TÜKƏZBAN MƏMMƏDLİ

MİQ imtahanında suallar kosmosdan gəlir?

MİQ imtahanında suallar kosmosdan gəlir?

TÜKƏZBAN MƏMMƏDLİ
Belə bir ənənəvi lətifə var idi bir zamanlar. Bir azərbaycanlı, bir rus, bir də erməni vertolyotda uçurmuş. Vertolyot qəza vəziyyətinə düşür, pilot deyir, hərəyə bir sual verəcəyəm, cavabını bilməyəni vertolyotdan aşağı atacağam. Hərədən öz ölkəsinin paytaxtı soruşulur, azərbaycanlıdan isə Banqladeşin. Azərbaycanlı da yazıq, baxır pilota deyir ki, "day denən, tullan da".
İndi, əziz Müəllimlərin İşə Qəbul Komissiyası, iyulun 23-də Azərbaycan dili və ədəbiyyatdan sualları əziyyət çəkib tərtib edincə, birbaşa deyərdiniz ki, gedin, "tullanın" da.
Tərtib edilən suallar nəyi yoxlayır, bəlli deyil. Ancaq müəllimin savadından başqa hər şeyi yoxladığı aydındır. Səbrini, oxuma sürətini, əsəblərinin möhkəmliyini, soyuğa-istiyə davamlılığını...
23-ü günü ən yüksək bal 53 bal olub. Bu biabırçılıqdı. Belə çıxır ki, bu qədər müəllim savadsızdır? 60 suala 1 saat yarım vaxt verirsiniz. Bir suala təxminən 1,5 dəqiqə vaxt düşür. Ancaq orada elə suallar salırsınız ki, onu elə oxumağa 1,5 dəqiqədən çox vaxt lazımdır. 
Suallar da “matruşka”dır sanki, bir sual kimi görünür, içindən 5-6 sual çıxır. 
Bədii əsərdən salınan suallarınız isə lap gülməlidir. O xırda detallar heç kəsə lazım deyil. Y.V.Çəmənzəminlinin "Zeybək qızı" əsərində işğalçılar yunandı, ingilisdi, ərəbdi, fransızdı, yoxsa hindu? Bəs əsərin ideyası, məzmunu, ana fikri, qəhrəmanların xüsusiyyətləri? Yaxşı, deyək ki, müəllimin diqqətini yoxlayırsız. Onda 1-2 sualı belə salın da. Siz axı bütün sualları belə xırdaçı, uzunçu, detalçı salırsınız.
Kurikulumun fənlərarası inteqrasiyasına əsasən öz aləminizdə ədəbiyyatla texnologiya, fiziki tərbiyə, riyaziyyat, biologiya arasında əlaqə qurmağa çalışmısınız. Növbəti sualınız nə olacaq? Səməd Vurğunun "Vaqif" əsərinə Xuramanın ziynət əşyalarının çəkisi neçə qram idi? Onu kiloqramla ifadə edin? Bu da olacaq riyaziyyatla ədəbiyyatın əlaqələndirilməsi? 
Bədii təzadla bağlı sual salınıb, nömrələnmiş 5 nümunə var, hər biri də şeir parçasıdır. Axı bunu tək oxumaq belə çox vaxt aparır. Onda bu cür sualları 1 balla yox, 2-3 balla qiymətləndirmək daha doğru olmazmı?
Bəzi suallar isə yanıltmaca bənzəyir. Müdavimlərin dediyinə görə, Azərbaycan dilindən sual təxminən belə olub: "Verilmiş nümunələrdən hansında frazeoloji birləşmənin sinonimi omonim kimi də işlənə bilər". Sual əla sualdır, ancaq 1 ballıq və 1,5 dəqiqəlik sual deyil axı. Suallar o qədər dolaşıq, qəliz formada salınıb ki, müdavimlərin yadında belə qalmayıb. Hələ ədəbiyyatdan salınan mətnlər... 
Yeni müəllim adı almış gənclərin uçmadan qanadını qırdınız, müəllim olma ümidlərini əllərindən aldınız. Müdavimlərin içərisində fərqlənmə diplomu, magistr dərəcəsi olanlar var. Onda o diplomları niyə vermisiniz? 
Onlarla kurs, dərslik, test kitabçası var. Əgər 1 il kursla hazırlaşan müəllim 40-44 bal yığırsa, zəhmətini, pulunu, övladına, ailəsinə ayıracağı vaxtı oxumağa sərf edirsə, sonda da imtahan zalından ağlaya-ağlaya çıxırsa, görünür, sizin suallar kosmosdan gəlir. 
İndi bütün müəllimlər Kefli İsgəndər kimi sizə, "Allah sizə rəhmət eləsin, ölülər!" - deyib, gülürlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top