RAHİB ALPANLI

Allaha məktub

Allaha məktub

RAHİB ALPANLI
(ingiliscədən tərcümə)
Griqoriya Lopeks Y Fuentes (Meksika)
Bu boyda vadidə bircə təpə vardı və ev də o təpənin başında qərar tutmuşdu. Bu yüksəklikdən çayı, pəyənin yanında həmişə yaxşı məhsul verən lobya gülləri ilə naxışlanmış qarğıdalı sahəsini görmək olurdı.
Torpağa ən azı leysan lazım idi. Bu sahələri yaxşı tanıyan Lenço səhərdən bəri səmanın şimal-şərqini seyr etməkdən başqa bir iş görməmişdi:
- Hə, indi biz doğrudan da bir az yağmur görəcəyik, arvad.
Xörək hazırlamaqda olan qadın cavab verdi:
- Bəli, Allah qoysa.
Ana onları:
- Yeməyə gəlin, - deyə səsləyəndə böyük oğul tarlada işləyir, kiçikləri də evin yanında oynayırdılar.
Elə yemək zamanı Lençonun gözlədiyi kimi, iri yağış damlaları düşməyə başladı. Şimal-şərqdə getdikcə yaxınlaşan böyük bulud dağları görünürdü. Hava təmiz və ürəyəyatan idi. O, pəyədə nə isə axtarmaqdan daha çox bədənində yağışın zövqünü hiss etmək üçün bayıra çıxdı və qayıdıb fərəhlə dedi:
- Göydən düşən bu damlalar yağış deyil, onlar təzə pullardır. Böyükləri on sentavo*, kiçikləri də beşliklərdir...
O, gül içində olan, yetişmiş, yağış pərdəsinə bürünmüş sahəyə məmnunluqla nəzər saldı. Lakin birdən güclü külək əsməyə və yağışla birlikdə iri dolu dənələri yağmağa başladı. Bu dənələr doğrudan da gümüş pullara oxşayırdı. Uşaqlar yağmura məhəl qoymadan qaçıb, donmuş mirvariləri toplamağa başladılar.
- Pis olacaq deyəsən, - o həyəcanla dedi. – Ümid edirəm, tez keçər.
Yagış isə tez keçmədi. Dolunun ev, bağ, yamac, qarğıdalı tarlasına və bütün vadiyə yağması bir saat çəkdi. Vadi duzla örtülmüş kimi ağappaq oldu. Ağaclarda bircə dənə yarpaq qalmadı. Qarğıdalı tamamilə məhv olmuş, lobyaların gülləri tökülmüşdü. Lenço qəm dəryasına qərq oldu. Tufan keçəndən sonra o, tarlanın ortasında dayanıb oğlanlarına dedi:
- Çəyirtkə buludunun hücumundan sonra bundan çox məhsul qalardı ... Dolu heç nə qoymadı. Bu il nə qarğıdalı, nə də lobyamız olacaq...
 
O gecə çox qəmgin bir gecə oldu:
- Bütün zəhmətimiz heç oldu! Bizə kömək edəcək bir kimsə də yox! Bu il ac qalacağıq!...
 
Vadinin ortasındakı bu tənha evdə yaşayan hər kəsin ürəyində bircə ümid vardı: Allahdan kömək.
– Belə böyük itkiyə görə məyus olma. Unutma ki, heç kəs acından ölmür! Belə deyirlər də: heç kəs acından ölmür...
Bütün gecəni Lenço məhz bu ümid haqqında düşündü: Ancaq Allahın köməyi. Belə tərbiyə almışdı ki, Allah hər şeyi, hətta insanın vicdanının dərinliyində olanı belə görür.
 
Lenço tarlalarda heyvan kimi işləyən, savadsız adam olsa da, yazmağı bacarırdı. Gecə boyunca özünü kömək edən birisinin olmasına inandırandan sonra, bazar gününə açılan bu dan yerində qalxıb bir məktub yazmağa başladı ki, şəhərə aparıb yola salsın. Yazdığı məktubu da kimə ünvanlasa, yaxşıdır? - Allaha.
 
- Allahım, - o yazırdı,- kömək etməsən, mən və ailəm bu il ac qalacağıq. Dolu ucbatından tarlamı təzədən əkmək və məhsul əldə edənə qədər yaşamaq üçün mənə yüz peso* lazımdır.
 
Zərfin üstündə “Allaha” yazıb, məktubu içinə qoydu və hələ də narahat halda şəhərə getdi. Poçt məntəqəsində məktubuna marka yapışdırıb qutuya saldı.
 
Poçtalyon, o həm də poçtda kömək edən işçilərdən biri idi, ürəkdən gülərək müdirinin yanına getdi və Allaha ünvanlanmış məktubu ona göstərdi. O, poçtalyon işlədiyi müddətdə heç vaxt belə ünvan görməmişdi.
Poçt müdiri kök, iltifatlı bir adam idi. O da gülməyə başladı, lakin dərhal da ciddi görkəm alıb, məktubu stolun üstünə döyərək heyrətlə belə dedi:
- İnama bir bax! Kaş məndə də bu məktubu yazan adamdakı qədər inam olaydı. İnandığına inanmaq! Ümid bəslədiyinə inanaraq necə ümid bəsləmək! Allahla yazışmağa başlamaq!
 
Beləliklə, ünvanına göndərilməsi mümkün olmayan bu məktubu yazdıran o möcüzə inamı sarsıtmamaq məqsədi ilə poçt müdiri belə təklif etdi ki, ona  cavab verilsin. Lakin o məktubu açanda aydın oldu ki, ona cavab yazmaq üçün təkcə xeyirxahlıq duyğusu, kağız və mürəkkəb deyil, başqa şeylər də lazım gələcək. Buna baxmayaraq, qərarından dönmədi, işçisindən bir qədər pul istədi, özü də maaşının yarısını qoydu, bir neçə dostunu da “xeyriyyəçilik tədbiri”nə qatılmağa vadar etdi.
 
Yüz pesonun hamısını toplamaq çətin idi, ona görə də fermərə istədiyi pulun yarısından bir qədər çox göndərə bildi. O, pulu zərfin içərisinə qoydu, Lençoya ünvanlayıb ALLAH imzasından ibarət bircə sözlü məktubu yola saldı.
 
Növbəti istirahət günü Lenço məktubunun cavabı ilə maraqlanmaq üçün bir az erkən gəlmişdi. Məktubu ona poçtalyon şəxsən özü verdi. Bu zaman poçt müdiri yaxşı bir iş görmüş adama məxsus məmnunluqla ofisinin qapısından baxırdı.
 
Lenço pulları görəndə zərrə qədər də təəccüblənmədi – o, buna inanırdı – lakin onları sayanda qəzəbləndi... Allah nə səhv edə, nə də Lençonun dilədiyini rədd edə bilərdi.  
 
Lenço kağız və mürəkkəb istəmək üçün dərhal pəncərəyə yaxınlaşdı. O, ümumi masa üstündə, fikirlərini dəqiq ifadə etmək üçün səy göstərdiyinə görə tez-tez qaşlarını çataraq, yazmağa başladı.  
Məktubu bitirib pəncərəyə tərəf getdi, bir marka aldı, yalayaıb yumruq zərbəsi ilə zərfin üstünə yapışdırdı.
 
Məktub poçt qutusuna düşən kimi poçt müdiri onu açmağa getdi. Məktubda yazılmışdı: “Allah, xahiş etdiyim puldan yetmiş peso yetişdi mənə. Çox ehtiyacım olduğu üçün qalanını da göndər. Lakin qalan pulu mənə poçtla göndərmə, çünkü bu poçtun işçiləri kələkbazlar dəstəsidir.
Lenço.”
_____________
 
centavo* (sikkə) -  pul vahidi, qəpik 
peso* - pul vahidi, 100 sentavo

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top