ÜLVİYYƏ QARAYEVA

"Əsl" arvad belə olar...

"Əsl" arvad belə olar...

ÜLVİYYƏ QARAYEVA

Qonşumuzda bir xanım var idi. Evdar qadın idi, heç yerdə işləmirdi. Orta məktəbi bitirib ailə qurmuşdu. Həyat yoldaşı fəhlə, övladları məktəbli idi. Bir gün qonşu xanımlarla söhbət əsnasında dedi ki, ərimdən gizlin arxada 2000 manatım var. Çox məəttəl qaldım. Əslində, ərimdən gizlin ifadəsindən xoşlanmamışdım, bunu büruzə versəydim, söhbətə yığışan xanımlar məni cavab atəşinə tutacaqdılar. Onsuz da onlara heç nə başa sala bilməyəcəkdim. Ona görə də bu mövzunu kənara qoyub, xanımdan gizlin pul yığmağın yollarını öyrənməyə çalışdım. Soruşdum ki, axı heç yerdə işləmirsən, necə yığa bilirsən? Cavabı isə bəsit və adi hal kimi açıqladı. “Ərimdən bazarlıq üçün xərcləyəcəyimdən çox pul alıram, yarısını arxaya atıram, yarısına bazarlıq edirəm. Haradan xəbəri olacaq, nəyi neçəyə alıram. Hərdən heç xəbəri olmur axşam şalvarından bir-iki manat da götürürəm...” Bunları danışdıqca digər xanımlar dəstək dolu baxışları ilə “əsl arvad bax belə olar” ifadələri ilə dəstəkləyirdilər. Amma ən maraqlısı da odur ki, başqa söhbətlər zamanı pulu olmadığına görə övladlarını əlavə məşğələyə apara bilməməsindən, onlara kitab ala bilməməsindən danışırdı.

Bu söhbətin üstündən 3 il keçib. Həmin xanımı çoxdandır görmürdüm. Digər qonşulardan maraqlandım. Boşanıb ayrı evdə yaşadıqlarını bildirdilər. Səbəbini soruşmadım. Boşanma səbəbləri nə olur-olsun mənim üçün səbəb – ailəsinə daxil etdiyi gizliyliyi idi. Mənim mövqeyimdə ailədə olan hər cüzi gizlilik ayrılığa bir addım daha da yaxınlaşdırır. Rəsmi boşanma və ya ayrılıq olmasa da mənəvi ayrılıq gizliliyin başladığı an baş verir. Hətta böyük araşdırmalar da göstərir ki, ətrafına hansı enerjini yükləsən o enerjini də geri qazanacaqsan. Bu həm dini, həm də elmi yolla sübut olunub. Həyatımızda qarşılaşdığımız problemlərin çoxu elə özümüzün həyatımıza yüklədiyimiz problemlərdir. Başqa donla qarşımıza çıxır.

Çox təəssüf ki, çoxumuz hansı yolla olur, olsun arxada pul olsun düşüncəsindəyik ancaq. Amma bu arxadakı pul nəyə görə lazımdı, ümumiyyətlə nə vaxtsa lazım olacaqmı və ya bu pulu xərcləmək qismət olacaqmı? Məqsədimiz doğrudan da ailəmizin birliyi üçündürmü? Düşünmürəm ki, ailə kimi müqəddəs bir müəssisədə gizlilik, aldatma, yalan kimi əyriliklərdən istifadə edərək hansısa bərəkətə, hansısa birliyə, möhkəmliyə nail olunsun. Tez-gec bu əyrilik öz sırasını böyük bir boşluğa qonaq edəcək. “Xırda məsələdir”, “əsl ev quran xanımın arxada pulu olmalıdır” düşüncəsi isə hər zaman olacaq. Pulunuz olsun, amma gizlin və ya əyriliklə yox, ailənizlə birlikdə, birliyinizdən doğan büdcənizlə olsun.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top