Bir seçici kimi böyük şövqlə haqqa, ədalətə, sabitliyə səs verməyə gedirdim. Növbəti dayanacaqda avtobusa iki yaşlı kişi mindi və gəlib məndən irəlidəki oturacaqlarda əyləşdilər. Biri ucaboylu, kök, qarayanız, o biri arıq idi, ayağını çəkə-çəkə yeriyirdi. Onlar hamının eşidə biləcəyi səslə seçkidən danışırdılar. Uca boylu yoldaşından soruşdu ki, o müşahidəçi nə çərənləyirdi?
Arıq kişi dedi:
- Deyirdi ki, sizə təzyiq olmadı ki?
- O hardan bilir sənin təzyiqin olmağını?
- Yox ee, bilmək istəyirdi ki, səs verən zaman sizə təzyiq göstərən, filankəsə səs ver deyən olmadı ki?
- Nə cavab verdin ona?
- İmkan verdin bəyəm, sözüm ağzımda qaldı.
- Rəhmətliyin nəvəsi hər yetənə hesabat verəcəyik? Oturub baxsın, nə görür qeyd eləsin, gəlib bizdən niyə soruşur? Hərəsi əlinə bir dəftər-qələm alıb kəsib qapının ağzını. Nə qədər müşahidəçi olar? Görmür bəyəm hər şey şəffafdı. Sən də bir söz deyəcəksən, gedib ora-bura yazacaqlar.
- Amma öz aramızdı, mən gördüm, bir qadın iki dəfə səs verdi. Məntəqə seçki komissiyasının sədri də onu gördü və gülümsədi, deyəsən, köhnə deputatın adamı idi.
- Nooldu, dünya dağıldı? Bilirsən ki, o deputat bizim tərəflərdəndi. Çox qabiliyyətli, sakit adamdı.
- Bizə onun sakitliyi lazım deyil. Hələ neçə ildə görmədim ki, bir təklif verə, qalxıb xalqın dərdini deyə. Ağzına su alıb oturur.
- Yaxşı, o professora səs versəydin guya hər dərdinə çarə eyliyəcəkdi? Əə, ağıllı ol! Mən heç dünənəcən onun adını eşitməmişdim. İndi düşüb ortaya ki, mən də varam. Professorsan get dərsini de, maaşını al. Kimə lazımdı sənin kitabların?
- Guya sən kitab oxuyansan. Sən dədənin goru, ömründə bir kitabı axıracan oxumusan?
- Mənə kitab-zad lazım deyil, bildiyim özümə bəsdi... Noolub güzəranımıza, hamı yaxşı dolanır. Sən bilmirsən ey, bu xalqa nə qədər versən, elə deyəcək yenə ver, bunun sabahı yoxdu, bəyəm?
- Əhmədalı, mən də bilirəm iş görülür. Yollar çəkilir, binalar tikilir, xaricdə də park salınır, amma əhali dolana bilmir axı. Beş uşağı olan var, işsizdi, acından dilənir. Pensiyaçı var aldığı quru çörəyinə və dərmanına çatmır. O biri yandan da qiymətlər dayanmadan qalxır, bazara girmək olmur. Adam da var yağ-bal içində üzür, pulu qoymağa yer tapmır. Sənin o dediyin sakit deputat var ey, əlli yerdə obyekti var, haradan qazanıb o sərvəti?
- Əə, ağıllı ol, öləndə kasıb da ölür, varlı da. O Bığ İspəndiyarı tanıyırdın da, bir donuzu əskik idi, öldü. Niyə öldü?
Amma onun ömrü boyu kasıb qonşusu var, heç ölmür.
-Əhmədalı, söhbəti yenə fırlatdın, ölməyin bura nə dəxli var? Sənin uşaqların imkanlıdı, pul-para dərdi çəkmirsən, yoxsa belə danışmazdın...
Avtobusdan düşüb yaxınlıqdakı seçki məntəqəsinə girdim. O gün mən də ədalətə, inkişafa səs verdim. Özü də tək mən yox, minlərlə, on minlərlə insan.
Düşündüm ki, bundan sonra da Azərbaycan həqiqətən sürətlə inkişaf edəcək. Minlərlə iş yeri açılacaq, yeni obyektlərin qırmızı lenti kəsiləcək. Rusiyaya və digər ölkələrə iş dalınca gedən soydaşlarımız geri qayıdacaq, elində, obasında yaşayacaq, gün-güzəran quracaqlar. Yeni fabriklər, zavodlar işə salınacaq, dünyanı isidən neftimizin, qazımızın gəlirləri bizi də layiqincə "qızdıracaq". BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Qarabağ problemi ilə bağlı ikili bəyanatlar verməyəcəklər. Milli Məclisə seçilmiş deputatlar xalqın mənafeyini şəxsi istəklərindən üstün tutacaqlar.
Qapının ağzında Əhmədalı kişinin avtobusda dediyi sözləri yadıma düşdü:
- Əə, ağıllı ol!

SƏMƏD MƏLİKZADƏ
Əə, ağıllı ol!