NAZİM MUSTAFAYEV

Deizmin növləri və yayılma səbəbləri -1-

Deizmin növləri və yayılma səbəbləri -1-

NAZİM MUSTAFAYEV

Deizmin tarixi kökləri

Deizmin kökləri Qədim yunan fəlsəfəsinə, Aristotelə qədər gedib çıxır. Ancaq bu fəlsəfi cərəyan 17-ci əsrdə Kilsəyə qarşı reaksiya olaraq İngiltərədə yenidən tarix səhnəsinə çıxmış, kütləvi şəkildə insanlar arasında yayılmışdır. O dövrdə kilsə idarələri, xristian ruhaniləri güc və iqtidarın yanında yer alaraq ümum xalqın əzilməsinə, haqlarının tapdanmasına göz yummuşdular. Xalq da kilsənin bu mövqeyinə cavab olaraq dinə deist şərhlər verməyə başlamış, Allahı qəbul etsələr də kilsənin bütün doktrinalarını inkar etmişdilər. Əslində bu tarixi amil deizmi ortaya çıxaran səbəblərdən sadəcə biridir. Dindara küsərək dini inkar etmək, ardınca da deizmi özünə sığınacaq bilmək Avropa və xristianlıq tarixində baş vermiş hadisə olmaqla yanaşı, günümüzdə təəssüf ki, müsəlman cəmiyyətlərində də yaşanan, rast gəlinən hadisəyə çevrilib.
Əvvəla insanların hansı yolla deist olduqlarını öyrənməli…
Deizmi ortaya çıxaran amilləri öyrənmək üçün tibb elmində xəstələrin müalicəsi zamanı istifadə edilən bir qaydanı bilmək lazımdır. Xəstəliyin tam müalicəsi üçün əvvəla düzgün diaqnoz qoyulmalıdır. Düzgün diaqnoz qoyulmazsa, müalicə də düzgün aparılmayacaq. Bəzən yarıda qalmış müalicə, hətta bundan da pisi yanlış diaqnoz ilə aparılan müalicə xəstəliyin daha da böyüməsinə səbəb olur. Effektiv müalicə üçün dəqiq diaqnoz tələb olunduğu kimi, sosial problemləri həll edərkən də (misal üçün cəmiyyətdə gənclər arasında deizmin yaranma səbəblərini öyrənərkən) əvvəla əsas səbəbləri ortaya qoymaq, daha sonra da müalicəyə başlamaq lazımdır.
Deizmin üç növü…
Düzdür, hər bir insanı öz-özlüyündə bir dünya adlandırmaq olar. Bu minvalla deizmdə qərar qılmış, deizmi özünə keçici bir məskən hesab etmiş, yaxud bu fəlsəfi cərəyanı özünə həyat düsturu olaraq götürmüş insanların bu seçimlərində fərqli-fərqli səbəblər ola bilər. Bu mənada günümüzdə deizmin ortaya çıxması və yayılmasında sadəcə ateist dünya görüşünü mənimsəyə bilməmiş, yada ateizmi bir sığınacaq olaraq məqbul hesab etməyənlərin sığındığı bir yer hesab etmək yanlış olardı. Araşdırmalar, sosial tədqiqatlar deizmin ortaya çıxmasında üç əsas səbəbin olduğunu göstərir.
1. Ateizmdən qaynaqlanan deizm (Ateizmdən deizmə gələnlər).
2. Dinlərə qarşı bir reaksiya formasında ortaya çıxan deizm.
3. Fərqinə varılmayan deizm (determinist anlayış).

Gəlin bunları bir az təfərrüatlı izah etməyə çalışaq…
1. Özünü deist olaraq adlandıran insanların bir qismi ateizmdən deizmə keçənlərdir. Onlar əsasən belə bir düşüncədə olurlar: “Kainatdakı mükəmməllik bir təsadüfün əsəri ola bilməz. Biz istədiyimizi edək, dünyada zövq-səfa sürək, ancaq hər ehtimala yenə də Allaha inanaq”. Bu cür deistlərə ateizmə daha yaxın deistlər də deyilir. Əslində bu tip düşüncənin doğuşunu məsuliyyət duyğusundan uzaq, heç bir ibadətin olmadığı bir din axtarışının nəticəsi adlandırmaq da olar. Ateizmdən qaynaqlanan deizm probleminə əsl məlhəm, əsl dərman uca dinimiz İslamın təqdim etdiyi Allah (c.c) inancı, Allahın (c.c) varlığını və birliyini həm zehin, həm də qəlblə təsdiq etməkdir. İslamın gətirdiyi Allah (c.c) inancına həqiqi mənada sahib olanlar üçün ateizm, deizm ya da aqnostisizm kimi cərəyanların heç biri sağlam bir qulp, sağlam bir sığınacaq ola bilməz.

Bir müsəlman cəmiyyətində deizm nə üçün yayılır?
2. İkinci növ deistlər, insanların əksəriyyətinin müsəlman olduğu bir cəmiyyətdə böyümüş olsalar da, insanlardakı nöqsanları dinə aid edənlərdir. Bu formada deist olanlar sanki çatışmazlıqların, nöqsanların insanlardan deyil, dindən qaynaqlandığını deyərək bir reaksiya şəklində deizmi seçənlərdir. Bu növ deistlərin seçimlərində təsirli olan əsas amillərdən bəziləri belədir:
a. Özünü dindar olaraq təqdim edən insanların (misal üçün hansısa bir sıra müsəlmanın) sahib olduqları dinin qayda-qanunları ilə onların həyat tərzi və davranışları arasında ziddiyyətlərin olması.
b. Quran və Sünnəyə zidd olan əməllərin yenə din adı altında yayılması, xurafatların geniş vüsət alması.
c. Dövrün gətirdiyi problemlərə yetərincə, yeni və inandırıcı cavablar verə bilməyən bəzi ilahiyyatçı və ziyalı təbəqənin bu doqmatik yanaşmalarını şəxsi düşüncələri olaraq deyil, məhz din adına diktə etmələri.
Müsəlmanlardakı söz və əməl birliyi deizmə aparan yolları qapayır
Deyilən sözlə insanın həyat tərzi və davranışları arasında ziddiyyət deyil, bir-birinə uyğunluq olmasını əmr və tövsiyyə edən bir çox Quran ayəsi vardır. Bu ayələrdə sözügedən məqamlardan bəziləri Quranda adı keçən peyğəmbərlərin (ə.s) dili ilə söylənir, bəzi yerlərdə də ümumbəşəri dəyərlər fonunda verilir.
Ümumbəşəri bir dəyər fonunda verilən, həmçinin müsəlmanların söz və davranışlarının bir-birinə uyğun olmasından bəhs edən ayədə belə buyurulub: “Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?” (Saff, 61/2). İslam alimləri bu ayəni şərh edərkən qeyd edirlər ki, burada mənanı: “Etmirsinizsə, o zaman deməyin” şəklində anlamaq əskikdir. Burada qəsd edilən belədir: “Madam ki, deyirsiniz, o zaman dediklərinizə elə birinci özünüz əməl edin”. İnsanlara təsir etmədə birinci amil də məhz budur. Söylədiklərimizin, dediyimiz sözlərin qarşıdakı şəxslərdə təsir meydana gətirməsi, onları qəbul etmələri söylədiyimiz şeyləri bizim etməmizə bağlıdır.

Qeyd: Yazının ardı var…

Mövzu ilə bağlı aşağıdakı yazıları da oxuya bilərsiniz. 

Deizmin Allah inancı -1-
Deizmin Allah inancı -2-

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top