RAHİB ALPANLI

İlanın başı

İlanın başı

RAHİB ALPANLI
Mən yaşımdan tez böyümüşəm desəm, inanarsınızmı? Yeddi-səkkiz yaşımdan yaşlı ata-anama kömək etməli olmuşam. Tay-tuşlarımın valideynlərinin cavan, bəzilərinin də savadlı olması tez-tez bəxtimdən inciməyimə səbəb olurdu. Sən demə, əbəs yerə. Erkən yaşdan həyat yolunda yeriməyə başlamağım çox şey öyrədib mənə. Onlardan biri də ilanın başını əzməyin vacib olmasıdır.
Ötən əsrin 60-cı illərində tikilmiş, o dövr üçün müasir hesab olunan heyvandarlıq fermasında qaraul kimi çalışan atam öz işində çox məsuliyyətli idi. Keşikdə duran əsgər kimi, xeyir-şər istisna, öz postunu tərk etməzdi. 
Avqust ayının sonları, payızın getdikcə soyuyan nəfəsinin duyulduğu günlər idi. Bir neçə gün əvvəl yağmış bol yağışlardan sonra yayın qovurduğu çəmənlər yam-yaşıl otla örtülmüşdü. Ömrünün payızını yaşamaqda olan atam belə vaxtlarda kövrələr, az qala torpaqda izləri belə itmiş otların yağışlardan sonra yenidən göyərməsi onu, insanın bu dünyaya ölüb yox olmaq üçün gəldiyinə deyil, öldükdən sonra diriləcəyinə inandırır, güclə seziləcək xəfif təbəssümlə sevindirirdi.
Bayaqdan bəri hərdən müştüklə çəkdiyi siqaretindən qullablayıb xəyala dalan atam adımı çəkib sözlərini ağzından çıxmaqda olan tüstüyə qarışdıraraq dedi: - Dur gedək Hövsət dayının yanına, fikir-xəyal məni çəkdi dərindən-dərinə.
Yaxınlıqdakı meyvə bağının gözətçisi olan Hövsət dayı bir zamanlar atamla çobanlıq etmiş, yaylaq-qışlaq yollarının yoldaşları olmuşdular. Yayda fermanın həyətində qoyulmuş uzun və xeyli hündür ot tayalarının arasından keçib güneyin ötəsində yerləşən meyvə bağlarına tərəf addımladıq. O, həmişə olduğu kimi, qollarını arxasında, çomağının üstündə rahatlayıb yeridikcə ayaqlarının altında əzilən otlar yenidən baş qaldırır, öz inamları ilə yenilməzliklərini göstərirdilər sanki. Mən də həmin otları tapdamadan, bir az yan tərəfdən irəliləyirdim.
***
Hövsət dayı atamı çox mehribancasına, itmiş qardaşını görürmüş kimi, qarşıladı. Məni də unutmadı. Halımı soruşub, başımı tumarladı. O boyda kişinin əlinin yumşaq tumarı urəyimə yayıldı. Dostları gecə-gündüz yer ocağında yanan kötüklərin hisi hopmuş, tüstü qoxulu komada qoyub, Hövsət dayının yeganə oğlu Arzumla oynamağa başladıq.
Meyvə bağı cənnət guşəsinə oxşayırdı. Gövdəli, ucaboy, geniş çətirli alma, armud ağaclarının dibinə tökülmüş meyvələrdən dadmaqda olan arılar, milçəklər və digər həşəratların hələ də bəstələnməmiş vızıltı simfoniyasını, yaşıllıq içərisindən boylanan payız çiçəklərinin nazı ahəstə-ahəstə müşayiət edirdi.
Mənim bağa gəlişim Arzumun ürəyincə olmuşdu. Müxtəlif meyvələrdən təklif edərək məndən ayrılmaq istəmir, oynamağa davam edirdik. Bir müddətdən sonra atam məni səslədi. Əlindəki meyvə dolu yaylıq bağlamanı mənə verdi və biz sağollaşıb ayrıldıq.
***
Atam Hövsət dayı ilə keçirdikləri gözəl günlərdən danışaraq irəlidə gedir, mən də arxasınca addımlayırdım. Fermanın kənarındakı yoxuş boyunca axan və qonşu Xucbala kəndinə gedən dərin su arxına çatanda atamı izləməyib, bir az aralıdan, mənim yaşımda olan hər bir uşağın edəcəyi kimi, sıçrayışla arxın üstündən tullandım, özümü saxlaya bilməyib bir qədər qaçmalı oldum. Hündür tayanın kölgəsində dayanıb atam tərəf boylandım. Yerə baxmasam da ətim ürpəşdi, durduğum yerin lap yaxınında gördüyümə inanmadım. Qurumuş ağzımdan: - Ata, ilan, ilan. – sözlərini güclə qopara bildim. Artıq arxı keçmiş atam qollarının arasındakı çomağını sıyırıb yaşlı adamın adi vaxtda edə bilməyəcəyi çevikliklə yanıma tələsdi. Çomağını qaldırıb ilanı vurmaq istəyirdi ki, elə bil kimsə onun qolunu tutub saxladı. O, çomağını astaca yerə endirib qəribə bir həyəcanla dedi: - Ay bala, bu, ölüdür ki. Ölüdür, ancaq bu günə qədər mən nə belə nəhəng ilan görmüşəm, nə də haqqında eşitmişəm. Bu, buraların heyvanı deyil.
Atamın yanımda olmasından cəsarətlənib yerdə qıvrılmadan, boyunca uzanmış ilana bir də baxdım. Atam çomaqla onu çevirmək, bəlkə də ölü olmasından əmin olmaq istədi, ancaq ilanın ağırlığı çomağa qalib gəldi. Atam, - Ay oğul, get qazmadan beli gətir, bunu belə qoymaq olmaz. Bir çala qazıb basdıraq, -  dedi.
Atam işlətdiyi alətlərə xüsusi qayğı göstərərdi. Dəryazını, yabasını, belini, baltasını günəşin, yağışın altında qoymazdı. Onun alətləri ilə işləmək adama ləzzət verirdi, həm iti olmaları, həm də saplarının adamın əlinə yatması, qolay olması ilə. Qaçıb baltanı atama çatdıranda yerdə dümdüz uzanmış ilan ölüsünə bir daha diqqət yetirdim. Üstündəki rənglər və onların simmetrik olaraq müxtəlif ölçülü fiqurlara bölünməsindəki ahəngdarlığı yalnız ən gözəl xalçanın naxışları ilə müqayisə etmək olardı. Belə bir gözəlliyə malik məxluqun insanda bu qədər qorxunc vahimə yaratmasını o zaman ağlım həzm edə bilmirdi. Atamın məni uzaqlaşdırıb onu iti beli ilə tikə-tikə doğraması məni irməndirsə də, onun gözlərimi dolduran gözəlliyi bir müddət məni tərk etmədi. Atam qazdığı dərin çalada ilanı basdırdı, beli bir müddət torpağa sürtərək təmizləyib, ona yalın əllə toxunmamağı tapşırdı.
Bu əhvalatı mən öz tay-tuşlarıma, atam da öz yaşıdlarına danışardı. Atam həmişə söhbətinin sonunda heç vaxt belə bir ilan görmədiyini xüsusi vurğulayardı. O vaxt çoxlarından soruşsam da, ilan ölüsünü doğrayıb dərin basdırmağın səbəbini hərə bir cür yozurdu. Ən çox da ilanın sonradan dirilə bilməsi ehtimalı sadalanırdı. İkinci Qarabağ müharibəsində layiq olduğu məğlubiyyəti sümüyünəcən yaşayan Ermənistanın qisasçılıq təxribatları mənə o günləri xatırlatdı. Araşdırma zamanı qəribə bir hekayətlə üzləşdim və onu dilimizə çevirməyi qərara aldım.
***
Müəyyən bir yerdə bir ilan vardı. Bir gün onun quyruğu başına dedi: - Bundan sonra baş funksiyasını mən yerinə yetirməliyəm.
İlanın başı cavab verdi: - Həmişə yolgöstərən mən olmuşam. Nə oldu ki, birdən-birə sən bu sevdaya düşdün?
Bu söhbətdən sonra ilanın başı quyruğunu tamamilə unudub yoluna davam etdi.
Bunu görən quyruq qəsdən ağaca sarılıb, bir qarış da olsun sürünməkdən imtina etdi. Baş var gücü ilə quyruğu nə qədər çəksə də, bir şey alınmadı və hər ikisi yorulub haldan düşdü. Nəhayət, ilanın başı quyruğun inadkarlığına təslim olub, onun ardınca getməyə razılaşdı. Son dərəcə qürurlanmış quyruq düşündü: - Axır ki, indi lider mənəm!
Sevinc coşqusunun bu nöqtəsində ilanın quyruğu unutdu ki, onun gedəcəyi yolu görə biləcək gözləri yoxdur. Qarşıda nəyin olduğundan xəbərsiz quyruq yol kənarındakı ocaq çalasına düşdü və diri-diri yandı.
(https://spiritualgrowthevents.com)
***
Bu gün Ermənistan hakimiyyətinin yeritdiyi terrorçu siyasət də bu hekayətin ruhunu təmsil edir. İndi Paşinyan ilanın başı olaraq erməni quyruğunun arxasınca getməyə məcbur olsa da, diri-diri yanmağa məhkumdur, çünki sağlam düşüncədən məhrum bir baş heç vaxt ağlın arxasınca getməz. Üstəgəl, etdiyin səhvi düzəltməmək daha bir səhv etmək deməkdir. Namərd qonşu bağışlanmaz səhvlərinin sayını artırmaqla həmişə özünü çıxılmaz vəziyyətdə qoymuşdur. Müharibədən sonra törətdiyi təxribatların iflası bir daha göstərdi ki, quyruğun buyruğuna tabe olan baş bütün bədənin məhvinə səbəb ola bilər. Ermənistanın gələcəyi onun gec olmadan ağlını başına yığıb, qonşuluq qaydalarına əməl etməsindədir. Bizim üçün isə fərqi yoxdur, ilanın başı da, quyruğu da birdir: hər ikisini necə lazımdır, əzəcəyik. Özü də dəmir Yumruqla!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top