TÜKƏZBAN MƏMMƏDLİ

Oxuyana kitab çox...

Oxuyana kitab çox...

TÜKƏZBAN MƏMMƏDLİ
Texnologiya əsrində yaşayırıq, istəməsək belə onun son yenilikləri gündəlik həyatımıza daxil olur. Canlı ünsiyyəti sosail şəbəkələr əvəz edir, hər şey elektronlaşır, robotlaşır. Sosial şəbəkələrin birində qısa müddət aktiv oldum. Və sonra necə deyərlər, papağımı qarşıma qoyub düşünməyə başladım. Mən sosial şəbəkədən nə qazanıram? Və bu qənaətə gəldim ki, heç nə! Lazımsız xəbərlər, virtual olaraq yaxın, qəlbən uzaq tanışlar... Ən pisi isə kitab oxumağa ayırdığım vaxtı qısaldıram, ya tamam itirirəm. Lakin son müasir yeniliklərin özümə görə bir faydalısını kəşf etdim - elektron kitablar.
Elektron kitablarla çoxdan tanış idim, sadəcə olaraq canlı kitaba üstünlük verirdim. Kitabla canlı təmasın ləzzəti bambaşqadır mənim üçün. Lakin aydın məsələdir ki, bütün uşaqlı, evdar qadınlar üçün vaxt problemi var. Rahat, əlimizə kitab alıb oxuya biləcəyimiz bir vaxtımızın olması çox zaman bizə lüks gəlir. Yeni elektron kitab oxumağa başlayanda çətinlik çəkirdim, kitab vərəqləməyə öyrəşmiş barmaqlarımı köhnə vərdişindən soyutmaq zaman aldı.
Qısa müddətdə elektron kitab oxumağın birinci üstünlüyünü kəşf etdim, onu istənilən yerdə, istənilən an açıb oxuya bilirdim, 5-10 dəqiqə də olsa, fərq etməz, mənim üçün boş vaxt doğrudan da qızıla bərabər idi. Kitabları PDF formatında telefonuma yükləyərək qızımı yatırarkən, oğlumu idmanda gözləyərkən, marşurutda və s. oxuya bilirdim. Bu qayda ilə gündə toplam 1-2 saat olmaqla 5 ilə yaxın oxuduğum təkcə elektron kitabların sayı 100-ə yaxındır (və həmçinin normal kitablar da oxuyurdum).
Elektron kitabların ikinci üstünlüyü başqa dildə istənilən kitabı rahatlıqla tapıb oxuya bilməkdir. Məsələn, türkiyəli müəlliflərin əsərlərini orijinaldan oxuya bilirdim. 
Üçüncü üstünlüyü, dünyaca məşhur, bestseller olmuş, öz dilimizə hələ tərcümə edilməmiş yüzlərlə kitabı türk sayt və proqramlarına müraciət edərək oxuya bilirdim. Məsələn, dünyaca məşhur amerikalı qadın yazıçı Kristin Hannahın 3 romanını beləcə oxudum. Hətta "Bülbül" əsərini o qədər bəyəndim ki, müasir dünya ədəbiyyatında, mənə görə, hələ ki tayı-bərabəri yoxdur.
Dördüncü üstünlüyü o idi ki, kitabı yükləyib bir neçə səhifə oxuyurdum, bəyənməsəm, davam etmirdim. Kitab oxuma alışqanlığı olan oxucular adətən 16-17-ci səhifəyə çatanda artıq davam edib-etməyəcəklərini bilirlər. Kitab alarkən belə bir şansınız olmur, “mən bu romanı oxudum, bəyənmədim, qaytarmaq istəyirəm” - deyə bilməzsiniz. 
Beşinci üstünlük isə pulumun cibimdə qalmağı olurdu. Hətta satış qiyməti 50 manat civarında olan bir tibbi kitabdan pulsuz yükləyərək yararlana bilirdim. Təbii, oxuduqdan sonra çox bəyəndiyim bir neçə kitabı şəxsi kitabxanam üçün də almışdım. Oxuduqlarımdan satışda olmayan kitablar isə daha üstünlük təşkil edirdi. 
Altıncı üstünlük isə kitabxanaya, ya kitab mağazasına getmədən bütün kitabların əlinin altında olmasıdır. İndi artıq son illərdə kitab oxuma proqramları da vardır ki, çox tövsiyə edirəm. Daim yeni kitab əlavə olunur və sizin oxumağa həmişə ehtiyat kitabınız olur. Bir şeyi etiraf edim ki, oxuduğum əsərlərin 90%-i xarici müəlliflər olurdu. İstəyirdim oxumadığım bestseller qalmasın. Bir şeyin şahidi oldum, qardaş Türkiyə bu sahədə bizdən çox öndədir. Onların elektron kitab kataloqları çox zəngindir. Bir dəfə hətta təəccübləndim və bir az da təəssüf etdim. Demək, Vidadi Babanlının "Vicdan susanda" əsərini oxumaq istəyirdim, elektron variantını axtardım, tapa bilmədim. Əvəzinə Türkiyə saytlarının birində türk dilinə çevrilmişini tapdım. Maraqlıdır ki, yerli saytlarımızda da əsər yalnız türk dilində yerləşdirilmişdi.
Yuxarıda elektron kitabların üstünlüklərini sadaladım, ancaq canlı kitabın yerini təbiidir ki,  heç nə vermir. Kitabı karandaşla oxuyan biri kimi öz qeydlərimi etməyi, bəyəndiyim fikrin altından xətt çəkməyi, hansısa səhifəsini qatlayıb təkrar-təkrar göz gəzdirməyi  sevirəm. Elektron kitabda bu təbii ki, mümkün deyil. 
Sözümün canı odur ki, bu dövrdə kim kitab oxumursa, öz seçimidir, qalan hər şey sadəcə bəhanədir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top