SƏMƏD MƏLİKZADƏ

Sevgi  qocalmır

Sevgi  qocalmır

SƏMƏD MƏLİKZADƏ

Sevgi sahib olduğumuz ən böyük sərvət, həyatda daddığımız ən şirin nemətdir. Əsl sevgi sehrli söz və musiqi kimi, Günəş, bulud və külək kimi hüdud bilməz. O, ürəklərdə bir şeir, lirik mahnı, bağlara bar gətirən yaz dumanı, torpağın həsrətlə gözlədiyi yay yağışı, dünyaya səxavətlə nur çiləyən, onu yaşadan, çağladan işıq kimidir. Amma sevginin də təbiətin və ömrümüzün fəsilləri kimi yaz, yay, payız və qış qisməti var. Sevgi ürəklə bağlanmaq, təmənnasız yaxşılıqdan, mərhəmətdən, eyni zamanda ehtiyacdan doğan bir hissdir. Sevgi, eşq dediyimiz şey heç ola bilməz ki, bir gün kimsəni yaxalamasın. Bu dünyada bütöv sevgilər kimi, yarımçıq, nisgilli, gecikmiş  sevgilər də çoxdur. O sevgiləri yaşayanlar yaşlanır, sevgilər isə heç vaxt qocalmır...

Kursumuzun bütün qızları gözəl idi: Mehriban, Sevda, Şəfəq, Nərgiz, Telli, Nailə, Mehparə, Zəhra, Lətifə, Rəfiqə, Vəsilə (ruhu şad olsun). Özü də elə gözəl, elə gözəl idilər ki, bilmirdik hansının gözəlliyində kölgələnək. İlk aylar onlar yaz günəşi, bizsə günəbaxan kimi idik. Göz önünə gətirin, bir auditoriyada necə günəş işıq saçır və ilıq, şəfqətli telləri hər yanı bürüyür, sən də özünü yuxudakı kimi hiss edirsən... Bilmirsən hansına doğru boylanasan. Həftələr, aylar ötdükcə hər Günəşin öz Günəbaxanı oldu. Eləsi də oldu ki, o günəşin adı bizim oldu, ancaq şüası, kölgəsi bizim sıralarımızda olmayan hansı bəxtəvərisə isitdi. Daha bizim oğlanlar o Günəşə tərəf boylanmadılar, onun işığı ilə yol getməyi özlərinə rəva görmədilər, Ona həsədlə baxdılar. Nə biləydik, sən demə, sevginin də öz fəsli, öz ayı, çağı varmış... Təcrübəlilər qabağa düşdülər, ən gözəllərini seçdılər...

Bəzi Günəşlərin də ətrafında fırlanan peyklər vardı. Oğlan yoldaşımız vardı, az qala Məcnun olmuşdu, amma istəklisi ona Leyli olmaq istəmirdi. Gecə-gündüz ah çəkə-çəkə qalmışdı. Başqa yoldaşlarımız o qıza ürəkdə sevgi böyütsələr də A.-ya görə o gözələ yaxın durmadılar, bunu özlərinə sığışdırmadılar... Bilirdik ki, dərsdə kim daha çox hansı tərəfə baxır. Bilirdik ki, hansı gözəlimiz daha çox hansı yoldaşımızın mühazirə dəftərini alıb oxuyur, onunla kitabxanada yanaşı əyləşir. Onu da bilirdik ki, hansı oğlan dərsdən sonra harasa getmək istəyəndə hansı qızdan xahiş edir ki, onun kitab-dəftərini saxlasın, pencəyinin düyməsi qırılanda hansı qıza göstərir. Elə qız və ya oğlan da vardı ki, bu xoşbəxtlik adasında sevgi yolunu tapa bilmirdi. Bilmirdi işıq gələn tərəfə getsin, yoxsa səhərə kimi ulduzları saya-saya öz Günəşinin çıxmasını gözləsin. Hansı səbəbdənsə sevgisi gözündə, ürəyində qalanlar da vardı. Hamı bilirdi ki, iki dünya bir ola, onların ulduzu barışan deyil... Amma qəfil cücərən, pöhrələnən sevgilər də oldu və o sevgilər ailəyə şevrildi.

Heç kəsin adını çəkə bilmirəm, çünki hərəsınin öz ailəsi-uşağı, nəvələri var. Amma bu gün də o yarımçıq, nisgilli və bəzən ötəri olan sevgilər ürəklərdə yaşayır. Çünki insanlar yaşlansa da, sevgilər qocalmır...
Bəlkə də çoxunuz xatırlayırsız, Sizlərdən biri yazı lövhəsi qarşısında dərs danışanda, A... yerində rahat otura bilmirdi, qızın da dili-dodağı titrəyirdi. Biriniz dərsə gəlməyəndə M..... müəllimdən icazə alıb gedirdi. Başqa kursun oğlanlarından biri Sizlərdən kiminləsə söhbət edəndə R..... o oğlanın qarşısını kəsib deyirdi ki, buralara az fırlan, yoxsa... Birimiz rəqs edəndə Sizlərdən biri hamıdan tez özünü atırdı meydana... Çünki sevgi belə şeydir, qoruq-qaytaq tanımır.

Bəli, Sizlər çox gözəl idiniz. Hər cür sevgiyə, hörmətə layiq idiniz, amma, nəyə görəsə, bəzi dostlarım Leylini kənarda axtarırdı. Bəlkə qorxurdu ki, hansısa qızın sevgisini öz aramızda bölə bilməyək. Bəlkə düşünürdü ki, bacı sevgisi daha gözəldi. Bəlkə qorxurdu ki, illərlə ürəyində qurduğu sevgi qalası pis gözə tuş gələr. Nə bilim, vallah, o qədər bəlkələr vardı ki... Amma illər sonra Rəşid, Adil, Həsən, Xəlil, Şamxal... düz 14 nəfər bizi əbədi tərk edəndə Sizlər yana-yana necə göz yaşları axıtdınız, necə yanıqlı ağılar söylədiz. Eləcə də Vəsilə üçün bizlər çox göynədik, deyəcəklərimiz, oxşayacaqlarımız boğazımızda ilişib qaldı...

Sən demə, bu dünyanın sevincindən çox həsrəti, nisgili varmış. Nigaran saatlar, ağrılı günlər olmasaydı bir vaxt yel darayanda barmaqlarımız ağrıyan ipək telləriniz belə tez yovşana dönməz, saxta rənglərlə boyanmazdı. Həsrətlər, ayrılıqlar olmasaydı daim gülümsər çöhrəniz heç solmazdı. Vaxtsiz axan göz yaşları olmasaydı sevgi dolu işıqlı gözlərinizdən indi nigarançılıq oxunmazdı. Mənə elə gəlir xosbəxt günlərinizdən çox, qayğılı, narahat çağlarınız oldu. Ömür payınızın bir parçasını mətbəxlərə, ürəyinizdən keçənləri qəzet səhifələrinə, kitablara tökdünüz, bir parçasını sizi sevən, oxşayan, bəlkə də daha çox ağrı yaşadan əhlikef ərlərinizə qurban verdiniz, bir parçasını gözünüzün işığı oğlunuza, qızınıza ərməğan etdiniz, onların sevinci ilə yaşadınız, saçlarınıza "qarı" da daha çox onlar yağdırdılar, nəvələrin yükünü daşımaq da sizlərə düşdü...

Taleyin atdığı daşlar bəzinizi ata-anadan, sevgidən, oğul-qızdan, kiminizi isə can yoldaşından yetim qoydu.. Qayğılı illər yaşaya-yaşaya, dərdinizi içinizdə ovutdunuz, onda ayıldınız ki, ömrün payızı ilə nəfəs-nəfəsə durmusuz...
Bizi bağışlayın, Qızlar, biz Sizləri yadlara qıydıq. O "yad" oğlanlar Sizləri necə sevdilür, necə əzizlədilər, bilə bilmədik. Amma bir doğma kimi Sizlər bizim ürəyimizdə yuva bağladınız. Ailəmiz, övladlarımız olsa da Sizləri heç unutmadıq. Axı necə unuda bilərdik, bir vaxtlar beş il sərasər indi ilğıma dönən xoşbəxtlik adasının ortaq sakinləri olmuşuq. Onda sevincimiz də bir idi, kədərimiz də. Sevinci, kədəri bir olanlar necə yadlaşa bilərlər...

Hörmətlə, Sizin Səməd

Sözardı: Beynəlxalq Qadınlar Günü münasibətilə başımızın tacı olan Ana və Bacılarımızı təbrik edir, onlara cansağlığı, gözəl ailə və xoşbəxt həyat arzulayır, əllərindən öpürəm! Gözlərinizdən heç vaxt kədər süzülməsin, sevinc yaşları axsın, bütün arzu və istəkləriniz çin olsun!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top