamaq, veriləcək cavabı da buna görə seçmək lazımdır.
Deizmdə qərar qılanların digər bir qismi isə ətrafındakı hansısa digər şəxslərə bir reaksia formasında deyil, determinist bir anlayışla deizmi seçənlərdir. Bu tip insanlar ətrafında cərəyan edən hər bir hadisəni determinist bir formada “səbəb-nəticə” əlaqəsi ilə izah etməyə çalışırlar.
Determinizm düşüncəsinə görə, kainatdakı hər şey səbəblərin idarəsi və hökmranlığı altındadır. Bu düşüncəyə sahib insanlar buradan yola çıxaraq Cənab Allahın (c.c) kainatdakı idarə və hökmranlığını inkar edirlər. Əslində bir növ səbəbləri ilahlaşdırır, mütləq mənada nəticələri səbəblərin ortaya çıxardığını deyirlər.
Halbuki İslam dini səbəbləri inkar etmir, sadəcə səbəblərin ilahlaşdırılmasını rədd edir. Səbəblər nəticələri yaratmırlar, onların formalaşmasında və yaranmasında yalnız vasitəçilik və alət rolunu oynayırlar. Cənab Allah (c.c) kainatda səbəblər vasitəsilə iş görür. Buna görə də kainatdakı səbəblər Cənab Allahın (c.c) biz insanlar üçün qoyduğu (dini termonilogiyada “sünnətullah” adlanan) dəyişməz qanunudur.
Cənab Allah (c.c) bu kainatı, yaşadığımız bu dünyanı səbəb-nəticə əlaqəsinə bağlı olaraq yaratmışdır. Determinist düşüncəli insanları yanıltan da məhz səbəblərin dəyişməz olaraq qalmasıdır. Yəni eyni nəticənin eyni səbəblə həmişə bərabər gəlməsi bəzi insanları etiqadi baxımdan yanlış düşüncəyə sövq etmişdir. Ancaq aradan milyonlarla il keçsə də alma ağacı almanın, arı balın, inək südün yaradıcısı ola bilməz. Deməli, kainatda səbəb-nəticə əlaqəsi vardır, bu doğrudur. Ancaq bu səbəb-nəticə əlaqəsinin fövqündə bu nizam və ahəngi quran, var edən bir güc, bir qüvvə var ki, O da Cənab Allahdır (c.c).

Qeyd: Yazının hazırlanmasında aşağıdakı mənbələrədn istifadə edilmişdir.
Mahsum Aytepenin “Deizm-Bilim İlişkisi ve İslam Düşüncesİ” başlıqlı yazısı
Harun Çağlayanın “Teizm ve Deizm açısından vahye olan ihtiyaç konusunun değerlendirilmesi” başlıqlı yazısı
https://islamansiklopedisi.org.tr/deizm
https://islamansiklopedisi.org.tr/determinizm
https://islamansiklopedisi.org.tr/illiyyet
https://islamansiklopedisi.org.tr/sunnetullah
https://islamansiklopedisi.org.tr/davet
https://islamansiklopedisi.org.tr/vaaz

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top