ÜLVİYYƏ QARAYEVA

Hər şeydən, hamıdan hali olan məhəllədəkilər

Hər şeydən, hamıdan hali olan məhəllədəkilər

ÜLVİYYƏ QARAYEVA
Görəsən, digərlərinin həyatı, hətta həyatı bir yana yaşam tərzinin ən xırda detalları, nə yedikləri, nə geyindikləri, neçə dəfə evdən çıxıb, nə zaman evə qayıtmaqları, paltarı necə sərməklərindən tutmuş, şüşəsinin kirinə, pərdəsinin əyriliyinə, saymaqla bitməyən hərəkətlərini müzakirə edən, müzakirə bir yana öz “geniş təfəkkürlərindən”, fantaziyalarından da əlavə edib danışanlar bu enerjini hardan alır? Yedikləri, içdikləri nədir, görəsən? Bu həvəsin, eşqin ilham qaynağın hardan alırlar?

11 ay gərgin işdən sonra nəhayət, məzuniyyət vaxtı yetişdi. Edəcəklərimin siyahısında o qədər görüləcək işlərim var ki, çatdıracağıma ümid edirəm. Hər gün səhər işə gedərkən uşaqlarını gəzməyə çıxaran, axşam evə qayıdanda da yenə uşaqlarını parkda, məhlədə gəzdirən valideynlərə baxıb öz övladlarıma bəzən haqsızlıq etdiyimi düşünürdüm. Vaxtım olanda onları məhləyə yox, şəhərin daha maraqlı parklarına və ya imkan daxilində maraqlı məkanlara aparırdım. Pandemiya səbəbindən palnlarıma gedəcək yerləri yaxın ərazilərdən seçməyə məcbur oldum. Ona görə də hava almaq üçün öz məhləmizi seçdim və bundan məmnun idim. Düşünürdüm ki, elə bu valideynlər doğru edirlər, məhlədən kənara çıxmamaqla. Onsuz da hava havadır. Həm evin yaxınlığında olursan, həm digər qonşu uşaqları ilə ünsiyyət uşaqların formalaşmasınada da rol oynayır. Amma bu iki gündə eşitdiklərim əksini düşündürdü. Sən demə elə o “Whatsapp” qruplarındakı Niquşlar hamısı məhlədə imiş. Nəinki Niquşlar, hətta onların ustadları, yetişdirib ərsəyə gətirənlər belə, hamısı məhlədə imiş. Elə ustad Niquşlara rastladım ki, onların səsinə, söhbətinə hələki mənim istifadə etdiyim sosial şəbəkələrdə rastlaşmamışam. Yanlarında uşaq, ağızlarında isə qonşulardan tutmuş, müğənnilərədək, aktyorlardan tutmuş telekanalların əməkdaşlarınadək, siyasətçilərdən tutmuş dünyamiqyaslı iş adamlarınadək, hətta bir-birlərinin sözü-söhbəti, “sirri”, dedi-qodusu var. Kənardan qayğılı görünsələr də bu qayğı öz qayğıları deyilmiş. Beşinci mərtəbə yaşayan Tükəzban xalanın, birinci blok ikinci mərtəbədə yaşayan Murad kişinin, hətta yaxın binalarda yaşayan hər gözə maraqlı dəyən xalanın, dayının, qızın, gəlinin qayğısı imiş. Evdən çıxıb hara getdiklərinin, mağazaya düşüb hər zamankından az ya da çox çörəklə evə qayıdan qonşuların qonağı gəlibmi, pulu qurtarıbmı fikrinin qayğısı işim, təzə gəlin bir ay keçməsinə baxmayaraq, hələ də pəncərə yuduğunu görməyən xalaların dəhşətli ehtimallarının qayğısı imiş...

Cəmi ikigünlük həyət “macəra”sından sonra elə məhəllədən kənar gəzməyin düzgün variant olduğuna bir daha əmin oldum. Yaxınımda olan hələ Niquşlara qaynayıb qarışmayan bir-iki gəlinə də öz variantımı təklif etdim. Əməl edib-etməyəcəklərinin babalı öz boyunlarına.
Nənəm deyirdi ki, a bala, birinin dalınca danışanda elə bilin onun evinin zir zibilin gətirib öz evinizə tökürsünüz. Nəyinizə lazımdır, kim neynədi, kim hara getdi. Dilinizi, beyninizi təmiz saxlayın... Mən bu sözləri qulağıma sırqa etmişdim. Kiminsə haqqında nəsə danışmaq istəsəm, fikrimdə elə təəssürat yaranırdı ki, həmin adamın bütün zir-zibilini evimin ortasına boşaldıram.

Düzdür, bu barədə indi başqa cür düşünsəm də, mahiyyət eyni olaraq qalır. Niyə birinin arxasınca danışıb, onun bütün neqativlərini bədənimdə hiss etməliyəm? Niyə görüləcək işlərin siyahısını yaşadığım müddətə sığdırmaq varkən, başqalarının yaşamını, hərəkətini, nə edib, nə danışdıqlarını mənə ayrılmış müddətli günlərimə əlavə edib günlərimi başqalaşdırmalıyam?! Bu düşüncəni özümüzdə tərbiyə etməliyik, məncə. Özünü təkmilləşdir, formalaşdır, daim irəli get, digərlərinin addımlamasına dayaq ol, sevgi dolu həyat yetişdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top