QASIM XULUFLU

Sadəcə boğuq səslər...

Sadəcə boğuq səslər...

QASIM XULUFLU

İlkinlə əvvəlcədən planlaşdırdığımız kimi “Yeniavaz.com”un ofisində görüşüb fotoaparat və videokomeranı götürdükdən sonra Masazıra getdik. Orada redaksiyanın digər əməkdaşı Ruslanla görüşüb birlikdə Novxanıya yollandıq. Çoxumuz bu kəndi Cümhuriyyətin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin doğulub, böyüdüyü kənd kimi tanıyırıq. Amma indi həmin yerə getməyimizin səbəbi başqa idi. Sadəcə olaraq bu qələbə günlərində xalqımıza ilk müstəqilliyi daddıran şəxsiyyəti xatırlamağı və xatırlatmağı özümə borc bildim. Məqsədimiz Böyük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) qəhrəmanlıq göstərən Amil Əliyev haqqında reportaj hazırlamaq idi. Amil Qarabağda başlayan antiterror əməliyyatlarının ilk günlərindən döyüşlərdə fəal iştirak etməyə başlayıb. Qəhrəmanımız minaya düşən əsgər yoldaşını xilas etmək istəyərkən mina partlayır və o hər iki gözünü itirir.
Belə bir çəkilişə ilk dəfə getdiyimə görə, yol boyu beynimə qəribə fikirlər gəlirdi. “Bura Məhəmməd Əmin Rəsulzadənin doğulub, böyüdüyü evdir” deyə İlkin dilləndi. Küçənin qurtaracağındakı divarda asılmış lövhədə bu haqda az da olsa məlumat var idi. Küçədən döndük və qoşa minarəli kənd məscidinin önündən keçib Amilin yaşadığı evə çatdıq. Həyətə daxil olanda sol tərəfdə sökülmüş köhnə tikilinin qalıqları gözümə dəydi. Həyətin digər səmtində isə ailənin yaşadığı ev idi. Qəhrəmanımızın yaxınları bizi çox isti qarşıladılar. Ayaqüstü kiçik dialoqdan sonra biz çay süfrəsinə dəvət olunduq. Evin elə də hündür olmayan eyvanına qalxmaq üçün bir neçə pilləkən kifayət etdi. Eyvanın beton döşəməsinin üstünə köhnə xalçalar sərilmişdi. İlkin və Ruslanın ardınca mən də otağa daxil oldum. Amil stol arxasında oturmuşdu. Hamı kimi mən də Amilin əlini sıxıb əyləşdim. Təsadüfdən qazimizlə üzbəüz əyləşmişdim. Sonuncu dəfə gözü görməyən biri ilə nə vaxt qarşı-qarşıya oturduğumu xatırlamıram. İlkin Amillə söhbət edir, başına gələnlər barədə maraqlanırdı. Amma Ruslan bir o qədər də rahat deyildi. Mən isə özümü toparlamağa çalışırdım. Faiq kişi oğlu Amilin yanında idi. O birinci Qarabağ müharibəsindəki çətinliklərdən danışır və bu günlə müqayisə edib “Allaha çox şükür, bu müharibədə həmin problemlər olmadı” deyə təbəssümlə danışırdı. Kişi danışdıqca gözlərinin içinə baxmağa çalışırdım. Orada sevinc və kədərin birləşdiyi açıq-aydın sezilirdi. Bir insanın oğlu döyüşə gedir və qəhrəmancasına vuruşaraq gözlərini itirir. Yenidən evinə, ailəsinin yanına qayıdır. Amma ata və ana hər cümləsini “Allaha şükür”lə bitirir. Bu ümidin ölməzliyidir.
Eşitdikcə sanki qanım donurdu. “Yeddi ayın əsgəri idi. Əlimdən bərk-bərk tutub üzümə baxıb gülürdü. Birdən komandirimiz “gedirik” deyə əmr verdi. Elə bu vaxt güclü partlayış oldu. Üzümün yandığını hiss etdim və həmin an dünya qaraldı”. Amil bu cümlələri dodaqlarının altında asta-asta desə də, aydın şəkildə eşidilirdi. Sonra necə sağ qalması haqqında da bir neçə söz dedi:
“Komandirim məni çiyninə alıb döyüş meydanından çıxardı. Mən həyatımı ona borcluyam”.
Ardınca çəkiliş qrupumuzla birlikdə Amil və ailəsi onu xilas edən komandirinin evinə getdik. Qəhrəman komandir artıq şəhid olub. Amil isə onun ailəsini ziyarət etməyi özünə borc bilirdi. Qazimiz bizm də olduğumuz avtomobillə getdi. Yenə də yol boyu əsas həmsöhbət İlkin idi. O Amilə məni də maraqlandıran bir sual verdi. “Döyüşlərdən qayıdandan sonra yuxu görürsən?”. Amil isə “Yox, yaralandıqdan sonra yuxu görməmişəm” deyə cavab verdi. Sonra da əlavə etdi: “Xəstəxanada olanda gördüm ki, addımlayıram, gözüm görür. Oyanandan sonra bunu həkimlərə danışdım. Onlarsa mənə, yuxu gördüyümü bildirdilər".
23 il gözün görür. Sonradan sən əbədiyyən dünya işığından məhrum olursan. Heç yuxuda belə, nə isə görə bilmirsən. Ağır dərddir. Çox Ağır...
Artıq şəhid komandir İlkinin ailəsinin yaşadığı evə çatdıq. Amilin gəlişini eşidən İlkinin ailəsi onu çox böyük sevinclə qarşıladı. Qarşılanma mərasimini görmək üçün sadəcə olaraq iki göz kifayət edirdi. Ancaq yox idi... Yalnız boğuq səslər. Kiminsə səni qucaqladğını hiss etdirən hənirtili nəfəs...

Qasım Xuluflu, BDU Jurnalistika fakültəsinin tələbəsi

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top