QASIM XULUFLU

Kimdir müqəssir?

Kimdir müqəssir?

QASIM XULUFLU
Qapılar açılan kimi aqressiya püskürən insan kütləsi bir-birinə qarışdı. Ən adi səbəblərdən sərnişinlər qarşılarına çıxanı acılayır, sərt baxışlarla süzürlər. "Arxaya çəkilin, ora boşdur" deyə sürücü səsləndi. Elə həmin dəqiqə də cavabını artıqlaması ilə qaytardılar. "Ala, bəsdir də yer var? Hara doldurursan?!" Bayaq duracaqda dolu avtobuslara minə bilməyənlər. Gah sürücünü, gah da arxada yer ola-ola qabaqda duranları borclu çıxaranlar indi özləri arxaya çəkilməyə ərinirlər. Əvəzində biri-birlərinə nalayiq sözlər deyirlər. 
Nəzərə alsaq ki, hələ də koronavirus bəlası tüğyan edir. İnsanların narazılığı başa düşüləndir. Sərnişinlərlə dolu nəqliyyat vasitələri xəstəliyin yayılmasına təkan verir. Ancaq heç bir halda bu kiməsə qarşısındakını alçaldıcı sözlərlə təhqir etməsinə haqq vermir. Başa düşüləndir -  axşam yorucu iş saatından sonra  ailə- məişət və ictimai problemləri beyninə yük edən insanlar aqressivləşir. Lakin düşünməliyik, bu problemi kim yaradıb və biz kimdən tələb etməliyik? Avtobusun arxa tərəfi boş ola-ola qabaqda duran sərnişindən, ya sıxlığı görməzdən gəlib hər dayanacaqda  adam götürən sürücüdən. Əlbəttə avtobusların iş qrafikini nə sürücü, nə də sərnişinlər tərtib edib. Buna cavabdeh qurum və səlahiyyətlilər var. Amma nədənsə biz onlara deyil bizimlə eyni sırada dayanan və eyni çəkidə olanlardan tələb edirik. Hirsimizi bizimlə birlikdə avtobusun dəmir tuatacağından yapışan, ayaqüstə durmaqdan ayaqları "mazol" olanların üzərinə tökürük. Bu isə ictimai ədalətsizlikdir. Niyə? Günahkar kənarda qala-qala mərdi qovub namərd edirik.
 Avtobus gec gəldisə, günahkar sürücüdür, biz minə bilmədiksə, deməli, kimsə arxaya çəkilməyib. Avtobusların saatlarla tıxacda qalmasına sürücü cavabdeh deyil. Kimdən nə tələb etməli olduğumuzu düzgün seçməliyik. Problemin aradan qaldırılması üçün aidiyyatı orqanlara müraciət etsək daha doğru olardı. Bir-birimizi borclu çıxarmalı deyilik. Rəhmətlik Mirzə Cəlil demiş Kimdir müqəssir?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top